2018-09-11 12:08:46   |   592 dəfə oxunub

Qafqaz İslam Ordusu Bakını çox böyük çətinliklə azad etdi

Şəmistan Nəzirli: “Əgər Nuru Paşa şəhərə girməsəydi, Bakını daha faciəli aqibət gözləyirdi"


Sentyabr ayının 15-də Bakının bolşeviklərdən və erməni daşnaklarından azad edilməsinin yüz ili tamam olur. Yüzilliklə əlaqədar ölkədə bir sıra tədbirlərin və beynəlxalq elmi konfransların keçirilməsi planlaşdırılır. Tədbirlər çərçivəsində paytaxtda hərbi parad da təşkil ediləcək. Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə əlaqədar keçiriləcək paradın hazırlıqları davam etdirilir.

Parad hazırlığına Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər qurumların müvafiq strukturlarının şəxsi heyəti və minik vasitələri cəlb edilib. Ssenariyə əsasən, atlı dəstələr Bakının küçələrindən Azərbaycan və Türkiyə bayraqlarının öndərliyi ilə, 100 il bundan əvvəl Azərbaycan və Osmanlı ordusunun hərbi geyimlərində, süvari və piyada ordu şəklində keçəcəklər. Tədbirdə iştirak etmək üçün Türkiyədən "İstanbul Türkiyə-Azərbaycan Dərnəyi"nin sədri Səfər Karakoyunlunun rəhbərliyi ilə bir qrup nümayəndə heyəti ölkəmizə səfər edəcək. Səfər çərçivəsində nümayəndə heyəti Bakıda Türk Şəhidliyini ziyarət edəcək və yubiley tədbirlərinə qatılacaq. Həmçinin, qardaş ölkədən gələn nümayəndə heyəti azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin təşkilatçılığı ilə Salyan rayonunda keçiriləcək tədbirlərdə də iştirak edəcəklər. 

Bu arada vurğulayaq ki, sentyabrın 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə Azərbaycana səfərə gələcək. Ehtimallara görə, Türkiyə liderinin budəfəki səfəri Bakının bolşevik-daşnak silahlı birləşmələrindən azad edilməsinin 100 illiyi ilə bağlıdır. Xatırlatmaq yerinə düşər ki, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad ediblər. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Ona görə də paytaxtımızın qurtuluş günü sayılan 15 sentyabr müstəqillik tariximizin şərəfli və şanlı hadisəsi kimi qeyd olunur.

Hərbi jurnalist, araşdırmaçı-yazar, polkovnik-leytenant Şəmistan Nəzirli 15 sentyabr gününə özəl hərbi parad təşkil olunmasını böyük sevinclə qarşılayıb. Tarixçi "Şərq"ə açıqlamasında paradın təqdirəlayiq addım olduğunu bildirib: 

"Çox sevindim, lap yaxşı ediblər, hamını bu münasibətlə təbrik edirəm. Bilirsiz, mən Nuru Paşa haqqında çox yazmışam. 1991-ci ildə "Nuru Paşanın Qafqaz yürüşü"nü qələmə almışam. Ordunun hansı marşrutla Qazaxa gəlməsini, oradan Naxçıvana necə keçməsini, Gəncəyə hansı yolla daxil olmasını ətraflı şəkildə işıqlandırmışam. Qafqaz İslam Ordusu Bakını çox böyük çətinliklə azad etdi. Yayın qızmar istisində min-bir əziyyətlə Şirvan-Muğan düzünü keçib gələn türk ordusu böyük qəhrəmanlıqlara imza atdı. Əgər Qafqaz İslam Ordusunun əsgərləri Bakını işğaldan azad etməsəydi, bolşevik-daşnak və eser-menşevik qoşunları bütün əhalini Xəzər dənizinə tökəcəkdi. Böyük soyqırımlar hazırlayacaq, uşaq, qadın, yaşlı demədən hamını məhv edəcəkdilər. Onsuz da bunları edirdilər. Əgər Nuru Paşa şəhərə girməsəydi, Bakını daha faciəli aqibət gözləyirdi. Qafqaz İslam Ordusu Bakını vaxtında almasaydı, Azərbaycan Xalq Cümhuriyyəti deyə bir dövlət olmazdı. Həmin dövrdə bizə qardaş köməyi hava, su kimi lazım idi. Erməni qaniçən Şaumyanın ən böyük arzusu Bakını erməni şəhərinə çevirmək və paytaxtımızı Rusiyanın bir vilayətinə döndərmək idi. Ona görə də hər vəchlə türk ordusunu Bakıya buraxmamağa çalışırdılar. Lakin Qafqaz İslam Ordusunun əsgərləri paytaxta girməyə nail oldular və şəhəri təmizlədilər".

Araşdırmaçı bəyan edib ki, tarixi məsələlərdə birtərəfli danışmaq olmaz: 

"Nuru Paşanın rəhbərlik etdiyi ordunun içində xeyli Azərbaycan türkü var idi. Onlar da vuruşublar, qəhrəmanlıq göstəriblər. General Əliağa Şıxlınski, həmin vaxt polkovnik olan Həmid bəy Səlimov və yüzlərlə zabitimiz bu qələbədə böyük rol oynayıblar. Təsadüfi deyil ki, Nuru Paşa "Məcidiyyə" ordeni ilə Azərbaycan hərbiçilərini təltif edib. O zaman polkovnik olan, daha sonra general rütbəsinə yüksələn Cavad bəy Şıxlınski "Məcidiyyə" Ordeninə layiq görülüb. Yəni bizim öz qoşunlarımız, Əlahiddə Müsəlman Korpusumuz var idi. Əli silah tutanların hamısı Qafqaz İslam Ordusunun tərkibində vuruşurdu. 6000 minə yaxın azərbaycanlı Nuru Paşanın və Əliağa Şıxlınskinin komandanlığı altında döyüşüb. Onların içərisindən nə qədər adam şəhid olub. Bunları da demək lazımdır".

İsmayıl







SON XƏBƏRLƏR

2018-11-19
2018-11-18