2018-09-14 13:53:18   |   343 dəfə oxunub

Dindarlar və dini icma üzvləri ilə güclü iş aparılmalıdır

Problemdən qısa zaman ərzində çıxa bilərik



"Yaxşı olar ki, həm Qafqaz Müsəlmanları İdarəsi, həm də Dini Komitə dindarlarımız və dini icma rəhbərləri ilə güclü iş aparsın. Əgər dindarlar və dini icma rəhbərlərini bu məsələdə razı sala bilsək, problemdən qısa zaman ərzində çıxa bilərik".

Bunu "Şərq"ə açıqlamasında "Azərbaycanda birgəyaşayış və multikulturalizm" kitabının müəllifi, "Azadinform" informasiya agentliyinin rəhbəri Niyaz Niftiyev deyib. Aşura gününün mahiyyəti ilə bağlı "Şərq"ə danışan tədqiqatçı bəyan edib ki, indiki dövrdə bütün insanlara xitab etmək, onlara nəyin düz, nəyin səhv olduğunu izah etmək çox çətindir: 

"Bildiyiniz kimi, Kərbəla hadisəsinin islam tarixində mühüm yeri var. Müsəlmanların yaşadığı bir çox coğrafiyalarda Kərbəla, xüsusən də Aşura mərasimləri müxtəlif rituallarla yad edilir, xatırlanır. Əlbəttə, hər bir cəmiyyətin bu məsələyə münasibəti fərqlidir. Azərbaycanda da Kərbəla hadisəsi müxtəlif formalarda qeyd olunur. Bu formalardan biri də baş yarmaq, zəncir vurmaq, göz yaşı axıtmaq və s-dir. Əslində bu forma dinin təlqini, islamın buyruğu deyil, insanların sevgisindən yaranan bir ənənədir. Bu ənənənin tarixi uzaq keçmişlərə gedib çıxır. Yəni insanlar illərdir gördüklərinin mahiyyətinə varmadan bu ənənəni davam etdirirlər. Bir məsələni qeyd edim ki, indi bu hal olsa da, kütləvi deyil".

Araşdırmaçının sözlərinə görə, media olaraq insanları Kərbəla hadisələri ilə bağlı məscidlərdə təşkil olunan tədbirlərə dəvət etməklə yuxarıda bəhs etdiyim "ənənəni" davam etdirməkdən çəkindirmək olar: "İndiki məqamda isə tam əksini edirik. Media və sosial şəbəkələr bu məsələdə maarifləndirmədən daha çox İraqda, İranda və digər müsəlman ölkələrində baş verən Aşura mərasimlərini tirajlayır. Bəzi saytlar il boyu oturub Aşura gününü gözləyirlər ki, gedib baş verənləri çəksinlər və "bəzəyib" yaysınlar. 

Bu, çıxış yolu deyil. Daha yaxşı olar ki, bu kimi hadisələr ictimailəşməsin. Sosial platformalarda zəncir vuran, baş yaran insanlar lağ obyektinə çevrilir. Mübahisələr, diskusiyalar aylarla davam edir. Bunun da heç bir maarifləndirici təsiri olmur. Xatırlayıram ki, uşaq olanda biz də kənddə (Cəlilabadın Təzəkənd kəndi -red.) Aşura mərasimlərini qeyd edir, zəncir vururduq. Lakin son illər kənddə yalnız məscidlərdə oturub din xadimlərinin söhbətlərinə qulaq asmaqla Kərbəla şəhidləri yad edilir. 

İnanın ki, Azərbaycanın bir çox yerində belədir. Zaman keçdikcə bütün ölkədə İmam Hüseyn və onunla bərabər qətlə yetirilən digər islam şəhidləri daha layiqli formada xatırlanacaq".

İsmayıl







SON XƏBƏRLƏR

2018-11-19
2018-11-18