2018-09-11 12:30:48   |   144 dəfə oxunub

İsa Həbibbəyli Dil Komissiyasına müraciətə CAVAB VERDİ: “Yekun iclas keçiriləcək”


"Azərbaycan dilinin Orfoqrafiya qaydalarına nəzərdə tutulan dəyişikliklərlə əlaqədar yekun iclasın keçirilməsi yalnız Orfoqrafiya Komissiyası üzvlərinin iyun-avqust aylarında yay tətilində olması ilə əlaqədardır. Artıq Komissiya üzvlərinin əksəriyyəti iş başındadır. Bu günlərdə Orfoqrafiya Komissiyasının iclasında Orfoqrafiya qaydaları müzakirəyə çıxarılacaq və bu məsələyə yekun vurulacaq. Ona görə də hələlik qaydalarla əlaqədar komissiya iclasının keçirilmədiyi, müzakirələrin aparılmadığı və hər hansı bir qərarın qəbul edilmədiyi halda mətbuat vasitəsilə cəmiyyətdə bu barədə ajotaj xarakterli rəylər yaratmaq, narahatlıq ifadə etmək halları obyektiv reallıqları ifadə etmir, bəzi hallarda hətta təzyiq kimi səslənir.”.

Bu açıqlamanı Modern.az-a Azərbaycan Milli Elmlər Akademiyasının Ofoqrafiya Komissiyasının sədr müavini, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli verib.

Akademik bildirib ki, Azərbaycan Respublikası Dövlət Dil Komissiyasına edilmiş müraciətdə ifadə olunan fikirlər, irəli sürülən təfliklər Orfoqrafiya Komissiyasında ölkəmizin nüfuzlu dilçi alimləri tərəfindən diqqətlə nəzərdən keçiriləcək və qərarların qəbul edilməsi zamanı ictimai rəy də əsas arqumentlərdən biri kimi nəzərə alınacaq.

"Çünki Orfoqrafiya Komissiyasında yaxşı başa düşülür ki, Azərbaycan dili təkcə elm adamlarının, yaxud dilçi alimlərin yox, bütövlükdə Azərbaycan xalqının milli sərvətidir. Müraciətdə bir neçə dəfə «xüsusilə 37-ci maddə» formatında vurğulanmış mülahizələrdəki narahatlığın səbəbləri bəlli olsa da, ümumiyyətlə «Qaydalar»dakı bəzi müddəalarının hələlik vaxtı çatmamış və ya Azərbaycan dilinin qrammatikasında ikili münasibət doğuran hallar kimi nəzərdən keçirilməsi tələb olunur.

Dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan dilinin Orfoqrafiya qaydaları üçün əsas prinsip – azərbaycançılıq təlimidir. «Azərbaycan dilinin orfoqrafiya qaydaları» adlanan layihədə başqa meyllər axtarmaq tam məntiqsizdir, süni şəkildə çaşqınlıq yaratmaq məqsədi daşıyır.

Bütövlükdə 2018-ci ildə Orfoqrafiya qaydaları ətrafında aparılmış səkkiz aydan çox davam edən müzakirələr geniş mənada ictimai və humanitar elmlərin, xüsusən də dilçilik elminin inkişafı üçün faydalıdır. Elm tariximizdə bu qədər aktiv, ardıcıl, cəmiyyətin ən müxtəlif təbəqələrinin yaxından iştirak etdiyi müzakirələr nadir hallarda baş vermişdir. 

Bu, müstəqillik qazanmış ölkəmizdə dövlət dilinə – ana dilinə olan böyük marağın, milli təəssübkeşliyin, vətəndaşlıq missiyasının aydın təzahürüdür. Orfoqrafiya Komissiyası qarşısında duran vəzifənin məsuliyyətini dərindən başa düşür, bu məsul işlə əlaqədar fikir və mülahizələrini bildirmiş bütün şəxslərə dərin hörmət və ehtiramını bildirir. Heç şübhə ola bilməz ki, qəbul ediləcək qərarlar da ilk növbədə Azərbaycan xalqının milli mənafeyinə və dövlətçilik maraqlarına, eyni zamanda ictimai rəydəki narahatlığın aradan qaldırılmasına və dilçilik elminin inkişafına xidmət edəcək”.







SON XƏBƏRLƏR

2018-11-20