2018-09-13 17:16:08   |   247 dəfə oxunub

"Baş yarma və zəncir vurmanın İslamın təməl prinsipləri ilə əlaqəsi yoxdur" - Anar Turan



"Aşurada Vətən, ailə və mənəvi dəyərləri sevmək, onların uğrunda mücadilə etmək aşılanmalıdır”.

Bunu "Sherg.az” açıqlamasında "Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun həmtəsisçisi, araşdırmaçı-jurnalist Anar Turan deyib.

Aşura gününün mahiyyəti barədə danışan ekspert bildirib ki, Məhərrəmlik müsəlman aləmində haram aylardan biri sayılır. Yəni bu ay günah iş görməyin cəzası və savabı dəfələrlə artıq olur:

 "Aşura günü Məhərrəm ayının 10-cu gününə düşən, din tarixində bir sıra önəmli hadisələrin baş verdiyi təqvimdir. Lakin bu ayı xüsüsi özəl edən Aşura günündə baş vermiş böyük hüzn və qəhrəmanlıq hadisəsidir ki, bu günə qədər unudulmur. Müsəlmanların Peyğəmbəri Məhəmməd əleyhissalamın sevimli nəvəsi İmam Hüseyin müridləri və ailə üzvləri ilə bərabər xəlifəlik taxtını zorla ələ keçirərək, tarixdə özünün pis obrazı və mənfi əməlləri ilə xatırlanan Yezid ibn Müaviyənin qoşunu tərəfindən qətlə yetirilib. 

Bu faciə nəinki İslam aləmində, bütövlükdə bəşər tarixində böyük iz buraxıb. Haqqla batilin, doğru ilə yalanın mübarizəsində bu amil həmişə önə çıxarılıb, İmam Hüseynin şəhidlik fəlsəfəsi təbliğ olunub. Bu baxımdan xalqımız əsrlər boyu bu dəyərə önəm verib. Lakin bəzən Məhərrəmlik ayının fəzilətlərini dərk etmədən, İmam Hüseynin mübarizəsini tam anlamadan addımlar atılır. Hansısa ateistin, dinsiz insanın Məhərrəmliklə bağlı bilmədiklərini danışması, insanların inanclarına toxunması halları ilə bərabər bəzi özünü "inanclı” hesab edənlər təhlükəli hərəkətlərə yol verirlər. 

Məsələn, kütləvi baş yarma, zəncir vurma səhnələri var ki, bunların İslam dininin təməl prinsipləri ilə əlaqəsi yoxdur. Qan çıxarmanı bir əzadarlıq ənənəsi hesab edənlər bunu daha sivil və faydalı görə bilərlər. Əlbəttə, bu prinriplərə riayət edən kifayət qədər insanlarımız da mövcuddur. Bu, çox faydalı və Allaha da xoş gedən bir addımdır. Çünki həqiqətən qana ehtiyacı olan nə qədər insanlar var. Lakin azyaşlı uşaqların bu kimi mərasimlərə qatılması məqsədəuyğun deyil. Onlara imam Hüseynin mübarizə fəlsəfəsi öyrədilməli, həqiqət və yalanın nə olduğu, Vətən, ailə və mənəvi dəyərlər və onların uğrunda mücadilə etmək aşılanmalıdır”.

Araşdırmaçı bəyan edib ki, dinə məsul qurumlar bu barədə müvafiq fətfalar və tövsiyyələr veriblər: 

"Bütün bunlar İslami dəyərlərin daha düzgün təbliğata əsaslanmanın vacibliyini izah edir. Azərbaycan xalqının böyük əksəriyyəti İslam dininə inanır. Əksəriyyət Məhərrəmlikdə hətta toy, şənlik eləmir. Məhərrəmliyin ənənələrinə riayət etməyə çalışır. Bütün bunlar yaxşıdır, lakin Məhərrəmliyin, Aşuranın həqiqi dərinliyi, məna yükümü, İmam Hüseyin haqq sevgisi, mübarizəsi düzgün təbliğ olunsa, cəmiyyətimiz üçün həm vətənpərvərlik, həm də insanpərvərlik baxımından daha faydalı olar. Ruhanilər bu məsələni xüsusən nəzərə almalıdırlar”.

İsmayıl








SON XƏBƏRLƏR

2018-09-24
2018-09-23