2018-09-12 17:00:22   |   243 dəfə oxunub

"Paşinyan siyasi reallıqdan uzaqdır" - Sabiq XİN başçısı




"Nikol Paşinyanın Moskva səfəri onun siyasi təcrübəsinin olmadığını büruzə verdi”.

Bunu "Sherg.az”a erməni baş nazirin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən sabiq XİN rəhbəri Tofiq Zülfüqarov söyləyib. 

Onun fikrincə, baş nazirin bir-birinə zidd bəyanatları onun konkret mövqeyinin olmadığını sübut edir:

"N.Paşinyan Azərbaycanla müharibə təhlükəsini şərh edərkən qeyd etdi ki, Rusiyanın bölgədə müharibə təhlükəsinin reallaşmasına imkan verməyəcəyinə əmindir. 

Baş nazir Moskvaya gedəndə verdiyi şərhlərdə isə gələcəkdə Rusiya və Ermənistanın bir-birinin daxili işlərinə qarışmamalı olduğunu vurğuladı. Belə açıqlamanın özü də bir növ ziddiyyətdir. Ermənilər istəyir ki, Rusiya onların işğalçı siyasətinə zəmanət versin.

Digər tərəfdən Rusiyanın Ermənistanın daxili işinə qarışmamalı olduğunu söyləyirlər. Bütün bunlar N.Paşinyanın meydan təcrübəsindən irəli gələn istəkləridir. O küçədə seçicilərinə xoş gəlmək üçün radikal, populist bəyanatlar səsləndirdi. İndi isə hesab edir ki, Rusiyada bu bəyanatları təbliğ edə biləcək. Halbuki real siyasət belə addımlardan uzaqdır. 

Erməni baş nazir Rusiya siyasətçilərinə, xüsusilə, Vladimir Putinə Dağlıq Qarabağ münaqişəsinin nədən ibarət olduğunu başa sala bilməz. Kreml özü prosesin içərisindədir, tərəflərin hansı maraqları olduğunu yaxşı bilir.

N.Paşinyan Moskvaya onlar üçün təhlükəsizlik təminatı verən ölkənin rəyini öyrənməyə deyil, özünün təbliğatını aparmağa getdi. Bütün bunlar göstərir ki, baş nazir siyasi reallıqdan uzaqdır"

Qeyd edək ki, Rusiyaya səfəri çərçivəsində Moskvada biznes nümayəndələri ilə görüşdə çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatına görə, qondarma "Dağlıq Qarabağ Respublikası” gələcəkdə Ermənistan ərazisinin tamhüquqlu bir hissəsi olmalıdır. O bildirib ki, Ermənistan Azərbaycanla Dağlıq Qarabağ ərazisi ilə bağlı mübahisələrdə güzəştə getməyəcək.

Aysel Aslan









SON XƏBƏRLƏR

2018-09-24
2018-09-23