2018-09-14 10:53:22   |   239 dəfə oxunub

ATƏT Ermənistana qarşı ölçü götürməlidir

Paşinyanın açıqlamaları təşkilatın missiyasına hörmətsizlik kimi qəbul edilməlidir



Ermənistanın baş naziri Nikol Paşinyan hələ də "məxməri inqilab" eyforiyasından çıxa bilmir. Bu amil isə onun istər daxili, istərsə də xarici siyasətində ciddi səhvlərə yol verməsi ilə nəticələnir. Erməni baş nazirin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qondarma rejimi tərəf kimi təqdim etməsi bütün beynəlxalq və hüquqi konvensiyaları pozur.

Əbəs deyil ki, dövlət başçısı İlham Əliyev ATƏT-in baş katibi Tomas Qremingeri ilə görüşündə bu məsələni xüsusi olaraq vurğuladı və bildirdi ki, Azərbaycan tərəfi bənzər bəyanatları qətiyyətlə rədd edir. Prezident məsələni baş katibin nəzərinə çatdıraraq ATƏT-in ermənilərin sərsəm bəyanatlarına reaksiya verməsini tələb edib. Müşahidə olunan odur ki, Paşinyan hər vəchlə danışıqlar prosesini uzatmağa, hakimiyyət müddətini artırmağa cəhd göstərir. Onun Rusiyaya səfəri zamanı soyuq qarşılanması heç də təsadüfi deyildi. 

Çünki Ermənistanda "məxməri inqilab" vasitəsilə hakimiyyəti ələ alan Paşinyan məhz anti-Rusiya şüarları ilə istəyinə nail oldu. Moskvadan dəstək görməyən baş nazir Dağlıq Qarabağ münaqişəsi ətrafında erməni ictimai rəyini formalaşdırmaqla mövqeyini gücləndirmək istəyir. Lakin həm Ermənistan daxilində, həm də beynəlxalq aləmdə mövcud olan mühit Paşinyanın siyasi "ölümünü" yaxınlaşdırır. Lakin dövlət başçısı İlham Əliyevin ATƏT-in baş katibi ilə görüşündə vurğuladığı kimi, bütün məsuliyyətlər bilavasitə Ermənistan tərəfinin, ələlxüsus da Paşinyanın üzərinə düşəcək. Çünki işğalçı Ermənistan rəhbərliyinin davranışları bütövlükdə regional təhlükəsizliyimizə qarşı təhdiddir. Paşinyan indiyə qədər aparılmış danışıqlar prosesinin üstündən xətt çəkərək, yeni qarşıdurmalara və Cənubi Qafqazda xaosa yol açmaq niyyətindədir. 

Siyasi şərhçilərin sözlərinə görə, Nikol Paşinyan Moskvadakı uğursuz və biabırçı çıxışı ilə erməni işğalçılığına bəraət qazandırdığını və barbarlığı təbliğ etdiyini açıq şəkildə sübut etdi. Azərbaycan tərəfi dialoq praktikasının yenidən bərpa edilməsinə çalışır və bu istiqamətdə beynəlxalq təşkilatlarla ciddi əməkdaşlıq edir. Ancaq Paşinyanın uğursuz diplomatiyası və beynəlxalq münasibətlərdən xəbərsiz olması gərginliyə təkan verir. 

Bu baxımdan hesab edilir ki, Prezident İlham Əliyevin ATƏT-in baş katibi ilə görüşündə Paşinyanla bağlı bəyan etdiyi ifadələr həm düşmən ölkəyə, həm də onları himayə edənlərə açıq xəbərdarlıqdır. Ona görə də beynəlxalq təşkilatlar, ilk növbədə isə ATƏT Paşinyanın təhrikedici və ədəbsiz çıxışları üçün ondan məsuliyyət tələb etməli, Ermənistana ciddi surətdə təzyiq göstərməlidir. Reallıq odur ki, artıq Ermənistanda da Paşinyanın uğursuz bəyanatlarının hansı nəticələr verəcəyini başa düşürlər. Məhz bununla əlaqədar olaraq xarici işlər nazirlərinin görüşünü təşkil etmək üçün ciddi səy göstərirlər.

Politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə açıqlamasında bildirib ki, ATƏT-in baş katibi Tomas Qremingerin ölkəmizə səfəri əsasən təşkilatla rəsmi Bakının əlaqələrini yüksək səviyyədə saxlamaq və Qarabağ münaqişəsi ətrafında müzakirələr aparmaqdır: 

"Baş katibin Azərbaycana səfəri ərəfəsində rəsmi İrəvanın münaqişənin həllinə zərbə vuracaq açıqlamalar verməsi, ümumiyyətlə, danışıqlar üçün bütün qəbul edilmiş prinsiplərin əleyhinə əks bəyanatlar səsləndirməsi heç də təsadüfi deyil. Bu açıqlamalar ATƏT-in missiyasına və baş katibə qarşı rəsmi İrəvanın demarşları kimi qiymətləndirilməlidir. Əgər, ATƏT-in Minsk Qrupu münaqişənin həllinə dair danışıqlarda əsas formatdırsa, o zaman Ermənistan hakimiyyətinin hazırkı açıqlamalarını təşkilatın missiyasına hörmətsizlik kimi qəbul etməlidir. Yaxşı olardı ki, ATƏT sədri İrəvan hökumətinə qarşı siyasi-diplomatik ölçülər götürsün. Bakıda növbətçi bəyanatlar verməklə öz missiyasını bitmiş hesab etməsin". 

Ekspertin sözlərinə görə, ATƏT-in baş katibi Ermənistanı Azərbaycanın hərbi təzyiqlərindən qorumaq üçün canfəşanlıq edir:

 "Qreminger Bakıda apardığı danışıqlarda əsasən atəşkəsin qorunmasını önə çəkirdi. Ermənistanın işğal etdiyi ərazilərdən çıxması barədə isə heç bir açıqlama vermir. Bu arada xarici işlər naziri Elmar Məmmədyarov növbəti dəfə danışıqlara hazır olduğunu bəyan edib. BMT-nin Baş Assambleyasının 73-cü iclası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü gözlənilir. Hesab edirəm ki, danışıqlarda erməni tərəfi Azərbaycandan atəşkəsə əməl edilməsini xahiş edəcək".

Politoloq Arzu Nağıyev də düşünür ki, ATƏT Ermənistan rəhbərliyinin Dağlıq Qarabağla bağlı təhlükəli bəyanat və iddialarına münasibət bildirməlidir:

 "Paşinyanın Dağlıq Qarabağ ətrafındakı 7 rayonun guya həmin separatçı qurumun tərkibinə daxil olması ilə bağlı bəyanatları Ermənistan rəhbərliyinin beynəlxalq qanunlara, xüsusilə də ATƏT-in Minsk Qrupu həmsədrlərinə hörmətsizliyinin bariz nümunəsidir. Populist vədlər verərək hakimiyyətə gələn Paşinyan düşdüyü mürəkkəb durumu necə həll edəcəyini bilmir. Əgər ATƏT doğrudan problemin sülh yolu ilə həllinə çalışırsa, o zaman deklorativ bəyanatlardan qaçmalıdır".

İsmayıl







SON XƏBƏRLƏR

2018-11-21