2018-09-12 13:52:38   |   244 dəfə oxunub

100 yaşlı “Azərbaycan” - Akif Aşırlı: “15 sentyabrda milli mətbuat bərpa olundu”


Sentyabrın 15-i Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik işğalından azad etdiyi günlə yanaşı, rəsmi dövlət qəzeti olan da "Azərbaycan” qəzetinin də ilk nömrəsinin işıq üzü gördüyü tarixdir. Cümhuriyyətimizlə yaşıd olan "Azərbaycan” qəzetinin ilk nömrəsi Gəncədə nəşr olunub. Qəzetin ilk redaktorlarından biri Üzeyir bəy Hacıbəyli olub. Qəzet 1919-ci il dekabrın 28-nə qədər Üzeyir bəyin qardaşı Ceyhun Hacıbəylinin imzası ilə çıxıb. O dövrdə nəşrin ərsəyə gəlməsində Ceyhun Hacıbəylinin əməyi və xidmətləri şəksizdir. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ölkədən köçmək məcburiyyətində qalan Ceyhun Hacıbəyli öz mühacirlik həyatında da eyni adlı qəzet buraxmağa çalışıb və 1951-ci ildə buna Münhendə (Almaniyada) nail olub.

Cümhuriyyətimizin şahidi olan bu qəzet Azərbaycan tarixində hansı önəmə sahibdir?

"Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Modern.az-a deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin, ümumiyyətlə Qafqaz İslam Ordsunun Bakını işğaldan, erməni-bolşevik-daşnaq birləşmələrindən və ingilis hərbi qüvvələrindən azad etməsinin 100 illiyi həm də Azərbaycanda milli mətbuatın bərpası dövrüdür.


"1918-ci il mart ayının 31-dən sentyabrın 15-nə qədər Azərbaycanda milli mövqeləri müdafiə edən qəzetlərin fəaliyyəti qadağan olunmuşdu. 6 ay Azərbaycanda milli maraqlara söykənən anadilli qəzetlər yalnız bolşevik platformasını qəbul edən "Hümmət” və "Bakı şurası əxbarı” idi.

Sentyabrın 15-i bizim tariximiz üçün həm də Azərbaycanda milli mətbuatın bərpası günüdür və eyni zamanda "Azərbaycan” qəzetinin ilk sayının işıq üzü gördüyü tarixdir. "Azərbaycan” qəzetinin ilk 4 sayı Gəncədə nəşr olunub və 4 saydan sonra qəzet Bakıya köçüb. Ümumiyyətlə, AXC-nin ensklopediyasını, bütün dövlərini özündə əks etdirən yeganə qəzet "Azərbaycan” qəzetidir. Azərbaycan dövlətinə, dövlətçiliyinə, onun istiqlalına, xarici düşmənlərdən mühafizəsinə bu qəzetin çox ciddi təkanları olub”.

A.Aşırlı deyib ki, "Azərbaycan” qəzeti böyük bir məktəbdir.

"Düşünürəm ki, "Azərbaycan” qəzetinin 100 illiyinin keçirilməsi çox yaxşı olardı. Düşünürəm ki, 15 sentyabr həm də Azərbaycan jurnalistlərinin bayramıdır. "Azərbaycan” qəzeti rəsmi dövlət qəzetidir, parlament qəzetidir, Milli Məclisin orqanıdır. 1918-ci ilin "Azərbaycan” qəzetində də "Məclis-i Məbusan” sərlövhəli rubrika altında AXC parlamentinin bütün xəbərləri, iclasları işıqlandırılıb, parlamentdə müzakirəyə çıxarılan ayrı-ayrı qanun layihələri və mübahisə doğuracaq məsələlər barəsində kifayət qədər yazılar olub. Bu gün də həmin ənənələr davam etdirilir. Hesab edirəm ki. "Azərbaycan” qəzeti məhz 1918-ci il senyabrın 15-də çıxan "Azərbaycan”ın bir varisi kimi qəbul etmək olar”.







SON XƏBƏRLƏR

2018-09-25
2018-09-24