2018-09-14 13:42:18   |   218 dəfə oxunub

O, siyasətə küçədən gəlib

Paşinyan kimiləri üçün populizm xarakterikdir


Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdəki çıxışına münasibət bildirib. H.Hacıyev deyib ki, Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin danışıqlar masasına gətirilməsi barədə iddialarının yeganə məqsədi danışıqlar prosesini pozmaqdan ibarətdir.

XİN rəsmisinin sözlərinə görə, gücdən istifadə edərək Azərbaycan ərazilərinin hərbi işğalının davam etdirilməsinə görə, məsuliyyət daşıyan tərəf Ermənistandır: 

"İşğal faktına görə beynəlxalq hüquqi məsuliyyət münaqişə tərəfi kimi Ermənistanın üzərinə düşür. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əsasən Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmayana qədər Ermənistan bu məsuliyyətdən qaça bilməz". 

Nazirlik sözçüsü əlavə edib ki, Paşinyanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki erməni əhalisinə "Dağlıq Qarabağ xalqı" deyə müraciət etməsi tamamilə əsassız və absurddur: 

"ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən təqdim olunan və hazırda müzakirə edilən bütün sənədlərdə Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisi kimi erməni və azərbaycanlı icmaları müəyyən edilib. 

Ziddiyyətli açıqlamalarla çıxış etmək əvəzinə Ermənistanın baş nazirinə həmin sənədləri oxumağı, xüsusilə münaqişənin həlli ilə əlaqədar savadını artırmağı tövsiyə edirik. Bu kimi təxribat xarakterli və ziddiyyətli açıqlamalarla çıxış edərək, vəziyyətin gərginləşdirilməsinə və danışıqlar prosesinin pozulmasına görə məsuliyyət birbaşa Ermənistanın baş nazirinin üzərinə düşür". 

Paşinyanın açıqlamalarını dəyərləndirən analitiklər də XİN rəsmisi kimi düşünürlər. Onların fikrincə, təcrübəsiz baş nazirin başqa məqsədlər üçün ifadə etdiyi fikirlər nəticə etibarı ilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini mümkünsüz edir.

Paşinyanın danışıqlar prosesinə zərbə vuran bəyanatları ilə bağlı "Şərq"ə danışan siyasi elmlər namizədi Zaur Məmmədov hesab edir ki, küçədən gələn siyasətçilər üçün bu cur populist çıxışlar xarakterikdir. Lakin Paşinyan bilməlidir ki, onun seçki öncəsi daxili auditoriyaya hesablanmış bəyanatları cəbhədəki vəziyyətə mənfi təsir göstərəcək:

 "Paşinyan hakimiyyətə gələndə xalq müəyyən vədlər vermişdi. O, sabiq prezident Robert Koçaryanı, Serj Sarkisyanı uğursuz daxili və xarici siyasətdə günahlandırır, korrupsiyaya və mart hadisələrinə görə, zəruri addımlar atdığını iddia edir. Əslində Paşinyanın əsas məqsədi siyasi rəqiblərini arenadan təmizləməkdir. 

Təsadüfi deyil ki, 2 gün öncə internetdə Ermənistanın iki yüksək rütbəli şəxslərinin səs yazıları yayıldı və aydın oldu ki, çoxlarının da bildirdiyi kimi, bu hadisələr məhz siyasi sifariş xarakteri daşıyırdı. Belə məqamda Paşinyanın Dağlıq Qarabağla bağlı da hansısa açıqlamalar verməsi gözləniləndir. Çünki hazırda baş nazir çox çətin durumdadır. Ancaq Paşinyan anlamalıdır ki, münaqişə ilə bağlı bilərəkdən və ya bilməyərəkdən səsləndirdiyi bəyanatlar Ermənistanın ziyanınadır".

İsmayıl







SON XƏBƏRLƏR

2018-09-26