2018-09-11 14:45:11   |   179 dəfə oxunub

Deputat: " Paşinyanla müzakirə aparmaq mənasızdır" - Çıxış yolu nədir ?

Rasim Musabəyov: "Siyasi, hərbi, iqtisadi, nəqliyyat, informasiya və digər məsələlərdə daim Ermənistanı təzyiq altında saxlamalıyıq. Münaqişənin tənzimlənməsi başqa cür mümkün olmayacaq”



"Nikol Paşinyan da sələfləri kimi heç bir əsaslı fikir səsləndirmir, sadəcə sərsəmləyir”.

Bunu "Sherg.az”a millət vəkili, politoloq Rasim Musabəyov söyləyib. 

Onun fikrincə, N.Paşinyanla masa arxasına oturub, müzakirə aparmaq mənasızdır:

"Baş nazir əvvəl qeyd etdi ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışmağa səlahiyyəti yoxdur. Danışıqlarda qondarma "Dağlıq Qarabağ Respublikası”nın rəhbərliyi iştirak etməlidir. İndi isə Dağlıq Qarabağın Ermənistanın tərkibinə qatılması barədə xülyalar irəli sürür. Belə fikirlərə əhəmiyyət verməyə dəyməz”.

N.Paşinyanın Rusiyadan razılıq alaraq, bu cür iddialarla çıxış etməsi versiyasına gəlincə, R. Musabəyov Kremlin bu məsələlərə müdaxilə etmədiyini düşünür:

"Rusiyanın mövqeyi odur ki, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar davam etdirilsin. Qurumun gündəliyi isə N. Paşinyanın ifadə etdiyi kimi deyil.

Danışıqlar nəticə vermədiyinə görə, yeganə çıxış yolu düşmənə müxtəlif sahələrdə təzyiqlərin göstərilməsidir. Siyasi, hərbi, iqtisadi, nəqliyyat, informasiya və digər məsələlərdə daim Ermənistanı təzyiq altında saxlamalıyıq. Münaqişənin tənzimlənməsi başqa cür mümkün olmayacaq”.

Qeyd edək ki, Rusiyaya səfəri çərçivəsində Moskvada biznes nümayəndələri ilə görüşdə çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatına görə, qondarma "Dağlıq Qarabağ Respublikası” gələcəkdə Ermənistan ərazisinin tamhüquqlu bir hissəsi olmalıdır. O bildirib ki, Ermənistan Azərbaycanla Dağlıq Qarabağ ərazisi ilə bağlı mübahisələrdə güzəştə getməyəcək.

Aysel Aslan








SON XƏBƏRLƏR

2018-09-24