2018-09-14 11:11:32   |   237 dəfə oxunub

15 sentyabr Bakının qurtuluş günüdür

Nuru Paşa və Qafqaz İslam Ordusunun zabit və əsgərlərinə həmişə minnətdar olmalıyıq



Sentyabrın 15-də Qafqaz İslam Ordusu tərəfindən Bakının daşnak-bolşevik qüvvələrindən azad edilməsinin 100 illik yubileyi dövlət səviyyəsində geniş qeyd olunacaq. Çünki 15 sentyabr həqiqətən də qürurverici, Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsi kimi əlamətdar gündür.

1918-ci il sentyabr ayının 15-də Azərbaycan Əlahiddə Korpusu Qafqaz İslam Ordusu ilə birlikdə qanlı döyüşlər apararaq Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas ediblər. Azərbaycan və türk əsgərlərinin igidliyi nəticəsində qısa müddətdə Bakı ermənilərdən ibarət olan daşnak-bolşevik qüvvələrindən azad olunub. Bakını əldə saxlamaq üçün müxtəlif qüvvələrdən kömək uman daşnak və bolşeviklər buna nail ola bilməyiblər. Qafqaz İslam Ordusunun avqustun 5-dən Bakı üzərinə intensiv hücumları qarşısında dayana bilməyən düşmənlər geri çəkilib.

Günün önəmi ilə bağlı "Şərq"ə danışan araşdırmaçı-yazar Dilqəm Əhməd Cümhuriyyət dövrünün tədqiqatçısı kimi əminliklə ifadə edib ki, əgər Qafqaz İslam Ordusu olmasaydı, Azərbaycan Cümhuriyyətinin tarixi Tiflis və Gəncə dönəmi ilə bitəcəkdi:

 "Təsadüfi deyil ki, başda Məhəmməd Əmin Rəsulzadə olmaqla, Cümhuriyyət xadimləri 15 sentyabr hadisəsini 28 may istiqlal günü qədər önəmli hesab ediblər və dövlətimizin faktiki mövcudluğunu 15 sentyabr zəfər gününə bağlayıblar. Bakı həmin vaxt bolşeviklərin və ermənilərin əsarəti altında idi. Şaumyan və dəstəkçiləri mart ayında Bakıda, Qubada, Şamaxıda soyqırım törətmişdilər. Təsəvvür edin ki, müsəlman türk əhalisini qıranlar Bakıda hakimiyyətdə idi. Ona görə də Bakının azad edilməsi ancaq və ancaq türk ordusunun sayəsində mümkün ola bilərdi". Araşdırmaçı bildirib ki, türk ordusu Azərbaycan Cümhuriyyəti ilə Osmanlı xanədanlığı arasında bağlanmış müqavilə əsasında Bakıya gəldilər: "Bakı əhalisi onları böyük təntənə ilə qarşıladı. Bu baxımdan Nuru Paşa və Qafqaz İslam Ordusunun zabit və əsgərlərinə həmişə minnətdar olmalıyıq".

Tarixçi Elmar Həsənli də "Şərq"ə açıqlamasında bəyan edib ki, 15 sentyabr tarixi sözün tam mənasında Bakının qurtuluş günüdür:

 "1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyətinin elan olunmasından sonra Bakı şəhərinin azad olunması Cümhuriyyət tarixində ikinci mühüm hadisədir. Bu günü xüsusilə qeyd etmək lazımdır. Özü də gözləməməliyik ki, hər il sentyabrın 15-i gəlsin, sonra bu günü qeyd edək. Hər gün bu mövzudan danışmalıyıq, filmlər çəkməliyik, dərsliklərdə təbliğ etməliyik. Ən əsas isə Bakının qurtuluşunun qəhrəmanı Nuru Paşaya xüsusi abidə qoyulmalıdır. Gələcək nəsillər Bakının fatehini tanımalı, türkün bu şanlı tarixini unutmamalıdırlar".

İsmayıl







SON XƏBƏRLƏR

2018-09-24