2018-09-11 15:44:33   |   132 dəfə oxunub

Psixoloq:"Uşaqların Aşura məclislərinə aparılması məqsədəuyğun deyil"

Elnur Rüstəmov:"Çünki azyaşlılarda din haqqında təsəvvür tam formalaşmayıb. Dini düşüncənin uşağa aşılanmasının daha sivil yolları var, valideynlər bu formalardan istifadə edə bilər"


Uşaqlarını Aşura məclislərinə aparan valideynlərin əksəriyyəti 20-30 il əvvəl özləri də mərasimlərdə iştirak edib”.

Bunu "Sherg.az”a psixoloq Elnur Rüstəmov bildirib. 

Onun fikrincə, uşaqların belə kütləvi tədbirlərdə iştirakı məqsədəuyğun deyil:

"Çünki azyaşlılarda din haqqında təsəvvür tam formalaşmayıb. Dini düşüncənin uşağa aşılanmasının daha sivil yolları var, valideynlər bu formalardan istifadə edə bilər.

Azərbaycanda insanların böyük qismi islam dininə etiqad göstərir. Müşahidələr göstərir ki, uşaqların Aşurada iştirakı ildən-ilə azalır. Bu tendensiya davam etdikcə yaxın illərdə problem həllini tapacaq.

"Aşura günü ilə əlaqədar Qafqaz Müsəlmanları idarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər aidiyyəti qurumlar münasibət bildirib, uşaqların mərasimlərə aparılmaması barədə çağırış ediblər. Həmin çağırışlara önəm vermək lazımdır. Elə valideyn var ki, dinin heç bir qaydasına əməl etmir,lakin Aşura məclisində qatı dindar olur. 

Bu cür valideynlərin övladlarında da dinlə bağlı natamam təsəvvür yaranır. İnanmıram ki, tam şəkildə dini anlayan, onun tələblərinə riayət edən valideyn övladını Aşura mərasiminə aparsın. Övladınızda din haqqında düzgün təsəvvür yaratmaq üçünsə, başqa günlərdə məscidə apara bilərsiniz”.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Qafqaz Müsəlmanları İdarəsi (QMİ) "Aşura” günü ilə bağlı keçirilən maarifləndirmə tədbirlərində valideynlərə çağırış ediblər. QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə "Aşura” günü uşaqların məscidlərə gəlməsinin məqsədəuyğun olmadığını söyləyib.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-09-24
2018-09-23