2018-09-12 18:03:03   |   275 dəfə oxunub

Paşinyan Fransa səfərindən də əli boş qayıdacaq - Şərh



"Ermənistanın baş naziri Nikol Paşinyan bir tərəfdən ölkəsini iqtisadi böhrandan çıxarmaq üçün maliyyə arayışlarına girərkən digər tərəfdən də xarici siyasətdə uğursuzluqlarını ört-basdır etməyə çalışır. Belə ki, N. Paşinyanın Rusiya səfəri çərçivəsində erməni iş adamları ilə görüş keçirib. Lakin bu görüş heç də N.Paşinyanın arzuladığı şəkildə baş tutmayıb". 

Bu barədə "Sherg.az"a analitik Ehtiram Aşırlı bildirib. O qeyd edib ki, erməni iş adamları ilə görüş zamanı Ermənistanın keçmiş prezidenti və baş naziri olmuş Serj Sarkisyanla xüsusi bağlara malik olan sadiq erməni biznesmenlər iştirak ediblər və Paşinyanla üzbəüz oturmaq onlarda narahatlıq yaradıb: 

"Görüş zamanı erməni iş adamlarından çoxu Paşinyanla sadəcə görüşə gəlib sonra da gediblər. Digər erməni iş adamları isə daha Ermənistana pul ötürməyəcəklərini bəyan ediblər. Çünki İrəvandakı yeni hökumətin onlar üçün əlavə baş ağrısı yaradacağından qorxurlar. Belə olduqda, onların yaxın təcrübədə olduğu kimi şantaj və saxta ittihamlar yolu ilə həbsə düşməmək üçün Ermənistana pul ayırmaq niyyətləri yoxdur. Beləcə o, öz ölkəsinə əli boş qayıtmaq məcburiyyətində olub.

Lakin bütün bunlara rəğmən Ermənistanın baş naziri Nikol Paşinyan hələ də maliyyə arayışlarındadır. Buna görə də növbəti səfəri sentyabrın 14-15 tarixlərində məhz erməni lobbisinin güclü olduğu ölkələrdən biri olan Fransaya səfər etməsi gözlənilir. 

Bu səfər çərçivəsində Paşinyan Fransa prezidenti Emmanuel Makron və Fransadakı erməni cəmiyyətilə görüşlər keçirəcək. N.Paşinyan erməni cənmiyyətilə görüşü zamanı Qarabağa aid sərt fikirlərlə ilə çıxış etməsi gözlənilir. Bu cür sərt fikirlər səsləndirməklə erməni cəmiyyətlərinin və xalqının rəğbətini qazanmağa çalışacaq. Həmçinin o, erməni cəmiyyətindən Ermənistanın iqtisadi böhrandan çıxarılması üçün kömək göstərilməsi məqsədilə maliyyə yardımı istəyəcək.

 N.Paşinyanın bu səfərdən də gözləntilərin altnda qayıtması ehtimalı olduqca yüksəkdir. Belə ki, hazırda Fransada fəaliyyət göstərən erməni cəmiyyətlərinin N.Paşinyana qarşı xoş münasibət göstərmələri gözlənilən deyil. Həmçinin erməni cəmiyyətlərinin çoxu Serj Sarkisyanla xüsusi bağlara malikdirlər. Digər tərəfdən N.Paşinyanın erməni cəmiyyətləri ilə görüşlər təşkil etməsindəki əsas məqsədlərdən biri də siyasi arenada özünə dəstək toplamaqdır.

Ermənistan baş naziri Fransadan da əli boş qayıdacağı təqdirdə ümid qalır ABŞ-a. Sentyabrın sonunda N.Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyasının açılışında iştirak etmək üçün ABŞ-a səfər etməsi gözlənilir. Ehtimal ki, N.Paşinyan ABŞ-da erməni cəmiyyətləri ilə görüşəcək və onlardan da siyasi, iqtisadi dəstək gözlədiyini bildirəcək.

Kənan Eynuroğlu 






SON XƏBƏRLƏR

2018-11-15