2018-09-12 14:54:43   |   139 dəfə oxunub

"Azərbaycanın intensiv diplomatik təmasları uğurlu nəticələr verir" - Hikmət Babaoğlu



"Müasir beynəlxalq münasibətlər sistemində milli maraqların təmin olunması hər bir ölkənin və onun liderinin qarşısında duran əsas vəzifələrdən biridir. Bu prioritet isə intensiv dialoq və fəal diplomatik münasibətlərdən keçir”.

Bunu "Sherg.az”a Prezident İlham Əliyevin müntəzəm xarici səfərlərinin əhəmiyyətindən danışarkən "Yeni Azərbaycan” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, millət vəkili Hikmət Babaoğlu söyləyib.

Onun fikrincə, ölkə başçısının beynəlxalq münasibətlər sisteminin aktoru olan müxtəlif dövlətlərə müntəzəm və ardıcıl səfərləri həm ölkəmizin dünyaya inteqrasiyasını təmin edir, həm də milli maraqların bərqərar olunmasına xidmət edir:

"Prezident İlham Əliyevin son bir neçə gün ərzində üç mühüm səfəri - Rusiya, Qırğızıstan və Xorvatiyaya səfərləri və əldə olunmuş nəticələr qarşılıqlı faydalı münasibətlərin inkişafı və milli maraqların təmin olunması baxımından olduqca əhəmiyyətlidir. Prezidentin Rusiyaya rəsmi səfəri nəticəsində ölkələrimiz arasında ikitərəfli münasibətlərdə yeni səhifə açıldı. Xorvatiyaya rəsmi səfəri isə həm iki ölkə arasında münasibətlərin, həm də Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Səfər çərçivəsində müxtəlif sahələri əhatə edən əməkdaşlığın inkişafına dair aktual məsələlər müzakirə edildi. Bu, hər iki ölkənin milli maraqlarının təmin olunması və qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi baxımından böyük önəm kəsb edir.

Bundan əlavə ölkə başçısının Qırğız Respublikasının Çolpon-Ata şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə görüşündə iştirakı da təqdir ediləcək hal oldu. Ümumiyyətlə, artıq ənənə halını alan bu tipli görüşlər çoxtərəfli diplomatik münasibətlərin, mədəni, iqtisadi və humanitar əlaqələrin inkişafına xidmət edir.

Macarıstanın da bu görüşdə iştirak etdiyini nəzərə alaraq qeyd edə bilərik ki, bu format daha da genişlənir, gələcəkdə daha effektiv əməkdaşlıq və tərəfdaşlıq platformasına çevrilmək potensialına malikdir”.

Bütün bu səfərlərin ortaq cəhətinə gəlincə, H.Babaoğlu qeyd edib ki, görüşlərin əsasında Azərbaycanın ikitərəfli münasibətlərinin inkişafı, dünyaya inteqrasiya etməsi və ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsində beynəlxalq dəstəyin formalaşdırılması məqsədləri dayanır:

"Bu istiqamətdə həyata keçirilən intensiv diplomatik təmaslar uğurlu nəticələr verir. Xüsusilə də, cənab İlham Əliyevin ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri olan Rusiya Federasiyasına səfər etməsi, bu dövlətin Cənubi Qafqazdakı nüfuzundan və Dağlıq Qarabağ münaqişəsinin həlli imkanlarından istifadə etməsi məsələsini aktuallaşdırması olduqca mühümdür. Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən fəal tərəfdaşlıq və əməkdaşlıq diplomatiyası yeni perspektivlər müəyyənləşdirməklə bərabər, eyni zamanda, ölkəmizin dünya iqtisadiyyatına uğurla inteqrasiya etməsinə və beynəlxalq siyasi proseslərdə söz sahibi olan dövlətlərdən birinə çevrilməsinə xidmət edir”.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-11-19
2018-11-18