2018-09-13 22:13:34   |   140 dəfə oxunub

Arif Məlikov: “Ən xoşbəxt günlərim nəvəmin doğulduğu illə bağlıdır”




Azərbaycanın görkəmli bəstəkarı, Bakı Musiqi Akademiyasının Bəstəkarlıq kafedrasının müdiri, Xalq artisti, "Heydər Əliyev", "İstiqlal" ordenləri laureatı, akademik Arif Məlikovun 85 yaşı tamam olur.
Xalq artisti doğum günü təəssüratlarını Publika.az-la bölüşüb.

- Arif bəy, ilk növbədə sizi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları və möhkəm can sağlığı arzulayırıq. Doğum gününüzdə özünüzü necə hiss edirsiniz? Bu günlə bağlı hansısa ənənəniz varmı?

- Səhhətimdə bir az naxoşluq olsa da, yaxşıyam. Artıq günortadan xeyli keçib. Buna baxmayaraq, telefonum kiçik fasilələrlə ardıcıl olaraq zəng çalır. Dostlarım, yaxınların zəng edib öz təbriklərini çatdırırlar.

- Geriyə dönüb baxanda həyatı doya-doya yaşamışam deyə bilirsinizmi?

- Təbii ki, xoşbəxt insanam. Telefonuma dayanmadan təbrik zəngləri gəlir, mümkün olan qədər cavab verməyə çalışıram. Hətta, bu gün yanıma gəlmək istəyən çoxlu insanlar vardı. Müəyyən problemlərdən dolayı görüşlərdən imtina etdim.

- İnsan övladı adətən doğum günlərində həssaslaşır, uşaqlıq illəri yada düşür. Uşaqlıqda qeyd etdiyiniz doğum günləri üçün darıxırsınız?

- Uşaqlıq xatirələri hər kəs üçün əzizdir.

- İllər sadəcə simvolik rəqəmlərdir. Özünüzü ruhən neçə yaşda hiss edirsiniz?

- Hansı yaşdayamsa, özümü o yaşda hiss edirəm. Hərdən də əndazəni keçirsən... Elə məsələlər var ki, onların hamısını yerinə yetirməyi özünə borc bilirsən. Amma onları bir adamın gücü ilə yerinə yetirmək mümkün deyil, odur ki, ətrafda olan yaşa dolmuş insanlarla gənclər əl-ələ verib öz gələcəyini qurmalıdır.

- Ömrünüzün ən gözəl baharı hansı illərə təsadüf edib?

- Ən xoşbəxt günlərim nəvəmin doğulduğu illə bağlıdır. Nəvə qayğısını sözlə çatdırmaq çətindir. İnanıram ki, qayğı ilə böyüyən və yaşayan övlad, həm də qayğıkeş insan olacaq.

- Müsahibələrinizin birində söyləmisiniz ki, həyatda ən böyük arzum nəvəmi xoşbəxt görməkdir.

- Bircə məni yox, bütün azərbaycanlı babalar nəvələrinin gələcəyini düşünür. Azərbaycanın gələcəyi gənclərimizdir. Bu prinsiplə hər kəs öz övladına, nəvəsinə ciddi və düzgün tərbiyə versə, nəticə yaxşı olacaq. İnsan həyatı və gələcəyini onun valideynləri müəyyən edir. Çalışın ki, övladlarınız və nəvələriniz həyatda öz yerini tapsın. Əgər insan bu barədə çalışsa, ailəsi və özü çox şey əldə edə bilər.

- Qocalıq sizi kədərləndirir, yoxsa bunu müdriklik əlaməti kimi qəbul edirsiniz?

- Başqalarını bilmirəm, lakin mənim sentimental duyğulara qapılmağa vaxtım olmur. "Olsaydı” və "kaş ki,” kimi təəssüf hissi ilə yaşamaq lazım deyil. Kiminsə köməyə ehtiyacı olduğunu görürsənsə, ona əl uzat ki, sonra gec olmasın. Yaxşı işlər görmək üçün qollar və beyin daim fəaliyyətdə olmalıdır. Bu fəaliyyət və hərəkət millətimizin, xüsusilə gənc nəslin xeyrinə olacaq.

- Həyatınızın ən çətin imtahanı nə olub?

- Gördüyün işlər ya yaxşı, ya da pis tərəfdən özünü göstərəcək. Qoy, pis cəhətlərə toxunmayaq.

- "Məhəbbət əfsanəsi” sizə ölkədə və dünyada böyük şöhrət gətirən musiqi əsərlərindən biridir. Arif bəy, gəncliyinizdə əfsanəyə çevrilə biləcək məhəbbət yaşamısınız?

- Sənətçi üçün sənət sevgisi, sənət nümunələrinin əks-sədası həyatda çox vacibdir. İnsanların gördüyün işdən zövq alması böyük xoşbəxtlikdir. Bu qədər...









SON XƏBƏRLƏR

2018-09-25
2018-09-24