2018-09-12 14:29:26   |   624 dəfə oxunub

Media həm də kadr bazasıdır

Vəzifələrə gedən jurnalistlər orada da özlərini doğruldurlar


Qəribə bir tendensiya yaranıb. Jurnalistikada peşəkarlaşıb özünü təsdiq edəndən sonra əksəriyyət mətbuatdan, televiziyalardan uzaqlaşıb başqa bir sahədə işləməyə üstünlük verirlər. Halbuki, mediada bir peşəkar kadr hazırlamaq çox əziyyətli işdir. Bu kadrlar cəmiyyət üçün güzgü və ictimai rəy üçün barometr ola bilər. Qərbdə, Rusiyada, Türkiyədə bu peşəkarlara böyük layihələr tapşırılır, hamının etimad etdiyi xəbər spikerləri olur, böyük məbləğli efir layihələrinə rəhbərlik edirlər. Bizdə isə tərsinədi: heç kim mediada karyera qurmaq barədə daha fikirləşmir. Hamı ilk fürsətdəcə qaçır.

70 yaşlı Qərb jurnalisti Somalidə ekstremal vəziyyətdə hansısa reportajı hazırlayır, amma bizdə 30-40 yaşdan sonra jurnalistlər karyera barədə düşünür. Qərb jurnalisti üçün peşə ölənə qədərdir. Ola bilsin, bu, maddi durumla da bağlıdır. Bəlkə Qərb jurnalisti daha rahat və maddi təminatlıdır, amma bizdə belə deyil. Qərb jurnalistləri jurnalistikadan tramplin kimi istifadə etmirlər. Sadəcə sevdikləri işlə məşğuldurlar və jurnalistika onlar üçün həyat tərzidir. Bizdə isə insanlar özlərinə yaxşı çevrə qurmaq, vəzifəyə yaxınlaşmaq üçün mediadan tramplin kimi istifadə edir. Sözsüz ki, bütün əziyyətlərə qatlaşıb qalanlar da var. Ölkənin bir çox ictimai fiqurlarının fəaliyyətlərinə nəzər salsaq, bunun əyani sübutunu tapmış olarıq.

Bəs, jurnalistlərin bu sahədən uzaqlaşmasının səbəbi nədir? Əməyin qiymətləndirilməməsi, yoxsa gəlir azlığı?

"Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli jurnalistikadan bir tramplin kimi istifadə edib, vəzifəyə keçməyi normal hesab edir. Müəyyən bir müddət jurnalistikada çalışıb, uğur qazanan insanların özlərini digər sahədə də sınamaq istəyi alqışlanmalıdır:

"Heç kimin arzu və istəklərinin qarşısına sərhəd çəkmək olmaz. Azərbaycan jurnalistikasını Milli Məclisdə layiqincə təmsil edir. Ayrı-ayrı dövlət qurumlarında çalışan jurnalist həmkarlarımız da özlərini doğruldublar. İnsanların jurnalistikadan hansı səbəbdən getməsinin səbəbləri müxtəlifdir. Başlıca amil isə bu sahənin az gəlirli olması ilə bağlıdır. Gəlin real danışaq. Uzun müddət jurnalistikada çalışan və bu sahədə peşəkarlaşan insanlar ən yaxşı halda redaktor ola bilir. Çünki ölkədə nəşr olunan qəzetlər və elektron saytlar özəldir və hər birinin də öz sahibi var. Əgər həmkarlarımız uzun illər bir qəzetdə müxbir, redaktor kimi çalışmaq istəmirsə, bizə ancaq onlara uğur arzulamaq düşür. Ancaq çalışıb jurnalistikanı daha cəlbedici və gəlirli bir sahəyə çevirməliyik ki, peşəkarlar bu sahədən uzaqlaşmasın. Dünyanın bir çox sahələrində olduğu kimi bizdə də medianın gəlirləri artsa, peşəkar jurnalistlərimiz də ömürlərinin axırına kimi köşə yazıları yazıb, müxtəlif təhlillər aparsınlar.

Uzun illərdir bu sahədə çalışan biri olaraq jurnalistikanın perspektivi yoxdur deyib, hər şeyin üzərindən xətt çəkməyi doğru hesab etmirəm".

E.Mirzəbəylinin sözlərinə görə, jurnalistikada qalıb onun prinsiplərinə xəyanət edib, peşə kodeksinə uyğun gəlməyən yollara əl atmaqdansa, iddialı insanların gəlir əldə etmək üçün başqa sahələrə yönəlməsini daha məqsədəuyğun hesab edirəm.

"Azadinform" informasiya agentliyinin baş redaktorunun müavini Elçin Bayramlı:

 "Belə hallar çoxdur. Həqiqi jurnalistlər heç vaxt mətbuatdan getmirlər. Bəziləri mətbuatdan, TV-dən tramplin kimi istifadə edir, vəzifəyə keçmək üçün. Belələri üçün nə mətbuatımızın inkişafı, nə də xalqın mənafeyi heç bir əhəmiyyət kəsb etmir. Yalnız özlərinin vəzifə və qazancları maraqlandırır. Ümumiyyətlə, vəzifə və pul hərisliyi mənfi xüsusiyyətdir. Düzdür, mətbuatda maaşlar azdır, mümkündür ki, bu maaşla dolana biıməyən şəxslər məcbur olub başqa sahədə işləməyə keçsinlər. Lakin artistlik edib vəzifə davası döymək həqiqi jurnalistə yaraşmaz. Bu peşə hər adam üçün deyil. Təəssüf ki, son vaxtlar necə deyərlər, hər yerindən duran mətbuata gəlib. Nəticə də bərbaddır".


Tanınmış tədqiqatçı jurnalist, Azərbaycan İnformasiya Mərkəzinin rəhbəri, www.azim.az internet portalının baş redaktoru Təbriz Vəfalı isə bildirib ki, jurnalistlərin hər hansı bir vəzifəyə irəli çəkilməsi təbii bir prosesdir və burada qeyri-adi bir şey yoxdur. Onun dediyinə görə, keçmiş SSRİ dövründə də bu cür ənənə mövcud olub və xeyli sayda jurnalist ayrı-ayrı sahələr üzrə müxtəlif məsul vəzifələrdə çalışıb:

 "Məsələn, sovetlər dönəmində keçmiş rayon mərkəzi komitələrində, indiki icra hakimiyyətləri adlandırılan qurumlarda şöbə müdirləri, rayon mərkəzi komitələrinin ikinci və üçüncü katibləri arasında jurnalistlər də olub. Digər tərəfdən, istər Azərbaycanın ikinci dəfə müstəqilliyini əldə etdikdən sonrakı ilkin illərdə, istər ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə, istərsə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 15 il ərzində də jurnalistlərin müxtəlif vəzifələrə irəli çəkilməsi ənənəsi davam etdirilib. Qeyd etdiyim kimi, burda qeyri-adi və anormal bir vəziyyət yoxdur. Hər kəs öz bacarığına, istedadına, təşkilatçılıq və idarəçilik qabiliyyətinə, həyat və iş təcrübəsinə, savadına, biliyinə və digər müsbət keyfiyyətlərinə görə hər hansı bir vəzifəyə təyin edilə bilər".

Mərkəz rəhbəri qeyd edir ki, jurnalistlər, xüsusilə də baş redaktorlar arasında deputat olmaq istəyənlər kifayət qədərdir. Baş redaktor xatırladır ki, bugünədək keçirilmiş parlament seçkilərində öz namizədliyini irəli sürmüş xeyli sayda həmkarımız olub: 

"Təkcə yazılı və elektron KİV-lərin deyil, müxtəlif jurnalist qurumlarının nümayəndələri də deputat olmaq arzusunda olublar. Onların bu arzusunu, deputatlıq istəyini bir neçə səbəblə əlaqələndirmək olar. Birincisi, bəzi media nümayəndələri düşünürlər ki, cəmiyyətdə müəyyən qədər tanınmaq, söz sahibi olmaq, ictimaiyyət tərəfindən müəyyən dərəcədə qəbul edilmək onlar üçün hər hansı bir vəzifəyə getmək, yaxud, deputat olmaq üçün böyük şansdır və həmkarlarımız bu şanslarını sınamaq qərarına gəlirlər. Bəzi həmkarlarımız isə ilkin mərhələdə öz maddi və mənəvi ehtiyaclarını təmin etmək məqsədilə deputat olmaq və ya vəzifədə işləmək arzusundadırlar. Amma yuxarıda dediyim kimi, bunun üçün bir sıra müsbət keyfiyyətlərə malik olmaq lazımdır. Yəni hər oxuyan Molla Pənah Vaqif ola bilməz. Başqa sözlə, hər jurnalist məmur və ya deputat ola bilməz. Bu gün parlamentdə Əflatun Amaşov, Hikmət Babaoğlu, Aqil Abbas kimi dəyərli, qiymətli, istedadlı və bacarıqlı həmkarlarımız deputat kimi fəaliyyət göstərirlər. Onların deputat olmaları təbii ki, adları çəkilən şəxslərin müsbət keyfiyyətləri ilə yanaşı, millətin, bir rayonun, yaxud bölgənin seçilmiş nümayəndəsi olmasına yerli vətəndaşların, seçicilərin böyük inamının olması da mühüm rol oynayıb. Yəni jurnalistin deputat olması üçün onun yuxarıda sadaladığım müsbət keyfiyyətlərə malik olması kifayət etmir. Bunun üçün insanların onlara inanmasını təmin etmək də vacib şərtlərdən biridir. Jurnalistlərin hər hansı bir vəzifəyə təyinatı məsələsinə gəlincə, bu da həmkarımızın öz işinə nə dərəcədə kamil olmasından, onun öz işinə, peşəsinə və vəzifəsinə nə qədər məsuliyyətlə yanaşmasından irəli gələn bir məsələdir. Hər halda bugünədək müxtəlif vəzifələrə təyin olunmuş jurnalistlərin digər həmkarlarımızdan üstün cəhətləri, keyfiyyətləri olub ki, onlar vəzifələrə irəli çəkiliblər. Bu da normal bir proses kimi qəbul olunmalıdır".

Peşəkar və tanınmış jurnalistlərin deputat, yaxud məmur olmaq istəyinə düşmələrinin, yaxud, onların vəzifələrə irəli çəkilməsinin jurnalistikamıza təsirləri barədə də danışan Təbriz Vəfalı vurğulayır ki, bu amil özünün mənfi və müsbət təsirləri ilə həmişə yadda qalıb. 

Tədqiqatçı jurnalist qeyd edir ki, bəzi həmkarlarımız düşünürlər ki, güclü maliyyə imkanı, yüksək vəzifələrdə çalışan qohum-əqrəbası, dost-tanışları olmayan jurnalistlərin vəzifəyə irəli çəkilməsi, yaxud, deputat olması qeyri-mümkündür: 

"Ancaq mən bu fikirlərlə razılaşmıram, deyilənləri qəbul etmirəm. Məsələn, mənim tanıdığım, vaxtilə mənimlə birlikdə çiyin-çiyinə çalışmış jurnalistlər var ki, onlar ayrı-ayrı dövlət qurumlarında mətbuat xidmətlərinin rəhbərləri və ya ictimaiyyətlə əlaqələr şöbələrinin əməkdaşlarıdırlar. Onların savadları, bilikləri, təcrübələri, təşkilatçılıq və idarəçilik qabiliyyətləri, istənilən işi öyrənməyə və tətbiq etməyə həddən artıq böyük maraqlarının olması və sair həmin həmkarlarımızın vəzifəyə irəli çəkilməsinə heç bir maneçilik törətməyib. Şübhəsiz ki, bu amil media nümayəndələrinin müxtəlif sahələri öyrənməsinə marağını artırır ki, bu, müsbət tendensiya kimi qəbul edilə bilər. Ancaq bununla belə, peşəkar jurnalistlərimizin başqa sahələrə yönəlməsi peşəkar medianın formalaşmasına və jurnalistikamızın daha uğurlu nəticələr əldə etməsinə müəyyən dərəcədə mənfi təsirini də göstərir. Ona görə də istər media qurumları, istərsə də yazılı və elektron KİV-lərin rəhbərləri ilkin mərhələdə jurnalistlərimizin peşəkarlaşması baxımından öz fəaliyyətlərini davam etdirməlidirlər ki, mediamızda boşluq yaranmasın. Amma boşluğun yaranmaması üçün də jurnalistlərimiz üçün stimullaşdırıcı variantlardan istifadə edilməlidir. Əgər bu gün həmkarlarımızın aldıqları maaşlar, qonorarlar kirayə pulunun ödənilməsi, həmçinin normal dolanışıq, ehtiyacların ödənilməsi üçün kifayət etmirsə, peşəkar jurnalistlərimizin deputatlıq, vəzifələrə seçilmək istəyi daim güclənəcək ki, bu da peşəkar jurnalistikamıza çox ciddi mənfi təsir göstərəcək".

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb







SON XƏBƏRLƏR

2018-11-21