2018-09-14 13:59:01   |   249 dəfə oxunub

Az qala şəhərdəki qızların hamısı biri-birinə oxşayır

Kəsmə burun, qaynaq saç, qaşlar tatuaj, süni kipriklər və şellak dırnaqlar “yarışa girib”

Dermatoloq isə iddia edir ki, gözəllik salonlarında süni uzadılan dırnaqlar insan həyatı üçün təhlükə mənbəyi ola bilər



Tanzaniyada qadın deputatlara süni kirpiklərdən və dırnaqlardan istifadə qadağan edilib. Müvafiq qərar parlamentin spikeri Cob Nduqay tərəfindən imzalanıb. Daha sonra həddindən artıq makiyajdan istifadə etməyə qadağa qoyulacağı da istisna edilməyib. Qeyd edək ki, qərar səhiyyə naziri Faustin Nduqulilenin süni kirpik və dırnaqların insan səhhətinə zərərli olması ilə bağlı çıxışından sonra qəbul edilib. Məlumata görə, infeksiyaya yoluxma diaqnozu ilə 700-dən çox qadın xəstəxanalara müraciət edib.

700 nə rəqəmdir ki? Süni kirpikli, uzun dırnaqlı qlamurkalardan bizdə "n" qədərdir. Məşhur müğənnisindən ictimaiyyət nümayəndəsinə, biznes ledisindən tələbəsinə qədər əksəriyyət gözəllik adı altında bir-birini təqlid edir. Az qala şəhərdəki qızların hamısı bir-birinə oxşayır. 

Kəsmə burun, qaynaq saç, qaşlar tatuaj, süni kipriklər və şellak dırnaqlar da öz yerində. Bu insanlar anlamır ki, gözəl görünmək üçün əvvəlcə gözəlliyin mahiyyətini dərk etmək lazımdı. Allah insanı necə yaradıbsa, o, həmin insanın ən gözəl halıdır.

Əslində gözəl görünmək üçün istifadə olunan bu vasitələrin hər birinin ayrı-ayrı insan orqanizminə vurduğu ziyanı dərk etmək üçün əlahiddə bir qanuna ehtiyac yoxdur. İnternetdə azacıq araşdırma aparsaq, həvəslə qol qoyduğumuz bu proseslərin orqanizmə vurduğu dəhşətli zərərlərdən asanlıqla xəbərdar ola bilərik. İstər yerli, istərsə də xarici təcrübədə gözəlləşmək istəyərkən daha bərbad görünən məşhur və ya sadə insanlar barədə də az eşitməmişik. 

Konkret olaraq süni kirpiklərlə, süni dırnaqların insan orqanizmində hansı fəsad törədəcəyinə gəldikdə isə süni kipriklərə görə görmə qabiliyyətini itirən insanları misal çəkmək olar. Dünya statistikasında bu cür qadınların sayının on minlərlə ölçüldüyü qeyd olunub. Araşdırmalara görə, süni kipriklərin bərkidildiyi yapışqan gözə ziyandır. Əksər hallarda saxta olan yapışqanlara çoxlu mikrob yığılır və onlar da asanlıqla gözə düşür.

Kosmetoloqlar hər nə qədər süni dırnaq və kiprik qaynağı prosesinin olduqca ağrısız və fəsadsız olduğunu iddia etsələr də, xanımlarımız öz sağlamlıqlarına qarşı daha diqqətli olmalıdır. Atalar boşuna deməyib ki, "Ehtiyatlı oğulun anası ağlamaz". 

Gördüyümüzü qoyub, niyə eşitdiyimizə inanmalıyıq?

Dermatoloq Sahib Rzayev də uzun və süni dırnaqların təhlükə mənbəyi olduğunu deyib. Onun sözlərinə görə, dırnaqların arasında infeksion, qurd xəstəlikləri, bakteriyalar yerləşir. Bunun nəticəsində də mədə-bağırsaqda, hətta qanda xəstəliklər meydana gələ bilər. Dermatoloqun fikrincə, qısa, boyasız sağlam dırnaqlar həm gözəl, həm də daha təhlükəsizdir.

Süni dırnaqlara meyl edən qadınlar da diqqətli olmalıdır. Çünki belə dırnaqların insana zərərli olub-olmaması bir sıra alimlər tərəfindən araşdırma mövzusudur. Amerika alimləri həyəcan təbili çalır. Gözəllik salonlarında süni uzadılan dırnaqlar insan həyatı üçün təhlükə mənbəyi ola bilər. Bu dırnaqlar gözəl göründüyü qədər də təhlükəlidir. Bu prosedurlar zamanı qadının aldığı ultrabənövşəyi şüalar dəri xərçənginin ilkin səbəbidir. Hər il dünyada minlərlə qadının yolu məhz gözəllik salonlarından sonra onkoloji xəstəxanalardan keçir. Aparılan araşdırmalar sonunda, alimlər əmindirlər ki, dırnaq qaynağı həyatınızı təhlükəyə atan gözəllik prosedurlarının sırasında liderlik edir.

Mütəxəssisfikrinə görə, spirtləmə, qaynatma təhlükəli viruslara təsir göstərmir. Tam dezinfeksiya üçün xüsusi aparatlardan istifadə olunmalıdır. Bu qurğuların orta qiyməti 120-350 manatdır. Avadanlıqlarda olan ultrabənövşəyi şüalar bakteriyaları, göbələkləri tamamilə məhv edir və bundan sonra istifadə tam təhlükəsiz olur: "Bu qurğulardan isə əksər gözəllik salonlarında olmadığı üçün infeksiya yolu ilə həyata keçirilən prosedurları icra etmək düzgün deyil. Xüsusilə qanla əlaqəli prosedurlar təmiz şəraitdə aparılmalıdır. Salonlarda isə aləm biri-birinə dəyir, salonun hər yerində saç, dırnaq, tük tapmaq mümkündür. Nəinki qanla əlaqəli prosedurlar, hətta dəridə aparılan "təmizləmə" belə, gözəllik salonlarında edilməməlidir. İnanmıram ki, hansısa gözəllik salonunda hepatit əleyhinə məhlul olsun. Buna görə də istənilən ambulator qaydada prosedur aparılan yerlərdə ilk növbədə müasir sterilizasiya qaydalarına əməl edilməlidir. 

Çünki adi qaynama vasitələri ilə virus infeksiyalarını məhv etmək mümkün deyil. Ya da alətləri mikrodalğalı sobada 280 dərəcədə qoyub, deyirlər ki, mikroblar ölür.

Qeyd edək ki, gözəllik salonlarında alətlərin sterilizasiyası olduqca vacib amil olsa da, bəzən bu qaydalara əməl edilmir. Belə olan halda müxtəlif xəstəliklərin yaranması da qaçılmaz hala çevrilir". Dermatoloq-kosmetoloq Vəfa Məmmədli isə süni dırnaq və kipriklərin ciddi bir zərəri olmadığını düşünür. Daha doğrusu, o, indiyə qədər bununla bağlı ağırlaşma ilə qarşılaşmayıb: "Əgər qaynaq zamanı aseptik qaydalara riayət olunsa və prosesi professional adam yerinə yetirsə, heç bir problem olmaz. Nəticədə bu vasitələr qadınları gözəlləşdirir" .

Şəymən







SON XƏBƏRLƏR

2018-11-18
2018-11-17