2018-09-11 23:22:02   |   593 dəfə oxunub

“Ok" virusu yaranıb: Bu xəstəliyin qarşısı alınmalıdır

Nura Suri: "Təkcə musiqi zövqümüz korlanmayıb. Bu gün danışığımız da bərbad vəziyyətdədir"


Bu gün hamı bayağılıqdan danışır, bayağılıqdan gileylənir. Bəs bu bayağılığı kimlər təbliğ edir? Niyə musiqimizdə, səhnəmizdə bu qədər ucuzluq yaranıb? Niyə danışığımız belə bəsitləşib. Sosial şəbəkələrdə hamı ağıllı olub məsləhət vermək cəsarətini hardan tapır? Suallarımızla müğənni Nura Suriyə müraciət etdik. Nəzərə alsaq ki, müsahibimiz sosial şəbəkələrin aktiv istifadəçisi olmaqla yanaşı, cəmiyyətdə baş verən proseslərdən xəbəri olan, hadisələrə reaksiyası, öz yanaşması olan sənətçidir, onunla müzakirə aparmaq daha maraqlı oldu.



- Hər vaxtınız xeyir, Nura xanım. Sosial mediadan mütəmadi istifadə edən xanımsız. Bu gün sosial həyatımız niyə bu qədər bayağılaşıb?

- O qədər ciddi və əslində vacib bir mövzuya toxunmusuz ki, bu barədə danışmaq üçün saatlar bəs etməz. Cəmiyyətimizdə baş verənlər həqiqətən insanı narahat edir. Şəxsən mən ətrafımızda, cəmiyyətimizdə son dönəmlər baş verən proseslərdən narahat oluram. Çünki mən anayam, övlad sahibiyəm, bu və ya digər şəkildə bunlar övladlarımızın həyatına da təsirsiz ötüşmür.
- Niyə son vaxtlar musiqilərimiz də bayağılaşıb? Hətta elit, kübar məclislərdə belə bayağı musiqilərə imkan genişlənib...
- Bu da cəmiyyətlə bağlıdır. Cəmiyyətimiz necədirsə, səhnəmiz də, efirlərimiz də o vəziyyətdədir. Bu gün diqqət yetirin, gündəlik həyat tərzində insanlar ucuz danışıqlara, polemikalara meyl göstərirlər. Çünki bu şəkildə həyat tərzi rahatdı. Əziyyət çəkmədən yaşamağa maraq çoxalıb.
- Son vaxtlar ən tanınmış müğənnilərin belə repertuarında meyxanalı musiqilər üstünlük təşkil edir. Ciddi musiqiyə niyə soyuq münasibət yaranıb? Bu, nə ilə bağlıdır?
- O qədər aktual bir mövzudan danışırıq ki, bunu hamı bilir, ancaq hamı da bu bayağılığın içinə sürüklənir. Həm də bilə-bilə. Baxın, bir söz deyəcəm, amma mən bunu reklam, qalmaqal olsun deyə demirəm. Meyxanalı musiqilər deyirik. Əslində meyxana bizim xalqımıza məxsus folklor janrıdır. Bu janrı bu qədər ucuz göstərmək doğru deyil. Necə ki, muğamımız var, eləcə də meyxana janrımız var ki, meyxanaya barmaqarası baxmaq doğru deyil. Meyxana bayağı musiqilərin sözlərindən ibarət deyil. Meyxana əruz vəzni üzərində yaranan ciddi folklor janrıdır. Əslində ciddi meyxanadan söhbət gedirsə, meyxananın hər qafiyəsində bir ciddi məna yükü var. Sadəcə, ciddi meyxananı da az qala ucuz ediblər. Bu gün meyxanaçılar müğənnilik etməyə başlayıb. Bu artıq problemdir. Meyxanaçılar oxumağa başlayan gündən meyxananın sözləri də bəsitləşdi. Meyxana bir kənara qalıb. Bunu ona görə demirəm ki, sabah reklama ehtiyacı olan bir meyxanaçı mənə cavab verib qalmaqal etsin. Mənim meyxanaçılar arasında da kifayət qədər hörmət etdiyim sənətçi dostlarım var. Sadəcə ciddi meyxana ilə bu gün mahnı oxumağa başlayan meyxanaçılar arasında fərq var. Meyxanaçılar müğənniləri yalan edib, hamı oxuyur. Sadəcə mən həqiqətləri dilə gətirirəm. Bu gedişlə meyxananı, meyxana ənənəsini da dağıdıb, məhv edəcəklər. Qaldı bayağı musiqiyə, indi bir çoxlarının oxuduqları musiqi deyil. Musiqinin harmoniyası olmalıdır, musiqinin keçidləri olur, musiqinin rəngi, janrı olur. Bu gün oxunan musiqilərin mənşəyi bəlli deyil. Mən bu musiqiləri oxuyanlardan çox onu təbliğ edənləri qınayıram. Hərə bir sayt açıb, ya instaqram səhifəsində kommersiya məqsədli səhifə açıb belə mahnıları təbliğ edir. Əvvəllər müğənnilər efirə çıxmağa maraqlı idilər. Çünki tamaşaçı ordan səni tanıyırdı. Bu gün buna ehtiyac yoxdu. Sosial şəbəkələrdən təbliğin təsiri daha çox olur. Pul verirlər, instaqramda özlərini pulla təbliğ edirlər. Hansı müğənni tanınmaq istəyirsə, bu gün efirə çıxmadan instaqram səhifəsinə pul xərcləyib məşhurlaşa bilir. Mən ötən gün toya getmişdim, çox mötəbər bir məclisdə idim. İnanın, son günlər sosial şəbəkələrdən yayılan "Səni deyirlər" mahnısını dəfələrlə sifariş verirdilər. O, musiqi deyil. İki sözü var, insanların zövqü o qədər korlanıb ki, bu dəhşətlidir. Təkcə musiqi zövqümüz korlanmayıb. Bu gün danışığımız da bərbad vəziyyətdədir. Virus necə yayılırsa, bayağı musiqilər də elə yayılıb, onlardan qorunmaq lazımdı. Bu xəstəliyin qarşısı alınmalıdır. Necə virus musiqilər beynimizi məhv edib, zövqümüzü korlayırsa, eləcə də virus sözlər var ki, leksikonumuza daxil olub. Danışıq tərzimizə qəribə ifadələr gəlib çıxıb. Yeri gəldi, gəlmədi "Ok" sözündən istifadə edirik. "Ok" virusu yaranıb. Nədi də o sözə ehtiyac yaradan səbəb? Lazım oldu-olmadı "Ok" olmuşuq. Niyə bayağı musiqiləri hamı oxuyur? Çünki ciddi musiqini hamı oxuya bilməz. Ciddi musiqinin keçidləri olur, o musiqilərin harmoniyası var. Ciddi musiqini ifa etmək üçün musiqidən xəbərin olmalıdır. Bayağı musiqilər isə bir-iki kəlmə mənasız sözdən və ya söz yığından ibarətdir.
- Bəs tanınmışlar niyə repertuarlarına bayağı musiqiləri daxil edirlər? Daha onlar belə ciddi bəstəkar musiqilərinə müraciət etmək istəmirlər...
- Səbəbi çox sadədir. Çünki bəstəkarlar mahnıları çox böyük məbləğə satırlar. Bir mahnı üçün 5 min manat qonorar nə qədər doğrudur? Axı biz Amerikada, ya da Türkiyədə deyilik. Kiçik bir dövlətdə müğənninin gəliri nə qədərdir ki, hər mahnıya 5-10 min manat pul xərcləsin? Bir mahnının ərsəyə gəlməsi üçün 10 min manata yaxın pul xərclənir. Oranjiman, səsyazma, reklamı-filan. Bu da müğənniyə sərf etmir. Çünki müğənni həmin mahnı ilə toylarda pul qazana bilmir. Pul gətirən, çörəkli musiqilər isə bayağı musiqilərdi. Ona görə də hamı asan yola əl uzadır ki, gəlir qazansın. Bəstəkar musiqilərinə toylarda tələbat yoxdu. Bayaq deyirdiz ki, meyxanalı musiqi. Bu musiqilər ucuz başa gəlir, tez də məşhurlaşır. Məclislərdə insanlar o musiqiləri tələb edirlər. Müğənni də toydan gəlir qazanır. Savadlı musiqini insanlar gec həzm edirlər. Belə bayağı musiqilər isə tez yaddaşda qalır. Əvvəllər məlumat almaq üçün köşkə gedib qəzet alırdın. Yəni buna zaman xərclənirdi, zəhmət çəkirdin. Çətinliklə məlumat əldə edirdin. İndi gözünü açırsan, telefonla bütün məlumatları asanlıqla əldə edə bilirsən. İnsan beyni o qədər mənasız məlumatlarla yüklənir ki, ciddi musiqiyə, ciddi məlumata yer qalmır. İndi televizora belə əvvəlki qədər baxmırlar. Çünki telefonda mətbəx işləri görə-görə də nələrisə izləmək olur. İnsanların beyni nə qədər lazımsız məlumatlarla yüklənə bilər ki? Mən sosial mediadan istifadə edən insanam. Amma son vaxtlar heç bir müğənnini, məşhuru "follov" eləmirəm. Bir müddət filankəs məni "follov" edir, ayıbdı, mən də edim" deyərək, bir də gördüm ki, sanki kimlərisə güdürəm. Deyək ki, mən onları "follov" etdikcə xəbərim oldu ki, Röya harda dincəlir, necə fotosessiya edib, Günay İbrahimli nə geyinib, filankəs bu gün axşam harda kiminlə görüşüb. Axı bu məlumatlar mənə lazım deyil. Mənim üçün bu, maraqlı deyil. Biz onlarla tədbirlərdə görüşürük, radioda qulaq asırıq, bir də onlarla bağlı niyə artıq informasiya əldə etməyə məcbur qalmalıyam ki? Bu mənə lazım deyil axı. Niyə beynimi zibilləməliyəm? Sosial həyat insanları zombiləşdirib. Münasibətlər robot münasibətinə dönüb. Bu, həqiqətən faciədir.

Tahirə Məmmədqızı







SON XƏBƏRLƏR

2018-11-20