2018-09-12 16:34:48   |   285 dəfə oxunub

"Novxanı bağ massivinin sakinləri içməli suya həsrət qalıblar" - “Azərsu” vədinə əməl etmir



Bakının Novxanı bağ massivinin sakinləri su problemi ilə bağlı redaksiyamıza şikayət məktubu ünvanlayıblar.

Sakinlər iddia ediblər ki, bağ massivinin qazı və işığı, abad yolları olsa da, içməli su problemi hələ də həllini tapmayıb.

Novxanı sakinləri məsələ ilə bağlı "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə, digər aidiyyəti qurumlara dəfələrlə müraciət edərək bu bağ massivinin uzun müddətdir içməli su ilə təmin edilmədiyini diqqətə çatdırıblar:

"Biz bütün əlaqədar qurumlara müraciət etmişik. Müraciətlərdə vurğulamışıq ki, əsas su xəttindən bizə məsafə 1100 metrdir. Onun başında Mirab kimi su idarəsi dayanıb. Varlı sakinlər "Azərsu”nun yerli idarəsinin icazəsi ilə əsas xətdən hörümçək toruna oxşar onlarla su xətti çəkiblər. Maddi imkanı zəif olan sakinlər isə içməli suya həsrət qalıb. Doğrudur, "Azərsu”dan cavab məktubu gəlib. Problemin yoluna qoyulacağını bildiriblər. Amma hələ də bizə verilən vədlər elə vəd olaraq qalır. Novxanı massivi sussuzdur. "Azərsu” ASC-dən sözügedən massivə növbədənkənar su çəkilməsini, sayğac qoyulmasını xahiş edirik".

Sakinlərin sözlərinə görə, məlum problemlə bağlı "Azərsu” ASC -ə etdikləri müraciətə cavab məktubunda bildirilib ki, problemlə əlaqədar layihə hazırlanır:

""Azərsu” ASC-nin sifarişi ilə Abşeron yarımadasının yaşayış məntəqələrinin, o cümlədən Novxanı qəsəbəsinin su təminatı, tullantı sularının mərkəzləşdirilmiş qaydada kənarlaşdırılması məqsədi ilə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi hazırlanıb. Hazırda layihənin davam etdirilməsi məqsədilə qəsəbənin mərkəzi hissəsinin əhatə edən yaşayış məhəllələrində su şəbəkəsinin inşası işləri davam etdirilir”.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-11-20