2018-09-12 13:02:27   |   498 dəfə oxunub

Bakı bolşevik-erməni yuvasına çevrilmişdi

Sabir Rüstəmxanlı: “Nuru Paşanın Azərbaycana gəlişi çox böyük bir hadisədir. Ona görə də 15 sentyabr gününün 100 illiyi möhtəşəm qeyd olunmalıdır"

“Əgər Qafqaz İslam Ordusu Azərbaycana gəlməsəydi, ölkəmizdə qırğınlar, soyqırımlar durmayacaqdı"



1918-ci ildə Bakının bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnak quldurlardan azad edildiyi 15 sentyabr tarixi tariximizə əlamətdar gün kimi həkk olunub.

Məlumdur ki, mayın 28-də müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin paytaxt məsələsi həll olunmamış qalırdı. O zaman Bakı işğal altında olduğundan milli hökumətin müvəqqəti olaraq Gəncədə fəaliyyətə başlaması barədə qərar qəbul edildi. Lakin yenə də əsas məsələ paytaxtın azad edilməsi idi. 

Yeni formalaşan milli hökumətin ixtiyarında tam silahlanmış ordu heyəti olmadığından kömək üçün qardaş ölkəyə müraciət olundu. 1918-ci il mayın sonunda Türkiyənin hərbi naziri və ali baş komandan müavini Ənvər Paşa bu xahişləri nəzərə alaraq, qardaşı Nuru Paşaya Təbriz ətrafından Gəncəyə doğru hərəkət etmək barədə əmr verdi. Türk ordusunun Gəncəyə girməsi Azərbaycan hökumətinin şəhərə daxil olması üçün zəmin yaratdı. Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakıya doğru irəliləməsi yerli xalqı daha da ruhlandırdı. Nəticədə sentyabr ayının 15-də, Qurban bayramı günü Bakı işğalçılardan azad edildi. Tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürüldü. Əlbəttə, Bakı uğrunda döyüşlər heç də asan getmədi. Bəzi məlumatlara görə, bu döyüşlərdə mindən artıq türk əsgəri və zabiti şəhid oldu. Yerli əhalidən isə şəhidlərin sayı 5 mindən artıq idi.

Möhtəşəm günlə bağlı "Şərq"ə danışan xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının rəhbəri Sabir Rüstəmxanlı bildirib ki, Qafqaz İslam Ordusu Azərbaycana Şərqdə ilk demokratik Cümhuriyyəti quran şəxslərin dəvəti ilə gəlmişdilər. Çünki Cümhuriyyət qurucuları Azərbaycanı gözləyən təhlükələri çox aydın görürdülər: 

"Bakı şəhəri bolşevik-erməni yuvasına çevrilmişdi. Eyniylə Qarabağ savaşında olduğu kimi azərbaycanlı əhalidən bütün silah-sursat yığılmışdı. Bunun əksinə ermənilər silahlandırılır, çar Rusiyası gizli və aşkar şəkildə düşmənlərə dəstək verirdilər. Şaumyanın başçılığı altında fəaliyyət göstərən bolşevik dəstəsi də ermənilərin ən böyük yardımçıları idi. Bu sayədə Bakıda çox böyük qırğınlar həyata keçirildi. Azərbaycanın bir çox ərazilərində qətliamlar törədildi. Getdikcə artan təhlükənin qarşısını bir an öncə almaq lazım idi. Ona görə də Cümhuriyyət qurucuları Osmanlı ilə danışıqlar aparır, türk ordusunun Azərbaycana gəlişinə nail olmaq üçün qardaş ölkəyə heyətlər göndərirdilər. İstanbulda Ənvər Paşa ilə görüşdə iştirak etmiş şəxslərin, xüsusən, AXC-nin milli təhlükəsizlik naziri Nağı bəy Şeyxzamanlının xatirələrində bu barədə ətraflı məlumat verilib. Azərbaycan nümayəndə heyəti Ənvər Paşadan xahiş edirdi ki, yardıma gələcək orduya onun qardaşı Nuru Paşa komandanlıq etsin".

S.Rüstəmxanlının sözlərinə görə, əgər Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Azərbaycana gəlməsəydi, ölkəmizdə qırğınlar, soyqırımlar durmayacaqdı: 

"Bakı Azərbaycandan ayrı düşərək Dərbəndin taleyini yaşaya bilərdi. Neftinə görə, tarixən paytaxtımıza göz dikilib. Həmin vaxt Qafqaz İslam Ordusu Bakıya girməsəydi, milli hökumətimiz yaşaya bilməzdi. Azərbaycanın sərhədləri müəyyən edilməzdi, 114 min kv. km əraziyə sahib olmazdıq. Bilirsiz ki, o vaxt ermənilər Qarabağa iddia edirdilər. Ancaq türk ordusu gələndən sonra düşmən geri çəkildi. Nuru Paşanın Azərbaycana gəlişi çox böyük bir hadisədir. Ona görə də 15 sentyabr gününün 100 illiyi möhtəşəm qeyd olunmalıdır. Hərbi parad öz yerində, amma çox istərdik ki, yüzilliyin şərəfinə Qafqaz İslam Ordusunun və Nuru Paşanın xatirəsinə abidə də ucaldılsın. Həmçinin, Soyqırım Muzeyi yaradılsın və Qafqaz İslam Ordusundan öncə Azərbaycanda törədilmiş faciələrlə bağlı ətraflı məlumat verilsin. Bunlar yüzilliyə layiq addımlar olar".

İsmayıl







SON XƏBƏRLƏR

2018-11-18
2018-11-17