2018-09-11 11:50:24   |   98 dəfə oxunub

Suriyada qüvvələr nisbəti hələ dəyişməyəcək

Regionda Rusiya, Türkiyə və İran öz maraqlarından əl çəkən deyil



Sentyabrın 7-də Tehranda Türkiyə, Rusiya və İran prezidentləri arasında zirvə görüşü baş tutub. Sammitdə təbii olaraq İdlib bölgəsindəki vəziyyət müzakirə olunub. İdlib Suriya müharibəsinə cəlb olunmuş dövlətlərin siyasi, iqtisadi və hərbi maraqları, həmçinin nəzarətlərində olan qruplaşmalar baxımından, savaşın son hüdudu və kulminasiya nöqtəsidir.

Qeyd edək ki, sammit çərçivəsində tərəflər biri-birlərinə qarşı səmimi görünməyə cəhd etsələr də, görüş zamanı ölkə başçıları müxtəlif məqamları önə çəkiblər. Ərdoğan hər nə qədər diqqəti İdlibdə atəşkəs məsələsinə yönəltmək istəsə də, Putin və Ruhani başqa məsələlərdən danışırdılar.

Putin İdlibdə müxtəlif terror qruplarının olduğunu və onların zərərsizləşdirilməsinin vacibliyini deyib və böhranın ağrısız həll edilməsinin tərəfdarı olduğunu vurğulayıb.

Türkiyə lideri Ərdoğan isə deyib ki, İdlibə hər hansı bir hücum böyük fəlakətə yol açacaq, böyük köç olacaq. O, İdlibdəki bombardmanın dərhal dayandırılmasını istəyib: "Çünki artıq oradan köç başlayıb, bizim sərhədimizə doğru gəlirlər. Bizim artıq qaçqın qəbul etmək limitimiz dolub, biz onları yerləşdirə bilməyəcəyik. Buna bizim nə gücümüz, nə də imkanımız var. Ona görə atəşkəs əldə olunmalı və bundan sonra birgə tədbirlər planı hazırlaya və müvafiq addımlar ata bilərik. Bizim son sözümüz atəşkəsin dərhal həyata keçirilməsidir".

Putin isə cavab olaraq qeyd edib ki, Suriyanın ərazi bütövlüyü tam təmin edilməli və qanuni hakimiyyət bütün ərazilərinə nəzarət etməlidir.

Politoloq Azər Rəşidoğlunun "Şərq"ə açıqlamasına görə, Tehran sammitində İdliblə bağlı Ankara və Moskva arasında yaşanan gərginliyə baxmayaraq Türkiyənin bu mərhələdə Rusiya ilə yaxınlaşma siyasətini davam etdirəcəyi gözlənilir:

 "Həmin kontekstdə Yaxın Şərqdə amerikalıların həyata keçirdiyi siyasətin bir sıra detalları üzərində dayanılaraq, Türkiyəyə zərər yetirəcək elementlərin olduğuna diqqət çəkilir. Əslində, Vaşinqtonun ortaya atdığı "Kürdüstan" amili də İran və Türkiyəni yaxınlaşdırır. Suriyada və bölgədə Ankara və Tehrana qarşı mübarizə aparan bir neçə radikal kürd qruplaşması da mövcuddur. Yəqin ki, burada söhbət İrana qarşı hazırlanmış planların reallaşmağa başlamasından gedir. Deməli, Tehran artıq separatçılıq təhlükəsini öz üzərində hiss etməkdədir. Bu da təbii olaraq ABŞ-ın tərtib etdiyi və Yaxın Şərqdə həyata keçirilməli olan destruktiv planlarına qarşı region dövlətləri ilə əməkdaşlığı zəruri edir. Nəzərə alaq ki, Türkiyə də kürd separatizmindən əziyyət çəkir. İrandan fərqli olaraq bu ölkə uzun illərdir ki, aktiv surətdə terror məkanına çevrilib və burada əsas rolu kürd qruplaşmaları oynayır. İranla Türkiyə bu cür destruktiv fəaliyyətə qarşı birləşməkdən başqa yolları qalmır. Rusiyanın həmin məsələdə İranla Türkiyənin yanında olması mümkündür. Ən azından ona görə ki, burada ABŞ-ın planlarının pozulmasından söhbət gedir".

Hazırda regionda fəaliyyət göstərən əsas terror qruplarının Vaşinqton və onun yaxın müttəfiqləri tərəfindən idarə edildiyi barədə yayılan informasiyalara diqqət çəkən politoloq hesab edir ki, bütün bunlar Suriya məsələsində qüvvələr nisbətinin dəyişməsindən xəbər verir? Bu nəticəni çıxarmağa xeyli əsas vardır: "Lakin unutmaq olmaz ki, Türkiyə təhlükəsizlik və müdafiə sahəsində Qərbə çox inteqrasiya olunub. Onun tamamilə həmin sistemdən aralanması ilk növbədə özünün milli maraqlarına uyğun deyil. Çətin ki, Tehran və Moskva da Ankaradan bunu tələb etsin. Burada əsas məqam ondan ibarətdir ki, illərdir Vaşinqtonun Yaxın Şərqdə apardığı geosiyasi oyunlara son qoyulsun. Yerli xalqları biri-birinə düşmən edib, məzhəb savaşını alovlandırmaqla qlobal təhlükəsizlik üçün də ciddi təhdidlər yaradılır".

Kürd separatçılarının bölgənin əksər xalqları ilə düşmən vəziyyətində olduğunu xatırladan A.Rəşidoğlunun sözlərinə görə, bu amil müstəqil dövlət quruculuğuna aparan yolda ən böyük əngəldir: 

"Bu kontekstdə Rusiya, İran və Türkiyə əməkdaşlığı hər üç dövlətə faydalıdır. Eyni zamanda, Yaxın Şərq kimi böyük və əhəmiyyətli regionun təhlükəsizliyi naminə vacib addımdır. Lakin bu məsələdə də hər bir ölkə öz maraqlarından çıxış etməlidir. PKK terrorçuları ABŞ-ın dəstəyi ilə Suriyanın ən əhəmiyyətli torpaqlarına yiyələniblər. Terrorçular həmin ərazilərdə olan neft bölgələrinə nəzarət edirlər. Əgər strateji əhəmiyyətdən söhbət gedirsə, onda Suriya rejiminin ordusu İdlib əvəzinə, PKK və PYD güclərinə qarşı vuruşmalıdır. Çünki bölgə üçün ən böyük təhlükə məhz kürd terrorçulardı. Kürd terrorizmi artıq bütün bölgənin baş ağrısına çevrilib. Ankara artıq dolayısı ilə bəyan edib ki, onun maraqları nəzərə alınmasa, İdlibdə açıq hərbi əməliyyatlara başlaya bilər. Bu isə Ankara və Moskva münasibətlərində yeni gərginlik anlamına gəlir".

Şəymən







SON XƏBƏRLƏR

2018-11-18
2018-11-17