2018-09-12 15:33:23   |   632 dəfə oxunub

“Şərq” qəzetində “Nuru Paşa Odası” yaradıldı - Fotolar



Bugün "Şərq” qəzeti ənənəsinə sadiq qalaraq xalqımızın taleyində dönüş nöqtəsi olan bir günü - Bakının işğaldan azad olunması tarixinin 100 illiyini özünəməxsus şəkildə qeyd etdi.

"Sherg.az" xəbər verir ki, redaksiya nəzdində ötən il yaradılan Milli Mətbuat Tarixi Muzeyinə əlavə olunan daha bir otağın qapılarını ziyarətçilərin üzünə açdı. "Nuru Paşa Odası” adlanan bu şöbənin açılışında Türkiyənin ölkəmizdəki səfiri hörmətli Erkan Özoral, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, millət vəkili Qənirə Paşayeva, media və ictimaiyyət nümayəndələri iştirak ediblər. "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı qonaqlara muzeylə bağlı məlumat verərək bildirib ki, yeni otaqdakı dəyərli eksponatlar və tarixi materiallar məhz Bakının xilaskarı – Nuru Paşanın və onun rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun tarixi ilə bağlıdır. 

Baş redaktor tədbir iştirakçılarına Qafqaz İslam Ordusunun yaradılmasını zəruri edən tarixi amillər, ordunun yaranması, Azərbaycana gəlişi, komandan Nuru Paşa, gərgin dövrdə Qafqaz İslam Ordusunun yaradılmasında əməyi keçən böyük şəxsiyyətlər barədə ətraflı məlumatlar verib. Ziyarətçilərə, Nuru Paşa və digər tarixi şəxsiyyətlər haqqında zəngin materiallar, həmçinin 1918-ci ilin sentyabrından sona çap olunan milli mətbuat nümunələri, qəzet və arxiv materialları, qardaş Türkiyədə çap edilən dərgilər barədə geniş məlumat verilib. Səfir Erkan Özoral və millət vəkilləri görülən işi çox yüksək qiymətləndirdilər və "Nuru Paşa Odası” adlanan şöbənin 15 sentyabr gününə dəyərli töhfə olduğunu vurğuladılar.

Məlumat üçün bildirək ki, ötən il "Şərq” qəzeti redaksiyasında Milli Mətbuat Tarixi Muzeyi fəaliyyət göstərməyə başlayıb. Muzeyin yaradılması həm də Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə ərməğan edilib. Çünki muzeydə milli mətbuatımızın təşəkkül dövrü, istiqlal mücadiləsini siyasi müstəvi ilə yanaşı, eyni zamanda mətbuat səhifələrində də aparan məfkurə, insanlarımızın mübarizəsini əks etdirən materiallar, eksponatlar sərgilənir.


















SON XƏBƏRLƏR

2018-11-22
2018-11-21