2018-09-12 13:09:37   |   108 dəfə oxunub

Bloger turizm potensialına ləkə yaxır

8 min ərəbin Azərbaycanda QİÇS-ə yoluxması cəfəngiyyatdır


Ali Əthab adlı "ərəb" bloger Azərbaycana gələn turistlərin həyat tərzi haqqında videoreportaj hazırlayıb. Onun təqdim etdiyi reportajda Bakıya gələn ərəblərin gecə həyatı, onların klublara getməsi, yüngül həyat tərzi sürən qadınlarla münasibətdə olmaları barədə məlumatlar yer alıb. İddia olunub ki, 8 min ərəb Bakıda QİÇS xəstəliyinə yoluxub.

Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov isə yayılan reportajın qərəzli olduğunu deyib: "Onun 8 min ərəbin Azərbaycanda QİÇS-ə yoluxması ilə bağlı yaydığı məlumat həqiqəti əks etdirə bilməz. Çünki bu, bir blogerin əldə edə biləcəyi məlumat deyil".

N.Bağırov qeyd edib ki, reportajın hazırlanmasında məqsəd Azərbaycanın turizm potensialına ləkə yaxmaqdır.

 "Əsas məqsəd Azərbaycana turistlərin gəlməsinin qarşısını almaqdır. Ümumiyyətlə, ərəb turistlərə görə Azərbaycan bir çox ölkələrə rəqibdir. Ola bilsin ki, video bizə düşmən olan ölkələrin sifarişi ilə hazırlanıb. Gecə klubları, gecə həyatı hər bir ölkədə var. Belə hadisələrə, qarayaxma kampaniyalarına qarşı biz də öz təbliğatımızı aparmalıyıq və aparırıq".

Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə ərəb blogerin iddialarına münasibət bildirib. Onun sözlərinə görə, Ali Əthabın çəkdiklərini hər kəs digər ölkələrdə də çəkə bilər: 

"Bütün ölkələrdə gənclərin əyləncəsi, gecə klublarına getməsi haqqında çəkilişlər etmək olar. İnsanlar sağlamlıqlarına özləri diqqət etməlidirlər. Mənbəyi bilinməyən rəqəmlər səsləndirir, heç bir fakta əsaslanmır. Biz artıq həmin bazarlarda aktiv marketinq işlərinə başlayırıq. İşlər davam etdikcə, göydəndüşmə mövzular meydana çıxacaq. Xüsusi şərhə ehtiyac yoxdur. Peşəkarlıq səviyyəsi nəyə çatıbsa, onu da ortaya qoyub".

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova da Azərbaycana gələn səkkiz min ərəb turistin QİÇS-ə tutulmasının həqiqəti əks etdirmədiyini deyib.

Onun sözlərinə görə, yaxın iki ay ərzində Azərbaycanda İİV-ə yoluxma ilə bağlı əcnəbilər tərəfindən heç bir müraciət olmayıb: "Bizim könüllü müayinə mərkəzlərinə də müraciət edilməyib. Heç bir ərəbdə QİÇS aşkarlanmayıb. Ümumiyyətlə, İİV-ə yoluxan insanların sayı səkkiz min deyil. Bu, necə ola bilər? Bu cür statistik rəqəmləri nəyə əsaslanıb, yayırlar, bilinmir. Rəqəmlərin haradan götürülməsi, nə dərəcədə düzgün olması araşdırılmayıb. Kimin ağlına nə gəlir, onu da deyir".

Şəymən







SON XƏBƏRLƏR

2018-09-24