2018-09-11 19:23:48   |   254 dəfə oxunub

Ziyalıların Dil Komissiyasına müraciətinə MÜNASİBƏT: "Hər bir xalq öz dili ilə yaranır"

Adil Babayev: "Millət üçün onun dilindən əziz heç nə yoxdur. Ola bilər, xalqın vətəni olmasın. Amma ana dili olarsa, bir millət kimi yaşayıb, mədəniyyətini qoruya bilər"



"Azərbaycan dili dünyanın ən zəngin, inkişaf etmiş dillərindən biridir. Ana dilimizdə dərin, geniş fikirləri dolğun şəkildə ifadə etmək mümkündür”.

Bunu "Sherg.az”a bir qrup elm, təhsil, mədəniyyət və mətbuat nümayəndəsinin Azərbaycan Respublikası Dövlət Dil Komissiyasına müraciəti haqqında danışarkən Filologiya elmləri doktoru, professor Adil Babayev söyləyib. 

Professorun sözlərinə görə, xalq inkişaf etdikcə, onun dili bu tərəqqiyə uyğun olaraq, zənginləşməli, dərinləşməlidir:

"Mustafa Kamal Atatürk deyirdi ki, xalqın ruhu ilə dili arasında qırılmaz bağ var. Yetər ki, bu köklərdən ən azı birini inkişaf etdirək.

Hər bir xalq öz dili ilə yaranır. Millət üçün onun dilindən əziz heç nə yoxdur. Ola bilər, xalqın vətəni olmasın. Amma ana dili olarsa, bir millət kimi yaşayıb, mədəniyyətini qoruya bilər.

Ümummilli lider Heydər Əliyev prezidentliyi dövründə türk yazarları ilə keçirilən görüşlərin birindən sonra, "dil, dil bir də dil” şəklində fikir səsləndirdi. Azərbaycan xalqı həm öz dilinə sahib çıxıb, həm də dilinin inkişafı üçün çalışıb.

Sovet hakimiyyəti illərində Azərbaycan dilinin inkişafını ləngitmək, dilimizi sıradan çıxartmaq üçün bolşevik rejimi böyük işlər görürdü. Bütün iclaslarda, sessiyalarda Azərbaycan dilində danışmaq qadağan olunurdu. Böyük yığıncaqlarda, partiya iclaslarında bir nəfər rus olsa belə, tədbirlər ana dilində aparılmamalı idi”.

Adil Babayev xatırladıb ki, Heydər Əliyev 1969-cu ildə çıxışında ana dili haqqında danışıb, dilimizin yaşaması ilə bağlı əhəmiyyətli mesajlar verib:

"Ümummilli lider prezident olduğu dönəmdə 2001-ci ilin iyulun 18-də dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi barədə fərman verdi. Ondan sonra, iyulun 4-də Azərbaycan Dövlət Dil Komissiyasını yaratdı. Daha sonra dövlət idarələrində ana dilinin işlənməsi haqqında geniş fərman ictimaiyyətə təqdim olundu. Həmin fərmanın 7-ci maddəsinə görə, bütün idarə qapılarında reklam və elanlarda Azərbaycan dilindən istifadə etmək lazım idi. Başqa xarici dillərdən istifadə edilməlidirsə, bu Azərbaycan dilindəki məlumatdan aşağıda iki dəfə kiçik yazılıb, göstərilməlidir.

Prezident İlham Əliyev də Azərbaycan dilinin inkişaf etdirilməsi siyasətini davam etdirir. 2013-cü il mayın 23-də o, Azərbaycan dilinin idarələrdə işlənməsi və inkişaf etdirilməsi barədə xüsusi sərəncam imzaladı. Keçən il noyabrın 13-də isə prezident yeni fərman verib, Dil Komissiyasının tərkibinin yenidən təşkil edilməsini qərara aldı.

Milli təəssübkeşlikdən uzaq olan bəzi sahibkarlar öz müəssisələrində Azərbaycan dilində deyil, ingilis, rus, fransız, italyan dillərində məlumatlar yerləşdirirlər. Bütün bunlara qarşı tədbirlərin görülməsi zəruridir. AMEA Dilçilik İnstitutu sözügedən problemlə bağlı monitorinqlər aparır.

Elə sözlər var ki, onu öz dilimizə uyğunlaşdıra bilmirik. Bu, mümkün də deyil. Azərbaycan dilində qeyd edilən söz alınma sözün tam mənasını verirsə, tərcümə etmək olar. Məsələn, paltar asmaq üçün istifadə olunan "şpilka” sözünü "ipəzor” şəklində təklif edirlər. Bu, düzgün versiya deyil.

Xüsusilə, alınma terminlərin bəzilərinin saxlanması vacibdir. Türklər "arxeologiya” sözünü "qazım bilimi” şəklində tərcümə edirlər. Halbuki, arxeologiya daha geniş anlayışdır. Bütün dünya "kompüter” dediyi halda bu söz türk dilində "bilgisayar” şəklindədir. Bilgi saymaq isə kompüterin sadəcə bir funksiyasıdır. Bütün bunları nəzərə alaraq, Azərbaycan dilinin zənginləşdirilməsi, alınma sözlərin dilimizə uyğunlaşdırılması addımlarında dilimizin orfoqrafik, orfoepik və fonetik qaydalarını gözləmək vacibdir”.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyasının sədr müavini, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ziyalıların müraciətlərinə cavab verib. İ. Həbibəyli bildirib ki, Azərbaycan dilinin Orfoqrafiya qaydalarına nəzərdə tutulan dəyişikliklərlə əlaqədar yekun iclasın keçirilməsi yalnız Orfoqrafiya Komissiyası üzvlərinin iyun-avqust aylarında yay tətilində olması ilə əlaqədardır:
"Artıq Komissiya üzvlərinin əksəriyyəti iş başındadır. Bu günlərdə Orfoqrafiya Komissiyasının iclasında Orfoqrafiya qaydaları müzakirəyə çıxarılacaq və bu məsələyə yekun vurulacaq. Ona görə də hələlik qaydalarla əlaqədar komissiya iclasının keçirilmədiyi, müzakirələrin aparılmadığı və hər hansı bir qərarın qəbul edilmədiyi halda mətbuat vasitəsilə cəmiyyətdə bu barədə ajiotaj xarakterli rəylər yaratmaq, narahatlıq ifadə etmək halları obyektiv reallıqları ifadə etmir, bəzi hallarda hətta təzyiq kimi səslənir”.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-09-24