2018-09-12 17:22:14   |   102 dəfə oxunub

Aydın Quliyev: "...Hazırda dini mərasimlər daha yumşaq qeyd olunur"



"Ölkəmizdə son zamanlar insanlar Aşura mərasimlərini radikal formada icra etməyə meyl göstərmirlər”.

Bunu "Sherg.az”a "Bakı- Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

O bildirib ki, Azərbaycanın müstəqillik əldə etdiyi 90-cı illərin əvvəlindəki durumla müqayisədə hazırda dini mərasimlər daha yumşaq qeyd olunur:

"Bu müsbət tendensiya dövlətin həyata keçirdiyi maarifləndirici addımlar, bəzi hallarda inzibati metodların tətbiqi nəticəsində reallaşıb. Hesab edirəm ki, insanlar müasir dövrdə yaşadığımızı, orta əsr insanlarından təfəkkür cəhətdən fərqləndiklərini dərk edirlər. Bütün bunlar müsbət vəziyyət formalaşdırır.

Dini mərasimlər bizim üçün nə qədər əziz olsa da, bu tədbirləri orta əsrlərdəki kimi qeyd edə bilmərik. Aşura hadisəsindən ən azı 1200 ilə yaxın vaxt keçib. Bunu əməllərimizdə nümayiş etdirməliyik. Cəmiyyət bunu anlamalıdır. Radikal addımların azalması dinamikası davam etdikcə, bu hal sıfıra enəcək.

Hesab edirəm ki, əyani təşviqat vasitələrinin yayılması insanların dini təsəvvürləri üçün daha faydalı olacaqdır. Xüsusilə, orta məktəblərdə böyüməkdə olan gənc nəslin formalaşdırılması prosesində maarifləndirmə tədbirlərinin genişləndirilməsi müsbət effekt verə bilər”.

Qeyd edək ki, ötən günlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "Azərbaycan Dəmir Yolları" QSC ilə birgə "Dini ekstremizm - ictimai təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” adlı tədbirdə keçirib. Tədbirdə çıxış edən DQİDK-nin sədr müavini Səyavuş Heydərov bildirib ki, dini radikalizmdən istifadə etmək istəyən qüvvələr müxtəlif dövlət qurumlarına nüfuz etməyə çalışırlar. Komitə sədrinin sözlərinə görə, bu məsələdə hər kəs diqqətli olmalı və belə hallara imkan verilməməlidir.

Aysel Aslan











SON XƏBƏRLƏR

2018-09-25