2018-09-11 12:44:37   |   501 dəfə oxunub

“Rejissorun professionallığına arxayınam deyə, dəvəti qəbul etdim"

Kəmalə Müzəffər: "Təhminə və Zaur" kimi filmi serial şəklində tamaşaçıya təqdim etmək məsuliyyətlidir"


Aktrisa Kəmalə Müzəffər bu mövsüm iki maraqlı serialda rol alıb. Aktrisa yaradıcılığındakı yeniliklərlə bağlı "Şərq"ə danışdı.

- Necəsiz, Kəmalə xanım? Səhhətiniz necədir?

- Şükür. İndi çox yaxşıyam. Müalicələrin təsiri oldu. İndi özümü yaxşı hiss edirəm.

- Yeni mövsümdə sizi seriallarda görə bilər tamaşaçı?

- Bəli, bu mövsüm bir neçə film və serial təklifi aldım. Onlardan ikisini dəyərləndirdim. İnşallah, bu mövsüm tamaşaçılar məni "Təhminə və Zaur" serialında görə biləcəklər. Digər serialın adı hələ ki, şərtidir. Amma ilkin mərhələdə "Baldızımın baldızı" serialına da razılıq vermişəm. Mənə gələn təkliflər arasında bu serialların ssenarisi və heyəti məni aktrisa olaraq qane etdi.

- "Kapriz"ləri olan aktrisasız? Yəni təklifləri dəyərləndirəndə çoxmu götür-qoy edirsiz?

- Əslində buna "kapriz" deməzdim. Sadəcə, sənətimə və özümə qarşı məsuliyyətliyəm desək, daha düzgün olar. Yaradıcı insanların hər birinin özünə aid qadağaları, ölçüləri olur. Mənim də yaradıcılığıma yanaşmam, özümə aid "kapriz"lərimin olması normaldı.

- Yəni tərəf-müqabillərinin kimliyi kimi məqamlar sizin üçün vacibdi...

- Tərəf-müqabilimin kimliyindən çox onun peşəkar olub-olmaması mənim üçün vacibdi. Yəni aktyorun şəxsiyyəti təbii ki, münasibətlərə, çəkiliş prosesinə təsir edə bilir. Amma peşəkar yanaşılanda şəxsi münasibətləri kənarda qoymaq olur. Amma aktyor, aktrisa peşəkar deyilsə, artıq orda yaradıcılıqdan söhbət gedə bilməz. Bu baxımdan mənim üçün tərəf-müqabilimin kimliyi vacibdi. Mən çalışıram ki, təklif gələndə, filmə, seriala dəvət olunanda ilk əvvəl ssenari ilə maraqlanım. Daha sonra filmin rejissoru kimdir və tərəf-müqabillərim kim olacaq. Bu mənim seçimimə təsir edəcək amillərdən sayılır.

- "Təhminə və Zaur" filmi kifayət qədər maraqlı ekran əsərlərindən sayılıb. Rasim Ocaqovun bu filmindən sonra həmin ssenari əsasında serial çəkmək cəsarət tələb edir.

- Bəli, Rasim Ocaqovun çəkdiyi "Təhminə və Zaur" Azərbaycanda çox sevilən ekran əsərlərindən olub. Təbii ki, belə bir filmi serial şəklində tamaşaçıya təqdim etmək məsuliyyətlidir. Amma bu, rejissor işidir. Mən filmin rejissorunun professionallığına arxayınam deyə dəvəti qəbul etdim.

- Kimdir serialın rejissoru?

- Filmin rejissoru Şamil Nəcəfzadədir. Bundan əvvəl "Ögey ana" serialında da onunla işləmişəm. Rejissor kimi işini çox bəyənirəm deyə, növbəti mövsüm də onunla işləməyə qərar verdim.

- Hansı rolu sizə etibar ediblər?

- Serialda Mədinə obrazını yaradıram. Xarakterik bir obrazdır.

- Tərəf-müqabillərinin peşəkarlığını qeyd etdiniz. Serialda tərəf-müqabilləriniz kimlərdi?

- Rus Dram Teatrının aktyoru Firdovsi Atakişiyev tərəf-müqabillərimdən biridir. Serialda Zaur obrazını Cövdət Şükürov canlandırır. Yəni serialda peşəkar aktyor heyəti var. Bu da çəkiliş prosesinə təsirini göstərir.

Tahirə









SON XƏBƏRLƏR

2018-11-21
2018-11-20