2018-09-13 21:08:03   |   284 dəfə oxunub

"Aşura günündə uşaqların məktəbdə olması lazımdır" - Deputat



"Əsrlər öncə əcdadlarımız zəncirlə baş yarıb, sinə vurub, qan çıxarıblar. Bu o demək deyil ki, biz də müasir dövrdə bu addımları atmalıyıq”.

Bunu "Sherg.az”a Azərbaycanda Aşura mərasimlərinin keçirilməsi ənənəsindən danışarkən millət vəkili Tahir Kərimli söyləyib. 

Onun fikrincə, aidiyyəti qurumların təbliğ etdiyi kimi, insanların qanvermə aksiyalarına qoşulması məqsədəuyğundur:

"Qanvermə aksiyaların qoşulmaqla insanlar həm savab qazanar, həm də ehtiyacı olanlara kömək etmiş olarlar. Dində əsas niyyətdir. Əgər bir mömin İmam Hüseyn yolunda, onun şəhadəti üçün öz qanından keçirsə, onu xəstələrə bağışlayırsa, bu təmiz niyyətlər təqdir edilməlidir.

Azərbaycan İslam dünyasında ilk demokratik respublikanı yaradıb, ilk universitetin əsasını qoyub və s. Bütün bunlar ölkəmizin böyük tərəqqi yolunda addımlamasının nəticəsidir. İslam dünyasında öndə gedən ölkələrdən olan Azərbaycan bu sahədə də özünün mütərəqqi yanaşmasını ortaya qoyur.

Heç zaman yaddan çıxarmayaq ki, Azərbaycan xalqı tarixən milli və dini ideyalar, baxışlar sistemindən keçib. Ərazilərimizdə bütpərəstlik, atəşpərəstlik, xristianlıq mövcud olub. Ona görə, çoxmillətli cəmiyyət kimi bu konsepsiyalara hörmət olunduğunu qeyd edə bilərik.

Hesab edirəm ki, Aşura günü, İmam Hüseyn şəhadətinin elmi əsasla başa düşülməsi, mahiyyətinin dərk edilməsi daha vacibdir. Bunu təbliğ etmək, müsbət yönlərini gələcək nəslə aşılamaq daha məqsədəuyğundur. Aşura günündə uşaqların məktəbdə olması, mərasimlərdə iştirak etməməsi lazımdır. Valideynlər övladlarını özləri etdiyi kimi fiziki işgəncələrdən uzaq saxlamalıdırlar”.

Qeyd edək ki, ötən günlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "Azərbaycan Dəmir Yolları" QSC ilə birgə "Dini ekstremizm - ictimai təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” adlı tədbirdə keçirib. Tədbirdə çıxış edən DQİDK-nin sədr müavini Səyavuş Heydərov bildirib ki, dini radikalizmdən istifadə etmək istəyən qüvvələr müxtəlif dövlət qurumlarına nüfuz etməyə çalışırlar. Komitə sədrinin sözlərinə görə, bu məsələdə hər kəs diqqətli olmalı və belə hallara imkan verilməməlidir.

Aysel Aslan











SON XƏBƏRLƏR

2018-09-26
2018-09-25