2018-09-12 17:56:33   |   243 dəfə oxunub

"Paşinyan həbs dalğasını gücləndirmək niyyətindən əl çəkmir” - XAOS




"Ermənistanda gözlənilən həbslər Nikol Paşinyanın özünün də təmsil olunduğu "İrəvan klanı” ilə "Qarabağ klanı” arasında mövcud olan hakimiyyətdaxili mübarizənin doğurduğu reallıqlardır”.

Bunu "Sherg.az”a politoloq Elşən Manafov söyləyib. 

Onun fikrincə, gələn il baş tutacaq parlament seçkilərində üstünlük "Qarabağ klanı”nın tərəfindədir:

"Üstəlik "Qarabağ klanı”nın ölkənin bank, maliyyə, məhkəmə strukturlarında təmsilçiləri kifayət qədər çoxdur. Robert Koçaryanın həbsdən azad olunması barədə məhkəmə qərarını çıxaran hakim Serj Sarkisyan dönəmində ölkənin icra strukturlarında təmsil olunmuş şəxslərdən biridir. 

R.Koçaryanın həbsdən azad olunmasından sonra Rusiyanın ona sayğı göstərməsi sübut edir ki, rəsmi Moskva "Qarabağ klanı” ilə münasibətlərini əvvəlki səviyyədə qurmaqda maraqlıdır.

N.Paşinyan hakimiyyətə gəlişi ərəfəsində Rusiyanın əleyhinə kəskin fikirləri ilə seçilirdi. Hətta Rusiyanın Avrasiya İqtisadi Birliyindən, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxa biləcəyi iddialarını irəli sürürdü. Korrupsiyaya qarşı mübarizə aparmaq siyasəti də onun pafoslu çıxışlarında öz yerini tuturdu. İndi isə baş nazir erməni xalqına vəd etdiyi mübarizənin görüntüsünü yaratmaq niyyəti ilə addımlar atır. Həmçinin o növbədənkənar seçkilər ərəfəsində özünün nüfuzunu yüksəltməyə çalışır.

Ermənistanda həbslərin artmasının digər bir tərəfi isə Ermənistanın Qərbə inteqrasiyası proseslərinin sürətləndirilməsidir. Bu Rusiya tərəfdən ciddi narazılıq doğursa da, N.Paşinyan həbs dalğasını gücləndirmək niyyətindən əl çəkmir”.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin Moskvada keçirilmiş görüşdə Ermənistanın ikinci prezidenti Robert Koçaryanın məsələsini müzakirə ediblər. Görüşdən sonra jurnalistlərin suallarını cavablandıran erməni baş nazir R. Koçaryanı həbs etmək niyyətindən daşınmayacağını bildirib:
"Ermənistanda cinayət işi konkret şəxslərə qarşı deyil, Cinayət Məcəlləsinin pozulması faktına görə açılır. Ermənistanın bütün vətəndaşları qanun qarşısında bərabərdir və əgər Cinayət Məcəlləsinin pozulması faktı varsa, cinayət işi açılır və açılacaq da"

Aysel Aslan








SON XƏBƏRLƏR

2018-11-21