2018-09-11 21:26:16   |   357 dəfə oxunub

Ortaq tariximiz və Bakının qurtuluş günü



"Peşəkar türk hərbçilərindən, Azərbaycanın milli hərbi qüvvələrindən və çoxsaylı könüllü dəstələrdən təşkil olunan Qafqaz İslam Ordusu şərəfli tariximizin bir parçasıdır". 

Bu sözləri "Sherg.az"a tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı deyib. 

A.Aşırlı bildirib ki, Türkiyə çətin dövr yaşamasına baxmayaraq gənc Azərbaycan Cümhuriyyətinə öz hərbi-siyasi dəstəyini göstərib. 1918-ci il mayın 28-də İstiqlalımız Tiflisdə elan olunandan 1918-ci il sentyabrın 15-dək 6 ay savaş müddətində Türkiyə Azərbaycana 5 dəfə hərbi yardım edib.

 Göyçay, Kürdəmir, Ağdaş, Ağsu, Salyan, Neftçala, Şamaxı düşmənlərdən azad olundu. Erməni-bolşevik və ingilis birləşmələrinə qarşı döyüşlərdə yalnız 5-ci Qafqaz piyada alayı 1146 şəhid verib. 15-ci alayın itkilərinin sayı 200-dən çoxdur. Azərbaycan milli hərbi qüvvələri, könüllüləri 2 min şəhid verib, türk mehmetciyi ilə Azərbaycan əsgəri səngərdə çiyin-çiyinə döyüşüb, şəhid qanları bir-birinə qarışıb. 

Qafqaz İslam Ordusu xilaskarlıq missiyasını şərəflə yerinə yetirib, Azərbaycan Cümhuriyyətinin sərhədləri kağız üzərindən real sərhədlərə çevrilib. Qarabağ savaşı cəmi iki-üç həftə çəkib, ermənilər tərksilah olunub, Azərbaycanın ərazi bütövlüyü təmin edilib.

Qafqaz İslam Ordusu komandanı 29 yaşlı Nuru Paşa, Mürsəl Paşa, Əliağa Şıxlınski, Həbib bəy Səlimov Türkiyə-Azərbaycan qardaşlığını möhkəmləndirən cəsur hərbçilərdir və bu tarixi ənənə indi də Türkiyə-Azərbaycan strateji əməkdaşlığı çərçivəsində davam etdirilir.

A.Aşırlı qeyd edib ki, Qafqaz İslam Ordusunun uğurlu hərbi əməliyyatları Azərbaycanı başsız bədən olmaqdan qurtarıb. 

"Müttəfiq dövlətlər Bakını sərbəst şəhər, azad zona etməyə çalışır, neftdən öz payını istəyirdilər. Amma 36 saatlıq savaşla Bakının taleyini həll edən cəsur əsgərlərimiz Azərbaycanın paytaxtını azad etdilər və şərəfli tarix yazdılar".

A.Aşırlı vurğulayıb ki, 15 sentyabr tarixi, şərəfli bir gün olaraq millətin yaddaşında əbədi həkk olub.







SON XƏBƏRLƏR

2018-09-24
2018-09-23