2018-09-12 15:59:02   |   305 dəfə oxunub

"Ölən məhkumların əksəriyyəti həbsdən əvvəl ağır viruslara tutulublar" - AÇIQLAMA



"Azərbaycanda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində 10 məhkumun dünyasını dəyişməsi ilə bağlı məlumatlar son bir ayın deyil, bir neçə ayın ümumiləşmiş göstəricisidir”.

Bu barədə "Sherg.az”a "Konstitusiya” Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev məlumat verib. 

Onun sözlərinə görə, həmin məhkumlar ağır dərəcələri xəstəliklərdən dünyasını dəyişiblər:

"Müalicə müəssisəsində tibbi xidmət göstərilən şəxslər arasında HİV, xərçəng, narkomaniya, ürək, qan-damar xəstəlikləri və digər narahatlıqlardan əziyyət çəkən məhkumlar da var. Son bir neçə ayda dünyasını dəyişən məhkumlar isə vəziyyəti ən ağır formada olanlardır. Hansı ki, bu xəstələrin mülki həyatda müalicəsi belə mümkün olmayıb. Həmçinin xüsusi qeyd etməliyəm ki, dünyasını dəyişən məhbusların əksəriyyəti həbs edilməzdən əvvəl ağır viruslara tutulublar.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində mümkün olan bütün müayinə və müalicə tədbirləri həyata keçirilir. Müxtəlif tibbi aparatların köməyi ilə diaqnozlar qoyulur. Bu səbəbdən, hətta Azərbaycanda digər ölkələrə nisbətən ölüm halları daha az baş verir.

Bir faktı diqqətə çatdırım ki, 90-cı illərdə, demək olar, hər gün vərəm xəstəliyindən ölüm halları baş verirdi. Son 10 ildə isə bu səbəbdən ölüm halları 100 dəfə azalıb. Ümumi ölüm halları isə 33 dəfə azalıb. Bu yüksək göstərici isə xüsusilə beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilən irəliləyişdir”.

Qeyd edək ki, bir müddət öncə yerli mətbuatda yayılan xəbərə görə, son bir ay ərzində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində müxtəlif xəstəliklərdən müalicə alan məhkumlardan 10 nəfəri dünyasını dəyişib.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-09-26
2018-09-25