2018-09-11 12:38:34   |   122 dəfə oxunub

Sifilis xəstələrinin sayı artıb

Bu virus əsasən cinsi yolla keçir



Azərbaycanda sifilis diaqnozu qoyulmuş xəstələrin sayı artıb.
Trend-in statistik məlumatlara istinadən apardığı təhlillərə əsasən, ötən il müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan sifilislə xəstələnənlərin sayı 2394, 2016-cı ildə 1587, 2005-ci ildə 547 nəfər olub. Keçən il əhalinin hər 100 000 nəfərinə düşən ilk dəfə sifilis diaqnozu qoyulanların sayı 9,9 nəfər olub.

Azərbaycanda ilk dəfə sifilis diaqnozu qoyulanların da sayı artıb. 2017-ci ildə ilk dəfə qoyulmuş sifilis diaqnozu ilə qeydə alınmış xəstələrin sayı 967 nəfər olub. Bu göstərici 2016-cı ildə 907, 2015-ci ildə 560, 2005-ci ildə 222 olub.

Sifilis diaqnozu qoyulanların çoxu kişilər olur.

Qeyd edilir ki, Səhiyyə Nazirliyinin baş dermatoveneroloqu, Azərbaycan Tibb Universitetinin dermatovenerologiya kafedrasının müdiri, tibb üzrə elmlər doktoru, professor Zülfüqar Fərəcov bir müddət əvvəl Trend-ə verdiyi açıqlamasında ümumilikdə son illər ərzində bütün dəri-zöhrəvi xəstəliklərinə, o cümlədən cinsi yolla keçən xəstəliklərə yoluxma sayında artımın müşahidə edildiyini söyləyib. O, zöhrəvi xəstəliklərə kişilər arasında daha çox rast gəlindiyini, bu xəstəliklərin əsasən reproduktiv yaş dövründə olan - 50 yaşadək olan kişilərdə müşahidə olunduğunu açıqlamışdı.
Z.Fərəcovun sözlərinə görə, əksər hallarda yaydan sonrakı aylarda cinsi yolla yayılan xəstəliklərə yoluxanların sayında artım müşahidə edilir.
Ölkənin baş mütəxəssisi payız aylarında belə xəstələrin sayının artmasının səbəbini yay aylarında istirahətə gedən insanların həmin yerlərdə cinsi yolla keçən xəstəliklərə yoluxması ilə izah edib.

Sevgi xəstəliyi?

Sifilis haqqında diqqət çəkən məlumatlar var. Sifilis yoluxucu zöhrəvi xəstəlik hesab edilir və onun gedişatında dərinin, selikli qişaların, daxili orqanların, sümük və sinir sisteminin zədələnməsi müşahidə olunur. Xəstəliyin törədicisi qıvrım sapşəkilli, solğun treponema (treponema pallidum) yarımnövündən olan spiraxetalardır (lat. spirochaetales). Onlar çox asanlıqla dəridə, selikli qişalarda olan kiçik zədələrdən toxumalara daxil olur.

Qədimdən sifilis xəstəliyi öz xüsusiyyətinə görə - "alman", "fransız" xəstəliyi kimi tanınırdı. Xəstəlik haqqında ilk yazılı məlumat 1530-cu ildə Paduan universitetinin həkimi Ciralomo Frakastro (1483-1553) tərəfindən yazılmış "Sifilis və ya Qalliya xəstəliyi" poemasında verilir. Poema mifoloji süjetə malikdir. Sifilis (yun.- donuz, - həvəskar) adlı sadə bir donuzçu Tanrıya meydan oxuyur ki, yerdəki tanrılar Olimp tanrılarından daha üstündürlər. Göy Tanrıları bunun üstündə onu ağır azara salırlar ki, bu azar da onun adı ilə "Sifilis" adlandırılmağa başlanır. Daha sonra bu "çoxmillətli xəstəlik" yoluxucu olduğu üçün "lues" adlandırılıb.

Bu xəstəlik ən çox cinsi əlaqə yolu ilə yoluxduğundan onu (eləcə də cinsi əlaqə ilə yoluxdurulan başqa xəstəlikləri) zöhrəvi xəstəlik adlandırırlar. Bu əslində, sevgi xəstəliyi deməkdir, çünki Zöhrə qədim mifologiyada sevgi ilahəsidir.

Sifilis, süzənək, yumşaq şankr, qasıq limfaqrapulomatozu (dördüncü zöhrəvi xəstəlik), donovanoz (beşinci zöhrəvi xəstəlik) və nəhayət, son vaxtlar aşkar edilmiş QİÇS (qazanılmış immun çatışmazlıq sindromu) xəstəlikləri ən çox cinsi əlaqə vasitəsilə yoluxur. Cinsi təmas yolu ilə sidik yollarından yoluxub pozulma əmələ gətirən xəstəliklərdən trixomoniazı, sidik-cinsiyyət xladimiozunu da xüsusilə qeyd etmək lazımdır. Bundan əlavə nedikulyoz (bitliliyin müxtəlif formaları, xüsusilə qasıq bitləri), qoturluq, kandilomalar və s. yoluxa bilər. Zöhrəvi xəstəliklərə adətən əxlaq qanunlarını pozaraq təsadüfi cinsi əlaqələrdə olan şəxslər yoluxurlar. Zöhrəvi xəstəliklərə yoluxmaqda alkoqolun da rolu böyükdür. Tədqiqatlarla müəyyən olunub ki, zöhrəvi xəstəliyə tutulanların 80 faizdən çoxu məhz sərxoş vəziyyətdə yoluxub. Çünki sərxoş olan adamda qorxu, ehtiyat hissləri unudulur və seksual tələbatını təcili surətdə yerinə yetirmək istəyi yaranır ki, bu zaman da o, müqabil tərəfin kim olduğuna əhəmiyyət vermədən onunla cinsi əlaqədə olaraq zöhrəvi xəstəliyə yoluxur.

Sifilis - həm də məişət xəstəliyi

Sağlam şəxsin sifilisə yoluxması adətən xəstəlik əlamətləri olan şəxslə birbaşa təması (cinsi əlaqə, öpüşmək və s.), bəzən xəstənin istifadə etdiyi müxtəlif əşyalar vasitəsilə, başqasının uşağına döşlə süd verməklə, bir papirosun bir neçə şəxs tərəfindən çəkilməsilə, tibbi müdaxilələrlə, müxtəlif dini adətlərlə (ziyarətə gələnlərin dini surətləri, mehrabları, bütləri öpmələr ilə) baş verir. Sifilisin cinsi əlaqədən kənar yolla yoluxmuş forması "məişət sifilisi" adlanır. Qaynadılmamış alətlərlə uşaqlıq güzgüləri, diş müalicəsində işlədilən alətlər və s. vasitəsilə də sifilis yoluxması baş verə bilər. Yoluxma yollarından biri də dölün ana bətnində yoluxmasıdır. Bu xəstəliyi keçirənlərdə sifilisə qarşı immunitet yaranmır və həmin şəxs təkrar olaraq sifilisə yoluxa bilir. Sifilis xəstəliyinin klinik gedişi biri-birini əvəz edən üç əsas dövrə bölünür. Bütün yoluxucu xəstəliklər kimi sifilisin də gizli dövrü olur. Bu dövr adətən 3-4 həftə, bəzən 9-11 gün, bəzən də 92 günə qədər ola bilər. Gizli dövrdə aparılan müalicə xəstəliyin inkişafını dayandırır, müalicəsinin daha təsirli olmasına və xəstənin tamamilə sağalmasına şərait yaradır. Elə buna görə cinsi əlaqədə və yaxud yaxın təmasda olduğu şəxsin sifilislə xəstə olduğunu bildikdə təcili surətdə müalicəyə başlamaq üçün həkim-dermatoveneroloqa müraciət etmək lazımdır.

Risk qruplarına qoruyucular paylanır

"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova "Şərq"ə açıqlamasında insan alveri qurbanları arasında sifilis xəstəliyinə çox az rast gəlindiyini bildirdi:

- "Təmiz Dünya" sığınacağına müraciət edənlər arasında daha çox məişət zorakılığı qurbanlarıdır. Amma insan alveri qurbanları da olur. Bu kateqoriya qurbanlar arasında sifilis xəstəliyinə tək-tük rast gəlinir. Əvvəlki illərdə daha çox olurdu. Hesab edirəm ki, insan alveri qurbanları arasında sifilis xəstəliyinə az rast gəlinməsinin əsas səbəbi Səhiyyə Nazirliyi xətti ilə həyata keçirilən "seks xidməti göstərən qadınlar arasında zərərin azaldılması" proqramıdır. Bu proqram çərçivəsində bir neçə hədəf qrupları - məsələn, narkotik istifadəçiləri, transseksuallar, QİÇS xəstələri, həmçinin seks xidməti göstərən qadınlara qoruyucuların paylanmasıdır.

 Seks xidməti göstərən qadınların toplaşdığı məntəqələri aşkarlayan xüsusi "autreç" (italyan dilində küçədə işləyən qadın deməkdir - M.Z.) qruplar var. Qrup üzvləri belə qadınlara qoruyucu vasitələr paylayır. Proqrama həmçinin minimal və maksimal paketlər daxildir. Minimal paketdə qoruyucuların paylanması, maarifləndirici söhbətlər, qan analizlərinə cəlb etmək və s. daxildir. Səyyar avtomobillərlə məntəqələrə gedilir və risk qrupuna aid şəxslərdən qan nümunələrinin alınması və analizə verilməsi təmin edilir. Maksimal paket isə artıq həyatını, yaşayışını, "peşəsini" dəyişmək istəyənlərə yardım etməkdir. Həmçinin, xəstəliyə yoluxanların xəstəxanaya yerləşdirilməsi işi də aparılır.

M.Zeynalova qeyd etdi ki, sifilis xəstəliyinə yoluxanlar arasında səyahətə çıxanların çox olması, əslində, bu insanların davranışları ilə bağlıdır:

- Əgər bir adam səyahətə ölkələrlə, maraqlı yerlərlə tanış olub əlavə biliklər əldə etmək, dünyagörüşünü artırmaq yox, təsadüfi cinsi əlaqə qurmaq üçün gedirsə, bu şəxsin davranışları xəstəlikdən daha təhlükəlidir. Xəstəlik müalicə olunur, xəstə təxəyyülləri müalicə etmək isə olduqca çətindir.

Məlahət Rzayeva







SON XƏBƏRLƏR

2018-09-24
2018-09-23