2018-09-11 12:12:10   |   306 dəfə oxunub

Avropadan şad xəbər gəldi

Azərbaycanlı bacılar İsveçdə deputat seçildilər



Dünən İsveçdə baş tutan parlament seçkilərində Aylin Fazelian Sosial-Demokrat Partiyasından İsveç parlamentinə, bacısı, 34 yaşlı Ayda Kərimli isə Mərkəz Partiyasından əyalət millət vəkili seçiliblər. Bu barədə Azərbaycan mediasını diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk məlumatlandırıb.

26 yaşlı siyasətçi Aylin 14 yaşından Sosial-Demokrat Partiyasının fəalıdır. O, 22 yaşında əyalət parlamentinin üzvü seçilib. 4 il ərzində partiyanın Qadınlar Təşkilatının idarə heyətinin ən gənc üzvü olub. Partiyanın qadınlar üzrə beynəlxalq təmsilçisidir. Aylin Fazelian 11 bələdiyyə tərəfindən seçki vərəqəsində ikinci namizəd olub.

Maraqlıdır, azərbaycanlı bacıların İsveç parlamentində təmsil olunması Azərbaycan-İsveç əməkdaşlığına nə kimi töhfə verə bilər?

İsveçdə fəaliyyət göstərən "Azərbaycan naminə" Cəmiyyətinin sədri Nadir Hollenbrand "Şərq"ə açıqlamasında azərbaycanlı xanımların İsveçdə millət vəkili seçilməsinin sevindirici hal olduğunu deyib: "Bildiyiniz kimi, bacılardan biri İsveç parlamentinə deputat seçilib. Ayda Kərimli isə yaşadığı şəhərdə millət vəkili seçilib".
N.Hollenbrand hesab edir ki, İsveç parlamentində Azərbaycanın maraqlarının müdafiəsi, Azərbaycan həqiqətlərinin çatdırılması istiqamətində hansısa işlərin görülüb-görülməyəcəyini şərh etmək üçün çox tezdir: "Aylin xanım İsveç parlamentinə yenicə seçilib. Ola bilsin ki, tam yerləşdikdən sonra Azərbaycanın maraqları üçün nəsə edə bildi".

N.Hollenbrandın sözlərinə görə, İsveçdə millət vəkili seçilən bacılar İrandan gələn azərbaycanlının övladıdır və onların valideynləri Azərbaycanı sevən insanlardır.

Siyasi elmlər namizədi, politoloq Zaur Məmmədov isə hesab edir ki, xarici ölkələrin icraedici və ya qanunverici hakimiyyətlərində nə qədər çox azərbaycanlı təmsil olunarsa, bu, bizim üçün bir o qədər təqdirəlayiq haldır: 

"Bu xanımlar uzun illərdir İsveçdə diaspora fəaliyyəti ilə də məşğul olurdular. Digər ikitərəfli münasibətlərdə olduğu kimi İsveç-Azərbaycan münasibətləri də təkcə rəsmi münasibətlərdən deyil, həm də daha aşağı səviyyədə, diasporalar, vətəndaş cəmiyyətləri arasında olan münasibətlərdən də asılıdır. Biz çalışmalıyıq ki, vahid strategiya əsasında həmyerlilərimizin müxtəlif ölkələrdə siyasi və iqtisadi sahələrdə irəliyə çəkilmələrinə nail olaq. Bu, olduqca önəmlidir".

Şəymən







SON XƏBƏRLƏR

2018-11-21
2018-11-20