2018-09-14 14:22:26   |   106 dəfə oxunub

Dərslər başlayır, məktəblərdə dezinfeksiya işləri aparılıbmı?

Təhsil Nazirliyindən cavab verən olmadı

Ekspertlər isə tədris ilinin əvvəlində təmizlik işlərinin aparılmasının məcburi olduğunu bildirib



Sabahdan yeni tədris ili başlayır. Hazırlıqlar demək olar, tamamlanıb. Valideynlər pis-yaxşı, övladlarını məktəbə göndərməyə hazırdırlar. Məktəbli forması, məktəb ləvazimatlarının alınması nə qədər problemli olsa da, valideyn borc-xərc, çalışıb uşağının məktəb hazırlığını tamamlayır. Şükür ki, ölkəmizdə yeni tədris ilinin başlanması övladı məktəbə, yaxud, ali təhsil müəssisəsinə ilk dəfə ayaq basan ailələr üçün əsl bayramdır.

Bəs, məktəblər yeni tədris ilinə və şagirdləri qarşılamağa nə dərəcədə hazırdır. Bununla, nə təmir işlərini, nə məktəb avadanlıqlarını, nə də peşəkar, savadlı müəllimlərinin az və ya çox olmasını nəzərdə tutmuruq. Söhbət məktəblərin təmizliyindən gedir. Bir neçə gündür, Türkiyə televiziyalarında sinif otaqlarının dezinfeksiya edilməsindən reportajlar verilir. Xüsusi geyimli şəxslərin dezinfeksiya dərmanları ilə sinif otaqlarını, oturacaqları dərmanladığı göstərilir. Bəs bizdə necə, oxşar işlər aparılırmı?

Təəssüf ki, sualımıza Təhsil Nazirliyindən cavab ala bilmədik. Nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun telefonunu gah bir başqası (bəlkə də köməkçisi idi - red.) qaldırıb, müdirin şəhər telefonu ilə danışdığını dedi, gah da C.Valehov özü görüşdə olduğunu və bir qədər sonra onunla əlaqə saxlamağımızı istədi. "Bir qədər sonra" isə uzun çəkdi.
Ona görə də sualımızı təhsil məsələləri üzrə ekspert Kamran Əsədova ünvanladıq.

K.Əsədov "Şərq"ə açıqlamasında orta məktəblərdə dezinfeksiya işlərinin aparılmasının məcburi xarakter daşıdığını bildirdi:

- Orta ümumtəhsil məktəblərində iaşə xidmətinin göstərilməsinə dair Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalar mövcuddur. Təsdiqlənmiş "Qaydalar"a əsasən ölkə üzrə fəaliyyət göstərən 4472 orta ümumtəhsil məktəblərinin hər birində dezinfeksiya işləri mütləq aparılmalıdır və aparılır da. Həm də təkcə yeni tədris ilinin başlanğıcında deyil, ildə bir neçə dəfə bu işlər aparılır. Dezinfeksiya işlərinin aparılması məktəbin yerləşdiyi regiondan asılıdır. "Qaydalar"da rütubətli, quru, dağlıq, dağətəyi, aran zonalarındakı məktəblərlə bağlı göstərişlər var. Məktəblərdə dezinfeksiya işlərinin aparılması zonaların iqliminə, yerləşməsinə görə dəyişir. Elə yerlər var, orada məktəblər üç həftədən bir, elə yer var, beş həftədən bir dezinfeksiya edilir. Aran zonası ilə dağlıq zonalar fərqlidir. Şagird sayındakı fərq də dezinfeksiya işlərinin aparılmasına təsir edir. Əlbəttə ki, dezinfeksiya işlərinin aparılması vacibdir, zəruridir. Qurd xəstəlikləri əleyhinə, bakteriyalara qarşı bu işlər mütləq aparılmalıdır.
K.Əsədov qeyd etdi ki, dezinfeksiya işlərinin aparlımasına dövlət büdcəsindən konkret vəsait ayrılır.
Ali təhsil müəssisələri isə dezinfeksiya işlərini daxili imkanları hesabına edir. Etməlidirlər də.

Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov da dezinfeksiya işlərinin aparılmasının zəruri olduğunu dedi:

- Xüsusilə məsələ kiçik yaşlı uşaqlar, ibtidai sinif şagirdləridirsə, sinif otaqlarının, dəhlizlərin, sanitar qovşağının, məktəb bufetinin, yeməkxananın, mətbəxin, aşbazxananın dezinfeksiya olunması mütləqdir. Uşaq orqanizmi hər cür parazitar xəstəliklərə, viruslara həssasdır. Fikir verirsinizsə, son zamanlar uşaqlarda qurd xəstəlikləri geniş yayılıb. Bunlar hamısı şəxsi gigiyena və ətraf mühitin təmizliyi ilə bağlıdır. Qrip viruslarının yayılmasının qarşısını almaq üçün də dezinfeksiya işlərinin aparılması zəruridir. 

Profilaktik tədbirlər mütləq həyata keçirilməlidir. Bəzən valideynlər dezinfeksiyaedici dərmanlardan ehtiyatlanır, amma nahaq. Dezinfeksiya məqsədilə istifadə olunan dərmanların tərkibində toksiki maddələr olmur. Bu cür dərmanlar 1-2 sutkalıq təsir mexanizminə malikdir və adətən dərslərin başlamasına bir neçə gün qalmış dərmanlama işləri bitir. Uşaqlar da rahat sinif otaqlarında əyləşə bilər.

Ş.Məmmədov vurğuladı ki, məktəblərdə dezinfeksiya işlərinin aparılması öz yerində, valideynlər uşaqların gigiyenasına ciddi fikir verməlidir:

- Uşaq gigiyenası deyilən bir sahə var. Valideyn şəxsi gigiyena qaydalarını övladı məktəb yaşına çatanadək artıq ona öyrətməlidir. Gəzintidən evə qayıdanda, nahar etməzdən öncə əllərin sabunla yuyulmalı olduğunu uşaq lap kiçik yaşlarından bilməli və bunu vərdişə çevirməlidir. Valideyn uşağa aşılamalıdır ki, ətrafını təmiz saxlasın, yerə düşən qaşıqdan, çəngəldən yuyulmamış təkrar istifadə etməsin. Eləcə də hər hansı qida yerə düşübsə, onu alıb yeməsin. Burda çox detallar var. Yaxşı olardı ki, ibtidai sinif otaqarında əllərin yuyulması üçün imkanlar yaradılsın. Çünki kiçik yaşlı məktəblilər adətən fasilədə sinif otağından çıxmır. Əyləşdikləri yerdə nahar edirlər. Düzdür, indi cürbəcür, həm quru, həm də nəm kağız dəsmallar var. Amma əllərin sabunla yuyulması ən yaxşı təmizlik vasitəsidir.

Məlahət Rzayeva







SON XƏBƏRLƏR

2018-09-25