2018-09-12 13:05:17   |   144 dəfə oxunub

İslamın mahiyyəti düzgün anlaşılmalıdır

Əsəd Cahangir: " Baş yolmaq, üz cırmaq, qışqırmaq və bu qəbildən olan hərəkətləri o, qeyri-məqbul sayırdı"

“Peyğəmbər ölünün üstündə bərkdən ağlamağın belə tərəfdarı deyildi



Bir müddət əvvəl Qafqaz Müsəlmanları İdarəsi və Dini Komitə birgə mətbuat konfransı keçirərək müsəlmanlara Aşura günü ilə bağlı zəruri tövsiyələr verdilər. Qurum rəhbərləri bəyan etdilər ki, bəzi şəxslərin Aşura günü qərəzli şəkildə islam dininə zidd olan bir sıra rituallara, arzuolunmaz əməllərə yol verməsi təhlükəli tendensiya yaradır.

Həmçinin, vurğulanır ki, paytaxtda və ölkənin müxtəlif bölgələrində gizli şəkildə sinə döymək, baş yarmaq, açıq formada kütləvi aksiyalar təşkil etmək həm Allahın əmrlərinə, həm də dövlətçiliyə qarşı gəlməkdir. Çünki bu kimi iğtişaşlar və təxribatlara əl atanların məqsədi islama qulluq etmək deyil, ölkədə qarışıqlıq yaratmaqdır. O baxımdan müvafiq qurumların təmsilçiləri bu cür hallara yol verilməməsi üçün əvvəlcədən müsəlmanlara xəbərdarlıq ediblər.

Aşura günü ilə bağlı tövsiyələrə münasibət bildirən ədəbi tənqidçi Əsəd Cahangir "Şərq"ə açıqlamasında bildirib ki, maarifləndirmə işi 3 istiqamətdə - dini, siyasi-ideoloji, təbii yolla aparılmalıdır. Onun sözlərinə görə, ilk maarifləndirmə işi dini istiqamətdə olmalıdır: 

"İnsanlara izah olunmalıdır ki, islam dininin, islam şəriətinin peyğəmbəri Məhəmməd əleyhissəlamdır. Peyğəmbər ölünün üstündə bərkdən ağlamağın belə tərəfdarı deyildi. Deyirdi ki, səssiz ağlamaq olar. Baş yolmaq, üz cırmaq, qışqırmaq və bu qəbildən olan hərəkətləri o, qeyri-məqbul sayırdı. Məntiqi olaraq belə çıxır ki, o, sinə döymək, zəncir vurmaq, baş yarmağın da əleyhinə olmalı idi. Bu qəbil təziyədarlıq bütpərəstlik dövründə mövcud olub. Qədim Misirdə və türklərdə dünyasını dəyişən hökmdarları böyük yuğlama təntənəsi ilə yola salırdılar. İslam ölüm faktına daha təmkinli yanaşır. Çünki ölüm ölməzliyə açılan qapı deməkdir. Ölən cismdir, can deyil. İnsan ruhu əbədidir. Əsl müsəlman bunlara sidqi-ürəkdən inanmalıdır. Yəni ölən üçün bu qəbil yas saxlamaq özü islamın mahiyyətinə düz gəlmir".

Tənqidçi bildirib ki, məsələyə siyasi izah da verilməlidir:

 "Bu şəkildə təziyədarlıq islam dünyası haqda fanatik din imici formalaşdırır. Dünya əhalisi islamın əsl mahiyyətini dərk etməyərək, məhz bu qəbil faktlara əsasən islama qiymət verir. Bu isə islam ümməti ilə dünyanın qeyri-inanc sahibləri arasında problemlər yaradır, qarşıdurmalara səbəb olur. Halbuki islam ən tolerant dindir. 

Nəhayət, məsələnin tibbi tərəfi ilə bağlı maarifləndirmə işi aparılmalıdır. Professional həkimlər baş yarmağın, zəncir vurmağın insan orqanizminə vurduğu ziyanlar barədə çıxış etməlidir. Maarifləndirmə işi həm mətbuat, həm teleproqramlar, həm də elmi konfranslar səviyyəsində ola bilər. Bu haqda kitablar yazılmalıdır. 

Və təbiidir ki, bütün bu işlər din xadimləri, siyasətçi və tarixçi alimlər, həkimlərin birgə səyi nəticəsində həyata keçirilməlidir. Maarifləndirmə işi dövlət nəzarətinə götürülməlidir. Ən vacibi isə orta məktəblərdə şagirdlərə əsl islam tədris olunmalıdır ki, gələcək vətəndaş artıq özü bu məsələyə düzgün münasibətlə böyüsün və formalaşsın".

İsmayıl







SON XƏBƏRLƏR

2018-11-21