2018-09-11 18:05:54   |   583 dəfə oxunub

Qafqaz İslam Ordusu milli mətbuatımızı da AZAD ETDİ

Firdovsiyyə Əhmədova:" 31 mart soyqırımında və sonrakı dövrdə bütün Qafqaz müsəlmanlarının milli fikir ocağı olan “İsmayıliyyə” binası, “Kaspi” və “Açıq söz” qəzetlərinin redaksiyaları məhv edildi"

"Azərbaycan Cümhuriyyəti elan edildikdən sonra milli dövlətçiliyimizin ruporuna çevrilən “Azərbaycan” qəzetinin nəşrinə başlandı"



"1918-ci ilin martında Bakıda Azərbaycan xalqına qarşı törədilən soyqırımı zamanı Azərbaycanın milli fikrini yayan maarif ocaqları, mətbuat orqanları bağlanır, redaksiyalar yandırılırdı”.

Bunu "Sherg.az”a 100 il əvvəl Qafqaz İslam Ordusu tərəfindən Bakının azad edilməsinin milli mətbuatın tərəqqisində rolunu izah edərkən tarix elmləri doktoru Firdovsiyyə Əhmədova söyləyib.

 O diqqətə çatdırıb ki, 31 mart soyqırımında və sonrakı dövrdə bütün Qafqaz müsəlmanlarının milli fikir ocağı olan "İsmayıliyyə” binası, "Kaspi” və "Açıq söz” qəzetlərinin redaksiyaları məhv edildi: 

"Milli mətbuatın fəaliyyəti üçün real imkan yox idi. Bakı bütövlükdə erməni-bolşevik hakimiyyəti altında idi və Azərbaycan müsəlmanlarına, milli düşüncəmizə qarşı təhdidlər qalırdı. Mövcud vəziyyət Bakı azad olunana qədər davam etdi, Azərbaycan milli maraqlarını təmsil edən mətbu orqanları təqib edildi.

Azərbaycan Cümhuriyyəti elan edildikdən sonra milli dövlətçiliyimizin ruporuna çevrilən "Azərbaycan” qəzetinin nəşrinə başlandı. Hökumətimiz Gəncədə fəaliyyət göstərirdi və qəzetin ilk sayı da burada çap olundu. Bakının azad olunması ilə bağlı təbrik teleqramları, xəbərlər də həmin gün qəzetin səhifələrində yer aldı.

Qəzet 1918-ci il sentyabrın 15-i fəaliyyətə başlasa da, bundan əvvəl baş verən hadisələr də qəzetin səhifələrində yer alırdı. Bununla, Azərbaycan cəmiyyəti həmin informasiyaları qəzet vasitəsilə əldə etmək imkanı qazandı”.

F.Əhmədova xatırladıb ki, Bakı azad olunandan sonra Azərbaycan hökuməti sentyabr ayının 17-si Bakıya köçdü. Bundan sonra Azərbaycanın milli maraqlarını ifadə edən nəşrlərin legitimləşdiyini bildirən tarixçi xanımın sözlərinə görə, yeni nəşrlərin açılması ilə müşahidə olunan güclü mətbuat yarandı:

"Ən böyük nailiyyət isə Azərbaycan mətbuatı üzərindən senzuranın götürülməsi oldu. Ziyalılara sərbəst şəkildə qəzet, jurnal dərc etmək, informasiya yaymaq imkanı yaradıldı. Azərbaycan Cümhuriyyəti mövcud olduğu dövrdə sona qədər hökumətin prinsipi idi ki, mətbuat sərbəst, demokratik fəaliyyət göstərsin. Hətta hökumətə qarşı olan qüvvələr belə bunu etiraf etmək məcburiyyətində idilər”.

Qeyd edək ki, sentyabrın 15-də Bakının bolşevik hərbi birləşmələrdən, yadelli işğalçılar və erməni daşnaklarından azad edilməsinin 100-cü ili tamam olacaq. Paytaxtımızın düşmənlərdən təmizləndiyi həmin gün Azərbaycan xalqının ən şərəfli tarixlərindən biri hesab olunur. 1918-ci ildə Osmanlı ordusunun zabiti Nuru Paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusunun qəhrəman əsgərləri Bakının azad edilməsində böyük şücaətlər göstəriblər.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-11-19
2018-11-18