2018-09-11 12:23:37   |   122 dəfə oxunub

Vətəndaşların mülkiyyət hüququ tanınmalıdır

Sənədsiz evlər məsələsini birdəfəlik həll etmək lazımdır




Bakıda və Abşeron rayonu ərazisində kənd təsərrüfatı təyinatlı olan torpaqlarda tikilmiş və sahibləri bu günə qədər mülkiyyət hüquqları əldə etməmiş fərdi evlərlə bağlı araşdırmalar aparılıb.
Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktoru Mohuma Heraçiyev KİV-ə açıqlamasında bildirib ki, ən pis vəziyyət Bakıda Abşeron rayonunun idarəçiliyində olan torpaqlardadır:

"Burada böyük yaşayış massivləri formalaşıb və insanlar öz yaşadıqları əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatını apara bilmirlər. Bu da bir çox problemlərlə nəticələnir. Həmin məsələ ilə bağlı ƏMDK-nın mövqeyi ondan ibarətdir ki, əgər həmin ərazidə artıq yaşayış məntəqəsi formalaşıbsa, insanlar yaşayırsa, məktəb, uşaq bağçası tikilibsə, yollar çəkilibsə, torpaqların geri qaytarılması iqtisadi cəhətdən səmərə vermirsə, hesab edirik ki, bu torpaqların kateqoriyası dəyişdirilməlidir. Amma bir şərtlə ki, gələcəkdə qanunsuz tikintilərin aparılması, yaşayış massivlərinin salınması kimi hallar təkrarlanmasın. Yəqin ki, qısa dövr ərzində həmin torpaqların təyinatının dəyişdirilməsi ilə bağlı addımlar atılacaq".

Qeyd edək ki, qanunsuz zəbt olunmuş, həmçinin istifadəsiz torpaqlarla bağlı son illər ciddi iş aparılmağa başlanıb. İstifadəsiz qalan torpaqların kənd təsərrüfatına yönəldilməsi ən məqbul variant sayılır. Lakin qanunsuz zəbt edilmiş, sənəd olmadan tikilmiş yaşayış evləri ilə bağlı fərqli situasiyadır. İnsanlar hətta müvafiq sənədləri olmasa belə, ərazinin onlara məxsusluğunda israr edirlər. Belədə vəziyyət gərginləşir.

Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi nümayəndəsinin sənədsiz evlərlə bağlı belə bir izah verməsi isə nigaranlıq içində olan vətəndaşları xeyli sakitləşdirə bilər.

Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev də "Şərq"ə açıqlamasında sözügedən komitənin mövqeyinin doğru olduğunu bildirdi:

- Sənədsiz evlər problemi uzun illər müzakirə olundu, nəhayət, hesab edirəm ki, ən doğru qərar verilir. İnsanlar illərdir o ərazilərdə yaşayır, kommunal xidmət haqqı ödəyirlərsə, bu, artıq onların mülkiyyəti hesab olunur. İstifadəsiz torpaq anlayışı başqadır, sənədsiz evlər məsələsi başqa. İstifadəsiz torpaq, mümkün qədər olmamalıdır. Hansı torpaqda ki, əkib-becərmək, məhsul əldə etmək, iqtisadi, sənaye məqsədilə istifadə etmək olar, onlar dövlət ehtiyacları üçün alına bilər. Bu zaman da orada məskunlaşmış əhaliyə dövlətimiz kompensasiya ödəyir. Hansı ərazilər ki, kənd təsərrüfatı üçün yararsızdır, onları sənayeyə yönləndirmək tutarlı bir mənfəət gətirməyəcək, üstəlik, həmin ərazilər yaşayış massivi kimi artıq formalaşıb, onları vətəndaşların mülkiyyəti kimi sənədləşdirmək əlbəttə, daha doğru qərardır.

Ümumiyyətlə, kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadəyə ciddi yanaşılmalıdır. Bir çox hallarda əkinə yararlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilir. Torpaqlar ya istifadəsiz saxlanılır, ya da təyinatına uyğun olmayan şəkildə istifadə edilir. Bunların qarşısı ciddi alınmalıdır. Amma söhbət iqtisadi cəhətdən səmərə verməyəcək torpaqlardan gedirsə, niyə dövlət ziyana düşməlidir? 

Ən optimal variant sənədləşmə işini başladıb, sona çatdırıb vətəndaşların mülkiyyət hüquqlarını tanımaqdır. Çünki bir çox hallarda vətəndaşlar məhz mülkiyyət sənədləri olmadığı, qeydiyyatları aparılmadığından problemlərlə üzləşirlər. Uşaqların məktəbə yazdırılması, poliklinika qeydiyyatına alınması, nəinki uşaqlar, böyüklər də bundan əziyyət çəkir. Hansısa idarəyə sənəd təqdim edə bilmirlər. Hüquqi boşluq yaranır. 

Məncə, ən düzgün seçim səmərəsiz torpaqların orada məskunlaşmış vətəndaşların adına sənədləşməsi, torpaqların təyinatının dəyişdirilməsidir. Amma belə hal, kimlərəsə gələcəkdə əraziləri qanunsuz zəbt etmək üçün fürsət kimi görünməsin. Qeyri-qanuni məskunlaşmanın qarşısı yerli icra orqanları tərəfindən alınmalıdır.

Məlahət Rzayeva








SON XƏBƏRLƏR

2018-11-22
2018-11-21