2018-09-12 19:39:11   |   921 dəfə oxunub

ABŞ və Rusiya Suriya məsələsi ətrafında dil tapmasa... - ŞƏRH



"Amerika və Rusiya Suriya məsələsi ətrafında dil tapmayınca, gərgin vəziyyət davam edəcək”.

Bunu "Sherg.az”a politoloq Rasim Ağayev söyləyib. 

Onun fikrincə, tərəflər razılığa gəlməzsə, Suriya problemi pik həddinə çatacaq:

"Sovet İttifaqı dövründə Suriya, Liviya liderləri və böyük dövlətlər arasında müsbət münasibətlər var idi. Heç kim gözləməzdi ki, Sovet İttifaqı bütün dövlətlərə göstərdiyi hərbi köməyi, yardımları geridə qoyub, həmin ölkələrdən çıxacaq. O zamanda bu məsələlər siyasətçilərin marağında deyildi.

Hazırda isə vəziyyət dəyişib, Rusiya faktiki olaraq, dünyada ikinci supergücdür. Demək olar ki, Avro-Asiya bölgəsində Rusiya güclü dövlətdir. Avropalılar da bu dövlətin əhəmiyyətini yaxşı anlayır, münasibətlərin korlanmasını istəmirlər. Ona görə, Avropa və Rusiyanın bu əlaqələri Amerikanı narahat edir. Postsovet məkanında yeni formalaşan hərbi-siyasi qüvvə rəsmi Vaşinqtonu narahat etməyə bilməz.

Hazırda Amerika və Rusiya arasında danışıqlar aparıldığı, Suriya münaqişəsi ətrafında fikir mübadiləsi yürüdüldüyü deyilir. Çox güman ki, vəziyyətdən çıxış yolu kimi müəyyən tədbirlər planlaşdırılır. Çünki bu münaqişə ətrafında hərbi-siyasi gərginliyin artması heç bir supergücün mövqeyinə xidmət etmir.

Hesab edirəm ki, Yaxın Şərq kifayət qədər mürəkkəb regiondur. Ona görə, iki superdövlət razılığa gəlməli, münaqişənin həllinə çalışmalıdır. Bu dərəcədə böyük regionun tək bir dövlətə tabe olması mümkün olmayacaq. Hazırda Yaxın Şərqdə Qərbi Avropa, Amerika və Rusiyanın maraqları toqquşur”.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-09-26
2018-09-25