2018-09-12 14:01:36   |   99 dəfə oxunub

Həkimi cəzalandırmaqla iş bitmir

“Əvvəlcə ana ölümlərinə səbəb olan nöqsanları araşdırıb üzə çıxarmaq lazımdır"

“Hamilə qadınların monitorinqini aparsaq, görərik ki, əksəriyyətinin böyrək, ürək problemləri olmasına rəğmən hamilə qalıb və doğuşa yaxın həkimə müraciət edir"



Ana ölümlərinə görə 11 tibb işçisi vəzifəsindən azad edilib. Baş mamaginekoloq Sevinc Məmmədova hər bir ana ölümünün Doğuşayardım Komissiyası tərəfindən müzakirə olunduğunu və müvafiq tədbirlər görüldüyünü deyib.

O qeyd edib ki, işlərində yol verdikləri nöqsanlara görə 1 baş həkim, 1 Regionlal Perinatal Mərkəzinin direktor vəzifəsini icra edən, 3 nəfər həkim mama-ginekoloq, 3 nəfər həkim anestezioloq-reanimatoloq, 1 nəfər həkim-cərrah, 2 nəfər orta tibb işçisi olmaqla, ümumilikdə 11 tibb işçisi tutduğu vəzifəsindən azad edilib, digərlərinə qarşı müxtəlif inzibati cəza tədbirləri görülüb və təkmilləşmə kurslarına göndərilib.

Tibb eksperti, professor Adil Qeybulla isə deyib ki, həkimlərin cəzalandırılması mövcud problemləri aradan qaldırmayacaq. Ən ağır cəza ölüm cəzasıdır, məgər cinayətlərin sayı azalır? Tibb işçilərinin cəzalandırılması düzgün metod deyil. Dünyanın bütün ölkələrində xəstəliklərin müalicəsi protokol əsasında aparılır. 

Həkimlər də müayinəni bu protokol üzərində aparır:

 "Xaricdə icbari tibbi sığorta paketi çərçivəsində xəstələrə lazımi yardım göstərilir. Hansısa bir cərrah əməliyyat başa çatar-çatmaz iş saatını tamamlayıbsa vəziyyəti ağırlaşan xəstəyə növbətçi həkim müdaxilə edir. Bizdə isə hər şeyə həmin cərrah özü cavabdeh olur. 

Bütün məsuliyyət də onun üzərində qalır. Əvvəlcə ana ölümlərinə səbəb olan nöqsanları araşdırıb üzə çıxarmaq lazımdır. Nəyə görə bu nöqsanlara yol verilib? Təcrübə göstərir ki, baş verən bədbəxt hadisələrin əksəriyyəti təbabətdəki özfəaliyyət və qeyri-protokolla bağlıdır. Hamilə qadınların monitorinqini aparsaq, görərik ki, əksəriyyətinin böyrək, ürək problemləri olmasına rəğmən hamilə qalıb və doğuşa yaxın həkimə müraciət edir. Doğum zamanı yaranan böyrək çatışmazlığına görə isə həkimi günahkar bilirlər. Halbuki hamilə qadınlar qeydiyyatdan keçməli və baş verə biləcək bütün xəstəliklərə qarşı önləm almalıdırlar".

A.Qeybullanın sözlərinə görə, ölkədə həkimlərə qarşı münasibət birmənalı olmadığı üçün onların xaricə axını çoxalıb. Türkiyədə, Almaniyada ixtisasartırma kurslarında iştirak edən həkimlərin əksəriyyəti ölkəyə qayıtmır. Hesab edirəm ki, bu axının qarşısını almaq lazımdır". 

Həkimləri cəzalandırma metodunun sovet təbabətinə xas bir xüsusiyyət olduğunu vurğulayan professor dünyanın heç bir ölkəsində bu cür cəza mexanizminin olmadığını deyib: "Həkimləri ancaq qanunu pozub, protokoldan kənara çıxdıqda cəzalandırmaq olar. Bizdə qanunda boşluqlar var. Əvvəla, sistemi qaydaya salmaq lazımdır ki, müvafiq qaydalara tabe olmayan həkimləri cəzalandıraq. Əgər tibb müsəssisələrində yüksək təchizat olsa, icbari tibbi sığorta sistemi tətbiq olunsa, səhiyyəmizdə tamamilə fərqli bir mənzərənin şahidi olarıq".

Şəymən







SON XƏBƏRLƏR

2018-11-21