2018-09-13 17:53:35   |   229 dəfə oxunub

"Prezidentin bu fikirləri yalnız Paşinyana deyil, beynəlxalq qüvvələrə də bir mesaj idi"



"Prezident İlham Əliyev ATƏT-in baş katibi ilə görüşdə peşəkar siyasətçi kimi beynəlxalq hüquq müstəvisində çıxış etdi”.

Bunu "Sherg.az”a Azərbaycan Prezidenti İlham Əliyev və ATƏT-in baş katibi Tomas Qreminger arasında keçirilən görüşü analiz edərkən siyasi elmlər namizədi, politoloq Cümşüd Nuriyev söyləyib. 

O vurğulayıb ki, ölkə başçısı problemlərin beynəlxalq hüquq müstəvisində hansı istiqamətdə inkişaf edə biləcəyini göstərdi:

"Bu fikirlər yalnız Paşinyana deyil, beynəlxalq qüvvələrə bir mesaj idi ki, aidiyyəti təşkilatların beynəlxalq hüquq normaları pozulduğu halda buna etiraz etməməsi, susması özü də hüquq pozuntusudur. Nikol Paşinyan onsuz da ağır vəziyyətdə olan Ermənistanı daha da uçuruma aparacaq. Baş nazir Dağlıq Qarabağ münaqişəsi ilə bağlı addım atırmış kimi özünü göstərsə də, sonradan tamam fərqli mövqeyə keçdi. Nikol Paşinyan V. Putinlə görüşəndən sonra bir az da sərsəmlədi. Vladimir Putinin erməni baş nazirə nə isə vəd etməsi inandırıcı görünmür. Son çıxışlar göstərir ki, əslində Rusiya Paşinyana heç bir zəmanət verməyib. Nikol Paşinyan hələ də iki masada – həm Qərb, həm də Rusiya tərəfində oturur. İkitərəfli çıxış edən siyasətçi bu problemlə əvvəl axır üzləşməlidir. Ermənistan siyasi, iqtisadi iflasda olduğundan N.Paşinyan özünün hakimiyyət müddətini uzatmağa, Azərbaycanın daxilində müəyyən narazılıq yaratmağa çalışır.

Biz 25 ildən çoxdur ATƏT-in üzvüyük. Bu qədər uzun müddətdə qurum münaqişəni həll edə bilməyibsə, bundan sonra nə isə gözləməməliyik. Ona görə, ölkə başçısı ATƏT-in baş katibini qonaq kimi qəbul etdi, öz qətiyyətli fikirlərini səsləndirdi".

Qeyd edək ki, Tomas Qremingerlə görüşdə Prezident İlham Əliyev bildirib ki, Ermənistanın yeni baş nazirinin fəaliyyətə başladığı ilk günlərdən münaqişənin həlli ilə əlaqədar verdiyi ziddiyyətli bəyanatlar ən azı təəccüb doğurur. Xüsusilə "Azərbaycan qondarma "Dağlıq Qarabağ Respublikası” ilə danışıqlar aparmalıdır” tezisi qəbuledilməzdir. Bu, onu göstərir ki, Ermənistan rəhbərliyi danışıqları pozmaq istəyir. Azərbaycanın işğal edilmiş rayonlarının guya qondarma "Dağlıq Qarabağ Respublikası”nın tərkib hissəsi olması kimi bəyanatları da Azərbaycan qətiyyətlə rədd edir və Azərbaycan ATƏT-i bu təhlükəli bəyanatlara reaksiya verməyə çağırır. Ümumiyyətlə, Azərbaycan tərəfində belə bir qənaət yaranıb ki, Paşinyan hər vasitə ilə danışıqlar prosesini pozmağa çalışır. Belə olan təqdirdə bunun bütün məsuliyyəti Ermənistan tərəfinin və şəxsən Paşinyanın üzərinə düşəcək.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-11-21