2018-09-11 11:39:40   |   348 dəfə oxunub

Paşinyanın sərsəm bəyanatı müharibə riskini artırır

Onun qeyri-müəyyən siyasəti və açıqlamaları Ermənistan ordusunun növbəti dəfə ordumuz tərəfindən aprel sindromu yaşamasını yaxınlaşdıra bilər


Ötən gün Rusiyaya səfər edən Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə sərsəm bəyanatlar səsləndirib. Moskvada biznes nümayəndələri ilə görüşən baş nazir bəyan edib ki, qondarma Dağlıq Qarabağ Respublikası gələcəkdə Ermənistan ərazisinin tamhüquqlu hissəsi olmalıdır.

Paşinyanın sözlərinə görə, İrəvan Dağlıq Qarabağ ərazisi ilə bağlı mübahisələrdə güzəştə getməyəcək. Baş nazirin fikrincə, bu kontekstdə hər hansı bir güzəşt zəiflik kimi qəbul ediləcək. Paşinyan növbəti dəfə deyib ki, Azərbaycanla ancaq Ermənistanın baş naziri kimi danışıqlar apara bilər. Guya onun Dağlıq Qarabağın adından danışmağa səlahiyyəti yoxdur: 

"Mən baş nazir kimi danışıqlarda Ermənistan adından iştirak edə bilərəm. Lakin Dağlıq Qarabağın adından danışa bilmərəm. Dağlıq Qarabağ xalqı Ermənistanda hakimiyyətin formalaşması prosesində iştirak etmir. Onların öz "hakimiyyəti" və "prezidenti" var". Xatırladaq ki, Paşinyan bu mövqeyini ilk dəfə hakimiyyətə gəlişi zamanı dilə gətirmişdi. Onun bəyanatı Ermənistanın özündə də ciddi təəccüb və tənqidlə qarşılanmışdı. İndi isə Ermənistanın baş naziri deyib ki, onlar kompromislərin mümkünlüyünü müzakirə edə bilərlər. Ancaq bir şərtlə ki, Azərbaycan da kompromislərə hazır olmalıdır: "Tez-tez soruşurlar ki, Ermənistan hansısa kompromisə hazırdırmı? Amma heç kim soruşmur ki, Azərbaycan buna hazırdır?". 

Maraqlıdır, görəsən, düşmən ölkənin baş naziri "Azərbaycan da güzəşt etməlidir" deyəndə nəyi nəzərdə tutur?! Bu arada Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də Paşinyanın münaqişə ilə bağlı açıqlamasına münasibət bildirib. XİN rəsmisi vurğulayıb ki, Ermənistanın baş nazirinin ifadələri beynəlxalq hüququn prinsiplərinə və danışıqlar prosesinə zərbədir: 

"Bununla, baş nazir səviyyəsində Ermənistanın əsl niyyətinin münaqişənin danışıqlar yolu ilə həll edilməsi deyil, Azərbaycan ərazilərinin qanunsuz işğalını davam etdirmək olduğu nümayiş etdirilir. 

Ermənistan rəhbərliyi qəsdən və ya bilməyərəkdən vəziyyətin gərginləşməsinə xidmət edən bu kimi açıqlamanı ATƏT-in Misnk Qrupunun həmsədr ölkələrindən birinin paytaxtında görüş zamanı səsləndirir. Həmçinin, bu açıqlama ATƏT-in Baş katibinin gələn həftə Azərbaycana planlaşdırılan səfəri ərəfəsinə təsadüf edir. Bir daha vurğulamaq istərdik ki, bu kimi açıqlamalarla vəziyyətin gərginləşməsinə görə məsuliyyət tam şəkildə Ermənistan və onun rəhbərliyinin üzərinə düşür".
Analitiklər də hesab edirlər ki, Paşinyanın Moskvada səsləndirdiyi ifadələr heç bir məna kəsb etmir. Çünki bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. 

Bu baxımdan Paşinyanın Dağlıq Qarabağ bölgəsini öz təsəvvüründə Ermənistanın "bir hissəsi" hesab etməsi absurddur. Azərbaycan heç vaxt öz ərazisindən imtina etməyəcək. Hələki sülh danışıqları davam edir, lakin tezliklə ərazilərimiz istənilən yolla işğaldan azad olunacaq və Paşinyanın boşboğazlığı özünə qalacaq. Millət vəkili, politoloq Rasim Musabəyov da bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağın Ermənistana qatılması barədə bəyanatı danışıqlara son qoyulması kimi başa düşülə bilər: "Bu adam əvvəlcə oğlunu Qarabağda qulluq etməyə göndərib, sonra da belə bəyanatla çıxış edirsə, deməli, danışıqlar prosesinin bitdiyini demək istəyir". Politoloq həmçinin vurğulayıb ki, Moskva Paşinyanın belə ehtiyatsız bəyanatını heç də nikbinliklə qəbul etməyib: "Putin və Kremlin Paşinyana və komandasına qarşı onsuz da mehriban olmayan münasibətini nəzərə alaraq demək olar ki, belə bəyanatlar Moskvanın onlara qarşı nifrətini dərinləşdirir".

Nikol Paşinyanın sərsəm açıqlamalarını "Şərq"ə dəyərləndirən Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib ki, erməni baş nazirin Moskvada "Qarabağ Ermənistanın tərkib hissəsidir" söyləməsi və cəbhə xəttində Azərbaycanın hərbi hərəkətliliyinə adekvat cavabın sərt veriləcəyini qeyd etməsi münaqişənin həllində növbəti danışıqları fiaskoya uğradır: 

"Paşinyanın qeyri-müəyyən siyasəti və açıqlamaları Ermənistan ordusunun növbəti dəfə ordumuz tərəfindən aprel sindromu yaşamasını yaxınlaşdıra bilər. Erməni baş nazirin Qarabağ bəyanatı Putinlə görüşün yaxşı keçməməsi ilə bağlıdır. Paşinyan bir növ Bakıya mesaj vermək istəyir ki, Moskva problemin həllində maraqlı deyil. Sirr deyil ki, Putin-Paşinyan görüşü, əsasən Ermənistan daxilində cərəyan edən hadisələrə həsr edilib. 

May ayından bəri forpost Ermənistan Kremlin nəzarətindən çıxmağa çalışır. Moskva Paşinyandan Qarabağ klanına və dostu Robert Koçaryana toxunmamağı, Rusiyaya qarşı kampaniyaya son qoymağı, Ermənistan hərbiçilərinin Suriyaya göndərilməsini tələb edib. Paşinyanın Putinin bu tələblərini tərəddüdsüz yerinə yetirəcəyi, bir müddətdən sonra yenidən anti-Rusiya siyasətini davam etdirəcəyi gözlənilir". 

Ekspertin fikrincə, Nikol Paşinyan gələn il parlament seçkilərinə kimi Putinlə dil tapmağa məcburdur: 

"Amerika səfirinin dirijor çubuğu ilə idarə olunan Paşinyan ölkəsində anti-Rusiya siyasəti aparmaqla, bütövlükdə Moskvanın Cənubi Qafqazda mövqelərinə zərbə vurmaq üçün çalışır. Rusiyanın Ermənistandan çəkilməsi, bu ölkədə qanlı hadisələrin yaşanmasına gətirə bilər. Rusiya Ermənistandan əlini üzərsə, Qarabağ konfliktinin həllində neytral qalacaq. Təbii ki, bu da Azərbaycanın milli təhlükəsizlik maraqlarına cavab verir".

İsmayıl







SON XƏBƏRLƏR

2018-11-21