2018-09-12 11:48:24   |   165 dəfə oxunub

Minsk Qrupu “damokl qılıncı"dır

Qarabağı azad edərək Rusiya, Fransa və ABŞ-ı fakt qarşısında qoymalıyıq



Rusiya Dövlət Dumasının MDB işləri üzrə Komitəsinin rəhbəri Leonid Kalaşnikov Azərbaycan-Rusiya münasibətlərinə həsr olunan Bakı-Moskva videokörpüsü Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən danışıb.

Kalaşnikov bildirib ki, fəaliyyəti və əhəmiyyəti nə qədər şişirdilsə də, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ problemini həll edə bilməz. Rusiya rəsmisinin sözlərinə görə, yalnız Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri bu problemi həll edə bilərlər. Əslində 20 il ərzində buna bənzər fikirlər çox səsləndirilib. Bir çox hallarda Minsk Qrupunun fəaliyyəti tənqid olunub, faydasız formatın dəyişdirilməsi, hətta birdəfəlik ləğvi təklif olunub. 

Məsələnin bu şəkildə qoyuluşu ictimaiyyət nümayəndələri tərəfindən də dəstəklənib. Lakin "Rusiyanın vasitəçiliyi fonunda münaqişə tərəfləri problemi özləri həll etsinlər" yanaşması cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Çünki hesab edilir ki, münaqişənin bu yolla dinc həlli mümkün deyil. Vasitəçilərin çəkilməsi birbaşa müharibə variantının gündəmə gəlməsi deməkdir.

"Sivilizasiyalar və konfliktlər" Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli də "Şərq"ə açıqlamasında bəyan edib ki, problemin müharibəsiz çözümü mümkün deyil və alternativi də yoxdur:

 "Minsk Qrupu Rusiya, ABŞ və Fransaya, Azərbaycan torpaqlarını azad etməyə imkan verməmək üçün lazımdır. Qrupun iki həmsədri Fransa və Rusiya Qarabağ məsələsində Ermənistanın yanındadır. ABŞ da dolayısı ilə Ermənistanı müdafiə edir. Minsk Qrupu Azərbaycanın başı üstündə bir "damokl qılıncı"dır. Bu qılıncdan ancaq torpaqlarımızı azad etməklə qurtula bilərik. Qarabağı azad edərək Rusiya, Fransa və ABŞ-ı fakt qarşısında qoymalıyıq. Yeganə yolumuz müharibə variantıdır".

İsmayıl









SON XƏBƏRLƏR

2018-11-21