2018-09-12 13:58:23   |   156 dəfə oxunub

İki azərbaycanlı xanımın İsveçdə millət vəkili seçilməsi böyük hadisədir

Zahid Oruc: “Biz adətən həmyerlilərimizin məskunlaşdıqları ölkələrdə daha aşağı ranqlı vəzifələrdə çalışdığını görmüşük"



İsveçdə baş tutan parlament seçkilərində iki azərbaycanlı xanım millət vəkili seçilib. Aylin Fazelian Sosial-Demokrat Partiyasından İsveç parlamentinə, bacısı, 34 yaşlı Ayda Kərimli isə Mərkəz Partiyasından əyalət millət vəkili seçilib.

Valideynləri əslən Güney Azərbaycandan olan 26 yaşlı siyasətçi Aylin 14 yaşından Sosial-Demokrat Partiyasının fəalıdır. O, 22 yaşında əyalət parlamentinin üzvü seçilib. 4 il ərzində partiyanın Qadınlar Təşkilatının idarə heyətinin ən gənc üzvü olub. Partiyanın qadınlar üzrə beynəlxalq təmsilçisidir. Aylin Fazelian 11 bələdiyyə tərəfindən seçki vərəqəsində ikinci namizəd olub.

Qeyd edək ki, İsveçdə keçirilən parlament və bələdiyyə seçkilərində daha bir soydaşımız səs çoxluğu ilə qələbə qazanıb. Belə ki, İsveçdə yaşayan azərbaycanlı Turan Əliyev "Mərkəz" Partiyasından Partille bələdiyyəsinə üzv seçilib.

Soydaşlarımızın uğurları ilə bağlı açıqlama verən millət vəkili Zahid Oruc deyib ki, xaricdə yaşayan soydaşlarımızın həmin ölkənin ictimai-siyasi həyatına transformasiya olunması və o mühitdə özlərinə layiqli yer tutması bizim üçün sevindirici haldır: 

"Bu baxımdan iki azərbaycanlı xanımın İsveçdə millət vəkili seçilməsini mühüm hadisə hesab edirəm. Gələcəkdə ölkələrarası münasibətlərin inkişafında oynadığı roldan asılı olmayaraq biz bu uğura yüksək qiymət verməyi bacarmalıyıq. Biz adətən həmyerlilərimizin məskunlaşdıqları ölkələrdə daha aşağı ranqlı vəzifələrdə çalışdığını görmüşük. Bu da tarixi proseslərdən qaynaqlanır. Nədənsə, bizim insanlar getdikləri ölkənin qayda-qanunlarına çətin adaptasiya olur, uzun müddət özlərini yad kimi aparırlar. Bu isə təbii olaraq onların uğur əldə etməsinə, mövqe sahibi olmasına əngəl törədir. 

Baxın, 100 il ərzində dünyaya səpələnən ermənilər özlərini ayaq basdıqları torpaqların sahibi kimi aparıb, özlərinə yüksək şərait yaradıblar. Bir də bizim Berlinə, Parisə səpələnən və ölkədən narazı olduğunu göstərən, daim terrorçu təfəkkürü ilə danışan, ölkəmiz adına həqarət yağdıran məxluqlarımıza baxın. Siyasi işidçilər hesab etdiyim bu insanlar təkcə Azərbaycan üçün deyil, yaşadıqları ölkə üçün də ciddi təhlükə mənbəyidir. İki azərbaycanlı xanımın isveçdə deputat seçilməsi Orduxan Temirxanlar, Vidadi İskəndərlilər, Leyla Yunuslar və digərləri üçün də bir cavabdır. Ən azından onlar dərk etməlidirlər ki, daha dəqiq hədəflər qoyaraq yüksək nəticələrə nail olmaq olar. Azərbaycan dövləti onların həmin ölkələrdə mövqe sahibi olmasına mane olmur ki? Azərbaycana qara yaxmaq üçün sərf etdikləri vaxtı öz üzərlərində işləsələr, onlar da həmin ölkələrdə iş- güc sahibi ola bilər. Görünür, kimlərinsə himayəsi altında Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaq onlar üçün daha rahatdır".

Vaxtı ilə Belçikada Azərbaycan və türk kökənli millət vəkillərinin olduğunu xatırladan Z.Oruc deyib ki, həmin şəxslər ölkəmizin müstəqilliyinin kövrək və çətin olduğu illərdə əllərindən gəldiyi qədər siyasi və mənəvi dəstək göstəriblər. Ümid edirəm ki, biz bu xanımların fəaliyyətində də oxşar addımların şahidi olacağıq. Onlar bircə dəfə belə İsveç parlamentində Azərbaycan həqiqətlərindən danışıb, Qarabağ problemini gündəmə gətirməsələr belə mövcudluqları Azərbaycan adına böyük uğurdur.

Şəymən







SON XƏBƏRLƏR

2018-11-21