2018-09-12 21:06:05   |   646 dəfə oxunub

Rövşən Rzayev ÜST-ün Azərbaycana yeni təyin olunmuş rəhbəri ilə görüşüb



Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycanda yeni təyin olunmuş nümayəndəsi xanım Fatoş Hande Harmancı ilə görüşüb.

Dövlət Komitəsindən "Sherg.az"a verilən məlumata görə, R.Rzayev xanım Fatoş Hande Harmancını yeni təyinatı münasibəti ilə təbrik edib.

Azərbaycan Respublikası ilə ÜST arasında sıx əməkdaşlıq münasibətlərinin mövcud olduğunu qeyd edən Dövlət Komitəsinin sədri bu əməkdaşlığın ölkəmizdə səhiyyənin inkişafına, o cümlədən qaçqınlara və məcburi köçkünlərə göstərilən tibb xidmətinin yaxşılaşdırılmasına müsbət təsir göstərdiyini diqqətə çatdırıb. Qonağa məlumat verilib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalçılıq siyasəti nəticəsində iyirmi mindən çox azərbaycanlı həyatını itirib, on minlərlə insan yaralanıb, əlil olub, bir milyon iki yüz min nəfər doğma yurdundan didərgin düşərək qaçqın və məcburi köçkün kimi müvəqqəti sığınacaqlarda, sanitar-gigiyena normalarının tələblərinə cavab verməyən, sağlamlıq üçün təhlükəli yerlərdə yaşamaq məcburiyyətində qalıb.

Bununla belə, Azərbaycan dövləti özünün məcburi köçkün vətəndaşlarının, həmçinin Ermənistandan və digər münaqişə zonalarından ölkəmizə pənah gətirən qaçqınların ilkin ehtiyaclarını ödəmək üçün bütün imkanlardan istifadə edib.

Qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllinə, o cümlədən zəruri tibbi xidmətlə əhatə olunmasına bu gün Prezident İlham Əliyev tərəfindən böyük diqqət və qayğı göstərilir. Onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Məcburi köçkünlər üçün salınmış qəsəbələrin sayı 100-ə çatmaqdadır. Bu qəsəbələrin hamısında tibb məntəqələri fəaliyyət göstərir.

Ən ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi üçün Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü ilə icrasına başlanmış layihələr uğurla icra edilir. Bu məqsədlə Bakının Qaradağ rayonu ərazisində inşa olunmuş Qobu Park yaşayış kompleksindəki xüsusi təyinatlı mənzil fondundan son üç ayda 800-ə qədər məcburi köçkün ailəsinə yeni mənzil verilib.

Komitə sədri uzun illər ağır şəraitdə yaşayan məcburi köçkünlərin sağlamlığının bərpası, onlara göstərilən səhiyyə xidmətinin daha da yaxşılaşdırılması ilə bağlı layihələrin hazırlanmasında və icrasında ÜST-nin dəstəyinin əhəmiyyətli ola biləcəyini qeyd edərək xanım Harmancının bu sahədə əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Xanım Fatoş Hande Harmancı səmimi qəbula görə təşəkkürünü bildirib. Azərbaycanda məcburi köçkünlərə göstərilən diqqət və qayğının təqdirəlayiq olduğunu qeyd edərək deyib ki, ÜST-ün ölkəmizlə əlaqələrinin daha da möhkəmlənməsi üçün səyini əsirgəməyəcək.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.






SON XƏBƏRLƏR

2018-09-22
2018-09-21