2018-09-13 18:41:50   |   263 dəfə oxunub

Səməd Seyidov: "... İndiyə qədər Ermənistana sanksiya tətbiq olunmayıb" - İkili standartlar



"Ermənistanın yürütdüyü siyasət, Nikol Paşinyanın verdiyi bəyanatlar beynəlxalq təşkilatların bu ölkənin işğalçılıq siyasəti ilə bağlı faktlara ciddi yanaşmamasının nəticəsi kimi qiymətləndirilə bilər”.

Bunu "Sherg.az”a Azərbaycan Prezidenti İlham Əliyev və ATƏT-in baş katibi Tomas Qreminger arasında keçirilən görüş haqqında danışarkən Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov söyləyib.

Onun fikrincə, ATƏT-in Minsk qrupu həmsədrlərdən ibarət mexanizmə malik olsa da, bunun heç bir nəticəsi yoxdur:

"BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı qəbul etdiyi 4 qətnaməsi hələ də qüvvədədir. Avropa Şurası da rəsmi İrəvanın etnik təmizləmələr aparması, torpaqlarımızı işğal etməsi haqqında qətnamələr qəbul edib. Lakin Ermənistana indiyə qədər sanksiya tətbiq olunmayıb. İkili standartlar Ermənistanın regionda özbaşınalığına rəvac yaradır.

Beynəlxalq təşkilatlar Ermənistanı müvafiq strukturlardan kənarlaşdırsa, düşmən ölkə məcburiyyət qarşısında qalıb, konstruktiv addımlar ata bilər. Təşkilatların hərəkətə keçməsini iki mühüm faktor idarə edir: birincisi, Azərbaycan Respublikası Prezidentinin apardığı, ölkəmizin mövcudluğunu möhkəmləndirən siyasət, ikincisi, Nikol Paşinyanın yarıtmaz addımları. Çünki baş nazirin qeyri-real fikirləri, yarıtmaz siyasəti münaqişənin həllinə mane olmaqla bərabər Ermənistanın ciddi ölkə kimi siyasətini şübhə altına alır. Beynəlxalq təşkilatların bu istiqamətdə götür-qoy edib, addımlar atmağı müzakirə edəcəyinə əminəm”.

Qeyd edək ki, görüş zamanı Prezident İlham Əliyev Ermənistanda demokratiya adı altında insan haqlarının kütləvi şəkildə pozulması hallarına, Ermənistanın baş naziri tərəfindən siyasi rəqiblərinin həbsi haqqında verdiyi göstərişlərə, Ermənistanda yeni diktatura rejiminin yaranmasına ATƏT-in biganə qalmamasına dair mesaj verib.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-11-19
2018-11-18