2018-09-14 11:52:26   |   210 dəfə oxunub

Dünyaya meydan oxudu

Rusiya son 40 ilin ən böyük təlimlərinə başlayıb

Rusiya bu təlimlər vasitəsilə NATO-nu təxribata cəlb etmək istəyir



Rusiya növbəti dəfə dünyanı lərzəyə salıb. Son 40 ilin ən böyük təlimləri kimi dəyərləndirilən "Şərq-2018" təliminin ABŞ və digər qərb dövlətləri ilə böhran şəraitində yaşayan Rusiyanın həmin ölkələrə "əzələ nümayişi" olduğu qeyd olunur.

11 sentyabrda Sibirdən Sakit okean sahillərinə qədər uzanan geniş bir rayonda başlanıb 17 sentyabradək davam edəcək təlimlərdə 297 min hərbçi, mindən yuxarı təyyarə, helikopter və pilotsuz uçuş aparatları, 376 min tank və zirehli maşın, üç donanmanın 80 hərbi gəmisi, yəni Rusiya ordusunun, demək olar, üçdə biri iştirak edir. Bu, Sovet İttifaqının dönəmində "Qərb-81" manevrlərinin keçirildiyi 1981-ci ildən bəri ən böyük hərbi təlimdir. 

Çinin ilk dəfə qatıldığı manevrləri Türkiyə də izləyir.
Təlimlərin başlandığı məqamda Rusiyanın Vladivostok şəhərində Çin lideri Si Szinpinlə görüşən Rusiya Prezidenti Vladimir Putin dünyaya siqnal verib: "Çin və Rusiya siyasət, iqtisadiyyat, müdafiə sahəsində bir-birinə tam etibar edir".

Təlimlərin məqsədinə gəldikdə isə bu barədə bəyanat verən Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, "Şərq-2018" təlimləri quru, hava və dəniz qüvvələrinin koordinasiyasının təmini ilə böyük hərbi birləşmələrin bir məntəqədən o birinə operativ atılmasının məşqi xarakteri daşıyır. Əvvəllər sınaqdan keçirilməmiş desantatma taktikaları təlimlərdə ilk dəfə məşq ediləcək.

"Şərq 2018" təlimlərində S-300 və S-400 zenit raket komplekslərindən istifadə olunması NATO və Avropada ciddi narahatlıq doğurub. NATO Rusiyanın son 40 ildə həyata keçirdiyi ən böyük təlim kimi xarakterizə olunan "Şərq 2018"-lə bağlı açıqlamasında bu təlimləri Rusiyanın "genişmiqyaslı əməliyyata köklənməsinin sübutu" kimi dəyərləndirib. NATO rəsmi təmsilçisi Oana Lunqeskunun iddiasına görə, Rusiya böyukmiqyaslı münaqişəyə hazırlaşır. Onun sözlərinə görə, bu hazırlıq son zamanlar gördüyümüz davranış modelinə uyğun gəlir: müdafiə büdcəsini və hərbi iştirakı artıran daha təcavüzkar Rusiya".

NATO-da belə narahatlıq doğuracaq qədər dünyaya səs salan "Şərq 2018" təlimini şərh edən politoloq Azər Rəşidoğlu da "Şərq"ə açıqlamasında sözügedən təlimlərlə Rusiyanın dünyaya meydan oxuması iddialarını doğrulayıb. Onun sözlərinə görə, Rusiya bu təlimlər vasitəsilə NATO-nu təxribata cəlb etmək istəyir: 

Ukraynadakı müharibə səbəbindən Qərblə münasibətləri gərginləşən Rusiyanın böhrandan bir müddət sonra hərbi təlimlərə start verdiyini xatırladan politoloqun fikrincə, "Şərq 2018" təlimləri həm Ukrayna ətrafında gedən proseslərlə, həm də NATO-nun Şərqi Avropada silahlı qüvvələrinin yenidən qurulması ilə bağlıdır: 

"Son illər ərzində Şərqi Avropada NATO-nun yeni çevik briqadaları yaranmağa başlayıb. Eyni zamanda, ABŞ-ın qoşunlarını regionda yerləşdirməsi planı var. Təbii ki, bu planlar ilk növbədə Rusiyanı narahat edir. Bu planları reallaşdırmaq üçün Şərqi Avropa ölkələri səy göstərir. Rusiyanın keçirdiyi hərbi təlimlərdə hətta şərti düşmən yox, konkret düşmən göstərilir. Rusiya bu təlimlərdə düşmən kimi NATO qüvvələrini qəbul edir. NATO ölkələri isə bu ərazilərdə təlim keçirəndə konkret olaraq Rusiyanı nəzərdə tutur. Əlbəttə ki, bu, regionda hərbi-siyasi gərginliyə səbəb ola bilər. Düşünürəm ki, bu gərginlik yaxın illərdə də davam edəcək. 

Nə qədər ki, Ukraynada bu proseslər mürəkkəb olaraq qalır, nə qədər ki, sabitlik olmayacaq, Rusiya ilə Şərqi Avropa arasında vəziyyət gərgin olaraq qalacaq, hər iki tərəf hərbi aktivliyini artıracaq. Lakin Rusiyanın Krımı ilhaq etməklə və Ukraynanın şərqindəki separatçıları dəstəkləməklə beynəlxalq normaları tapdalaması Çinin heç də ürəyincə deyil. Praktik olaraq Rusiya Amerika və Avropa ilə münasibətlərində dürüstlükdən imtina edib, Çin isə münasibətlərdə qarşılıqlı faydalılıq prinsipini əsas götürür. Hazırda ABŞ-ın yaxın müttəfiqi Yaponiya qorxur ki, onun Amerika ilə hərbi əlaqələri ticarət müharibələrində istifadə olunsun".

Şəymən







SON XƏBƏRLƏR

2018-11-15