2018-09-12 18:58:41   |   170 dəfə oxunub

"Uşaqlara öncə ana dilini öyrətmək lazımdır" - Xalq şairi



"Rus dili Azərbaycanda yalnız digər xarici dillər kimi öryənilməlidir”

Bunu "Sherg.az”a sabiq millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı bildirib.

Onun sözlərinə görə, hazırda gənclərimizin rus dilinə üstünlük verməsi onların bu dilə marağının artması demək deyil:

"Bu daha çox ölkədə bəzi qurumların Rusiya meyilli siyasət aparmasının nəticəsidir. Ona görə də məktəblərdə rus dilində təhsil artırılır, universitetlərdə rus bölmələri saxlanılır. Rus dili qonşu dövlətin dili olduğu üçün, orada azərbaycanlıların yaşadığı və ya rusların ölkəmizdə yaşaması ilə əlaqədar olaraq xarici dil kimi öryənilməlidir. Lakin bütün amillərin rus dilində versiyasının olması düzgün deyil. Bundan başqa Rusiyada üç milyon azərbaycanlı yaşayır, onların da ölkəyə gəlməsini fikirləşsək, bu zaman Azərbaycanda rusca danışanların sayı çoxalacaq. Rus dilinə marağın artmasında bir az da ailələrin rolu var. Çünki onlar övladlarını rus dilli məktəblərə qoyurlar. 

O cür məktəblərdə siniflərə baxdıqda şagirdlərin içərisində bir-iki nəfərin rus olduğunu görürsən. Digərləri isə azərbaycanlılardır. Uşaq dünyaya göz açanda, məktəbə gedəndə ona öncə ana dilini öyrətmək lazımdır. Çünki insanın xarakterinin formalaşmasında ana dili çox vacibdir. Bu, yalnız siyasət deyil, həm də geoloji, bioloji bir amildir. 

İnsanlar ya bunu başa düşmürlər, ya da bunu bilə-bilə edirlər. Xüsusən də, Azərbaycanda yaşayan azsaylı xalqlar qəsdən öz övladlarını qonşu ölkələrin dilində oxudurlar. Onlardan soruşmaq lazımdır ki, sən bu dövlətin dilinə nə üçün hörmət etmirsən ? Axı sən Azərbaycanda yaşayırsan. Həmin uşaqlar sabah o ölkənin təbliğatçıları, vassalları, ən pis haldsa isə casusları olacaq”.

"Son illər Azərbaycanda rus ədəbiyyatına maraq azaldığı üçün Azərbaycanda bəşəri ədəbiyyat nümunələri yaranmır" iddiasına gəlincə, S.Rüstəmxanlı bəyan edib ki, rus ədəbiyyatının özü hər zaman Avropa ədəbiyyatının təsiri altında olub:

"Düzdür, rusların böyük ədəbiyyatı var. Bu ölkənin güclü yazıçı və şairləri olub. Amma rus ədəbiyyatı hər zaman Avropa, Fransa dövlətinin təsiri altında olub. Bu gün ölkəmizdə Rus ədəbiyyatı oxunmur. Ümumən ədəbiyyata maraq azalıb. Rus ədəbiyyatı oxunmursa, onun əvəzinə alman, avropa, yapon, amerikan, islam dinli ölkələrin ədəbiyyatı oxunur”.

Kənan Eynuroğlu







SON XƏBƏRLƏR

2018-09-26