2018-09-11 11:52:36   |   840 dəfə oxunub

Qəşəm Nəcəfzadə Murad Köhnəqalanı dəstəklədi

“Nə olar, bir dəfə də uşaq ədəbiyyatının çapına pul ayırsınlar"

“Murad hesab nömrəsi aça bilər. Kimin imkanı var, o, hesab nömrəsinə pul köçürsün, kitab nəşr edildikdə də kitab sahibi olsun"



Şair, yazıçı Murad Köhnəqala uşaqlar üçün hazırladığı povest və hekayələrdən ibarət kitabının çap olunması üçün maddi vəsaitin olmamasından gileylənib. Sosial şəbəkədə paylaşdığı müraciətində Köhnəqala yazır:

"Avqustun 19-da yazdığım müraciəti təkrar paylaşıram. Bilirsiniz ki, Azərbaycanda uşaq ədəbiyyatının hazırkı durumu ürəkaçan deyil. Ədəbiyyatımızın bu öləzimiş qolunu dirçəltmək biz yazarların üzərinə düşür. 

Balacaların mənəvi-estetik dünyasını zənginləşdirmək məqsədilə povest və hekayələrdən ibarət kitabımı çapa hazırlamışam. Bu müraciət vasitəsilə imkanlı iş adamlarına və qurumlara səslənirəm; Uşaqlarımız üçün əsər yazıb kitab hazırlamaq zəhmətini mən çəkmişəm. Xahiş edirəm, kitabın çapına maddi dəstək göstərəsiniz".

Qeyd edək ki, Murad Köhnəqalanın müraciətini dəstəkləyənlər - hələ ki, sözlə, çoxdur. Sosial şəbəkə istifadəçiləri uşaqlar üçün hekayə, povest kitablarının çap olunmasının zəruriliyini yazırlar. 

Köhnəqalanın təşəbbüsünü bəyənirlər. Feysbuk istifadəçilərindən biri yazır ki, "bu iş üçün 2500-3000 manat lazımdı". Murad Köhnəqala isə mənəvi dəstək olanlara təşəkkür edib və bunu da yazıb: "Gözləyirəm, görək ölkədə xeyirxah bir iş adamı çıxacaqmı?"

Həqiqətən də kitaba, fərqi yoxdur, böyüklər üçündü, ya uşaqlar üçün, pul sərf etməyi lüzumsuz sayıb, əvəzində hər gün hoppanıb efirlərə çıxan müğənniciklərə, meyxanaçılara, şou-biznes əhlinə sponsorluq etməyi, bahalı avtomobil, villa bağışlamağı kişilik nümunəsi hesab edənlərimiz var, nə yazıq ki!..

Murad Köhnəqalanın təşəbbüsü ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin Uşaq ədəbiyyatı bölməsinin rəhbəri Qəşəm Nəcəfzadəyə müraciət etdik. Q.Nəcəfzadə M.Köhnəqalanın təşəbbüsünü alqışladığını dedi:

- Murad Köhnəqala istedadlı yazardır, gözəl şeirləri, hekayələri var. Mən həm də "Azərbaycan" jurnalının poeziya şöbəsinin müdiriyəm, M.Köhnəqala şeirlərini bir neçə dəfə bizə təqdim edib, çap etmişik. Mən Muradın təşəbbüsünü də, müraciətini alqışlayıram. Fikrimcə, Murad hesab nömrəsi aça bilər. Kimin imkanı var, o, hesab nömrəsinə pul köçürsün, kitab nəşr edildikdə də kitab sahibi olsun. Bu, bir üsuldur. Xeyriyyəçi insanlar da maddi köməklik göstərə bilər. Başqa üsullar da var. Məsələn, mən bir neçə dəfə Türkiyədə olmuşam və görmüşəm ki, orada bələdiyyələr bu səpkili işlərə böyük dəstək verir, kitab nəşrlərini, poeziya bayramlarının keçirilməsini maliyyələşdirirlər. Amma bizdə bələdiyyələrdən bunu gözləmək, əlbəttə, absurd görünür.

Bəs, AYB-nin M.Köhnəqalanın hekayə və povestlər kitabını nəşr etdirmək gücü yoxdurmu?
Q.Nəcəfzadə AYB-nin belə bir imkana sahib olmadığını dedi:

- AYB-yə belə kitablar üçün pul ayrılmır. AYB-nin elə maddi imkanı yoxdu ki, kitab çap eləsin. AYB-nin mətbu orqanları Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun ayırdığı maliyyə yardımı ilə nəşr olunur. Bundan başqa, AYB-yə dövlət büdcəsindən müəyyən məbləğdə dotasiya ayrılır. Lakin bu, kitab nəşrləri üçün kifayət etmir. Bir neçə il əvvəl mənim "Uşaq Antologiyası" kitabım AYB-nin sədri Anarın şəxsi maddi köməyi ilə çap olundu. Yəni AYB-nin bir manat pulu yoxdu ki, kitab çapına ayırsın. Mən bunu bilirəm. Baxın, ölkədə məhz ədəbi istiqamətdə qeydiyyatdan keçmiş az qala 200-ə yaxın qeyri-hökumət təşkilatı var. Onlara maddi vəsait ayrılır. Nə olar, bir dəfə də uşaq ədəbiyyatının çapına pul ayırsınlar. Hər şeyə pul ayıra bilirlər, uşaq ədəbiyyatına yox?!.

Məlahət Rzayeva







SON XƏBƏRLƏR

2018-11-21