2018-09-14 14:30:12   |   96 dəfə oxunub

1920-ci illərin mətbuatı...

Azərbaycanın sovetləşməsi ilə ədəbi dilin formalaşması prosesinin yeni bir mərhələsi başlayıb



(Əvvəli ötən sayda)

Mətbuat tədqiqatçısı, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı "Azərbaycan mətbuat tarixi, II hissə, (1920-1990)" adlı kitabında AXC-dən sonra Sovet Azərbaycanında nəşr olunan qəzet və jurnallar barədə ayrı-ayrılıqda məlumat verib. Müəllif qələmə aldığı əsərdə vurğulayıb ki, Azərbaycanın sovetləşməsi ilə ədəbi dilin formalaşması prosesinin yeni bir mərhələsi başlayıb. Latın qrafikasına keçid, əcnəbi söz və terminlərdən dilin təmizlənməsi, ədəbi dil normalarının elmi əsaslar üzərində müəyyənləşməsinə edilən cəhdlər 1920-1930-cu illər mətbuatının əsas uğurlu istiqamətlərindən olub...

"Füqəra Füyuzatı"

Akif Aşırlı "Azərbaycan mətbuat tarixi" adlı kitabında qeyd edib ki, ədəbi, elmi, ictimai-siyasi, şəkilli toplu olan "Füqəra Füyuzatı"n Azərbaycan Hərbi İnqilab Komitəsinin orqanı kimi nəşri iki həftədə bir dəfə nəzərdə tutulub. "Füqəra Füyuzatı"nın 1920-1921-ci ildə cəmi üç nömrəsi işıq üzü görüb: "1920-ci ildə 1 sentyabr və 1 noyabrda iki sayı, 1921-ci ilin aprel ayının 28-də isə bir sayı çap edilib. Jurnal Ağababa Yusifzadənin müdirliyi və Məmməd Səid Ordubadinin baş redaktorluğu ilə nəşrə başlayıb. "Füqəra Füyuzat"nın ilk sayı Nəriman Nərimanovun şəkli və "Kommunizm nə verəcəkdir" məqaləsi ilə açılırdı. Nəşrin məqsəd və məramı ilk sayda Yusifzadənin "Pərdə eniyor, pərdə qalxıyor" məqaləsində şərh olunub. Yusifzadə jurnalın yeni biçimli proletar ədəbiyyatı yaratmaq məramını açıqlayaraq yazırdı: "Məcmuəmizin başlıca məqsədlərindən biri də məmləkət içrə qeyri-mütəşəkkil halda bulunan üdəba və şüəranı bir yerə toplayaraq, füqəra nəfinə olmaq şərtilə onların qələmlərindən tərşih edən abdar kəlamlardan istifadə etməlidir. İştə təqib etdiyimiz məram, iştə məcmuəmiz". "Pərdə eniyor, pərdə qalxıyor" məqaləsi ilə 1907-ci ilin noyabrında fəaliyyətini dayandıran "Füyuzat" jurnalı ilə yenicə nəşrə başlayan "Füqəra Füyuzatı" arasında müqayisəni araşdırmağa çalışan M.S.Ordubadi dövrün tələbinə uyğun paralellər axtarmağa çalışırdı: "Ünvanımıza yazdığınız "Pərdə eniyor, pərdə qalxıyor" kəlmələri gərək ki, xələflərimizi əvvəlcə bir az düşündürmüşdür. Ona görə də bir neçə kəlmə izahat vermək istiyoruz". "Füqəra Füyuzatı" geniş bir proqramla nəşr olunurdu. Jurnalda siyasətə, ədəbiyyata, tarixə, pedoqogikaya, coğrafiyaya, qadın problemlərinə dair məqalələr, siyasi-publisistik yazılar dərc olunurdu. Ordubadinin və Dadaş Bünyadzadənin "Bir sənəlik siyasət", "İctimai-siyasi", "Bütün dünya şərq hesabına yaşamaq istəmiş", Salman Mümtazın ədəbiyyat tarixinə həsr etdiyi "Azərbaycan şairi - Nəşə", "Sultan-üşşəca Həbibi", Sultan Məcid Qənizadənin pedoqogikaya həsr etdiyi "Körpə uşaqların tərbiyəsi", Q.R.Mirzəzadənin "Azərbaycan coğrafiyası", Ş.Əfəndizadənin qadın hüququndan bəhs edən "Bəşəriyyətin nəsvi-nüması", "Şərq qadınları" kimi məqalələri dərc olunub.

"Füqəra Füyuzat"ın ədəbiyyat rubrikasında Hüseyn Cavidin "İblis" faciəsi, S.Manafzadənin "Ey inqilab, ey naciyi-miləl", M.S.Ordubadinin "Eşq və şeir", Feyzulla Sacədin "Aclıqdan ölən bir fəqir cocuğun qarşısında", Ümmugülsümün "Hicran" kimi şeirləri çap edilib. "Füqəra Füyuzat"ın son nömrəsində 28 aprel işğalının əsas iştirakçıları, aparıcı xadimlərinin tərcümeyi-halları, portretləri də işıq üzü görmüşdü. Nəşrin 1921-ci ildəki naşiri, Azərbaycanda anadilli müstəqil uşaq mətbuatının banisi Əlisgəndər Hacıbaba oğlu Cəfərzadədir.

Mətbu orqanda Nəriman Nərimanov da yaxından iştirak edir, öz siyasi-publisistik yazılarını oxuculara çatdırırdı. Jurnalın ilk sayında N.Nərimanovun "Maariflər və xalq təsərrüfatını bərpa etmək" adlı məqaləsində yeni tipli sovet cəmiyyətinin təşəkkülünə nəzər yetirilir. N.Nərimanovun bir növ ideoloji proqram mahiyyəti daşıyan siyasi təhlilindən belə anlaşılır ki, yeni cəmiyyətin tərəqqisi üçün texniki bilik və mədəniyyət lazımdır. Bu sahədə peşəkarlar, mütəxəssislər olmadan iri sənaye ölkəsi yaratmağın mümkünsüzlüyünə toxunan Nərimanov təcrübə kimi Rusiyada qurulan "fəhlə və rəncbər-cümhuriyyətinə istinad olunmağı" gərəkli hesab edirdi. N.Nərimanov ideoloji baxımdan sosializmi qəbul etməyən ziyalıları yeni proseslərə cəlb etməyin yolları barəsində də öz mülahizələrini bildirir, "bu cür ziyalıları" ümumxalq işinə məcburən deyil, "vicdan-sövqi" ilə cəlb etməyin əhəmiyyətini önə çəkirdi. O, bu məqalədə göstərirdi ki, elə etməliyik ki, ziyalılar fəhlə-kəndli dövləti uğrunda fədakarlıqla çalışmağa adət etsinlər: "Öz inamımızla onları qüvvətləndirməliyik. Onları çalışmağa cəlb etməliyik. Onları o halətə qoymamalıyıq ki, özlərini daimi sui-zən altında olan adam halətində hiss etsinlər".

"Xalq maarifi" jurnalı

Tədqiqatçı bəyan edib ki, təhsilin sovetləşməsini həyata keçirən yeni hakimiyyət 1920-ci ilin oktyabr ayında "Xalq maarifi" jurnalını təsis edib: "Oktyabrın 15-də yalnız bir nömrəsi çapdan çıxan jurnal maarif komissarı D.Bünyadzadənin "Maarifə dəvət" adlı baş məqaləsi ilə açılırdı. Jurnal Azərbaycan inqilab komitəsinin direktivini, vahid zəhmət məktəbi haqqında ilk əsasnaməni, uşaq bağçaları xüsusunda qanun dərc etdi. Bu mətbu nəşrdə yalnız "Ümumi" və "Rəsmi" adlı iki şöbə fəaliyyət göstərirdi. Dadaş Bünyadzadənin baş məqaləsində Azərbaycan Bolşeviklər Partiyasının və Fəhlə kəndli hökumətinin xalq maarifinə, məktəb şəbəkəsinin genişləndirilməsinə, müəllim hazırlığına böyük qayğı göstərilməsindən söhbət açılır. Müəllifin məqaləsi görüləcək işləri də əhatə edirdi: "... Az keçmədən gecə kursları, cümə məktəbləri, savadsızlar məktəbi, teatrlar, kitabxanalar, qiraətxanalar, sənaye məktəbləri, ictimai-tərbiyə evləri, uşaq bağçaları bütün qəzaları və kəndləri bürüyəcəkdi". M.S.Ordubadi isə "Şura hökumətinin maarif siyasəti" sərlövhəli məqaləsində Sovet Rusiyası məktəblərinin təcrübəsindən xəbərdar olduğunu bildirərək, vahid zəhmət məktəblərinin əsasnaməsini, yeni tədris proqramlarını, sovet dövlətinin maarif siyasətini ən qabaqcıl siyasət kimi təqdir edirdi: "Şuralar hökumətinin düzəltdiyi proqram bəşəriyyətdə uçurulmaz, yıxılmaz surətdə bir mədəniyyət vücuda gətirəcəkdi ki, başqalarının cahangirlik fikri ilə olan hücumlarına o mədəniyyət öz mətanət və qüvvəsini göstərə bilsin". Jurnalın bu sayında "Azərbaycan" qəzetində çalışan F.Ağazadənin (Şərqli) elmi-pedaqoji fikri təşəkkül və inkişaf tarixini öyrənmək üçün ciddi əhəmiyyət daşıyan "Tərbiyənin tarixçəsi" elmi-nəzəri məqaləsi, "Məktəb" jurnalının redaktoru Q.Rəşadın "Əlifbamızı sadələşdirəlim", A.İsrafilbəylinin "Zəif uşaqlar məktəbi" məqalələri dərc olunmuşdu. Mətbuat tariximizin sanballı tədqiqatçılarından olan Mirabbas Aslanov "50 yaşlı jurnal" məqaləsində "Azərbaycan məktəbi" jurnalının 1930-cu ildən nəşrə başlayan "Yeni məktəb"in deyil, "Xalq maarifi"nin varisi olduğunu irəli sürür.

"Sovet kəndi" qəzeti

A.Aşırlı araşdırmasında bildirib ki, 1923-cü il martın 28-də Rusiya KP-nın Zaqafqaziya Ölkə Komitəsi "Kommunist", "Bakinski raboçi" kimi mərkəzi mətbuat orqanları ilə yanaşı, Azərbaycan qəzalarındakı vəziyyəti əks etdirən qəzet yaratmaq üçün qərar qəbul edib. Beləliklə, 1923-cü il iyunun 16-da Bakıda "Kəndçi qəzetəsi"nin ilk sayı çapdan çıxıb. Bu tarixdən respublikamızın sovet dönəmində kütləvi kəndli qəzetinin tarixi başlanıb: "Kommunist" qəzeti redaksiyası əməkdaşlarının köməyi ilə çıxan "Kəndçi qəzetəsi" maddi çətinliklə, poliqrafiya bazasının zəifliyi və jurnalist kadrlarının çatışmazlığı ilə üzləşdi və müvəqqəti olaraq nəşrini dayandırdı. 1923-cü il oktyabrın 12-də qəzetin ikinci sayı oxuculara çatdırıldı və bu müddətdən sonra dövriliyini qoruyub saxlaya bildi. 1924-cü ilin dekabrında isə qəzet "Kəndli qəzetəsi" adlandırıldı və qəzet davamlı olaraq nəşr edildi. Mərkəzi Komitənin orqanı kimi işıq üzü görən "Kəndli qəzetəsi" Azərbaycan kəndinin "sosialistcəsinə yenidən qurulması uğrunda mübarizədə respublika partiya təşkilatlarının yaxın köməkçisi oldu" və "öz təşkilatçılıq" rolunu daha da inkişaf etdirdi. Savadsız və az savadlı oxucu ilə sadə dildə danışmağa başlayan bu mətbu orqan öz səhifələrində "Savadını artır" rubrikası altında maarifçilik hərəkatına qatıldı. İki min nüsxə tirajla işıq üzü görən bu mətbu orqan 1928-ci ildə oxucularının sayını 9 minə çatdırdı. 1928-ci ildə, Zaqafqaziya kəndli qəzetlərinin redaktorlarının müşavirəsində "Kəndli qəzetəsi"nin işi haqqında da məruzə dinlənildi və qəzetin yaradıcılığı yüksək qiymətləndirildi. "Kəndli qəzetəsi" 30-cu illərdə aparılan kollektivləşmə ilə bağlı tədbirlərə cəlb edildi və bu sahədə aparılan təbliğatın avanqardı oldu. Bunu görmək üçün həmin illərin ab-havasını, bütöv mənzərəsini öz səhifələrində qoruyub saxlayan qəzetin sərlövhələrinə nəzər yetirmək kifayətdir: "Yoxsul yoldaş, təsərrüfatı kooperativləşdirməyə çalış", "Güc birlikdədir", "Kollektiv təsərrüfat səni yoxsulluqdan xilas edəcəkdir" başlıqları qəzetin ilk səhifələrində iri şriftlərlə yer alırdı. Texnikanın öyrədilməsi və onun kəndli üçün önəmi də qəzetin əsas təbliğ etdiyi mövzulardan idi. "Traktoru göz bəbəyin kimi qoru", "Kəndlinin sağ əli", "Ancaq maşınla, birliklə yüksələrsən" şüarı ilə işıq üzü görən məqalələrdə kəndlilərin texnikanın gücünə inam yaratmaq məqsədi daşıyırdı. Qəzetin səhifələrində Kommunist Partiyasının və Sovet hökumətinin kənd təsərrüfatına dair qərarları, partiya və dövlət xadimlərinin məruzə və nitqləri müntəzəm çap olunur, oxuculara çatdırılırdı. "Kəndli qəzetəsi"nin nəşr etdirdiyi "Tikan", "Batrak yaşayışı", xüsusən "Yeni kənd" jurnalı kimi əlavələri oxucuların marağına səbəb olurdu. 1932-ci ildə qəzetin növbəti dəfə addəyişməsi baş verdi. 1932-ci ilin fevral ayında "Azərbaycan kolxozçusu" adlanan qəzetin həmin il 1000-ci sayı işıq üzü gördü. 1933-cü ilin ilk ayından "Azərbaycan kolxozçusu" gündəlik nəşrə keçdi. "Azərbaycan kolxozçusu" kənd həyatına aid məsələləri əhatə etməyə çalışır, kənd təsərrüfatına aid yenilikləri, bitki, mal-qara sortlarını təbliğ edir, təsərrüfatın perspektivləri ilə bağlı materiallar çap edirdi. Qəzet təsərrüfat məsələləri ilə yanaşı, mədəniyyət, ədəbiyyat, məişət, idmanla bağlı problemlərə də diqqət göstərir, səhifələrində bu sahələrlə əlaqəli yazılara yer verirdi. 1953-cü ilin iyun ayında qəzetin adı dəyişildi. Həmin ilin iyul ayının 23-dən qəzet "Azərbaycan kənd təsərrüfatı" adı ilə nəşr olundu. Qəzet 1960-cı ilin avqustunda "Sovet kəndi" adı ilə nəşrini davam etdirdi".

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb







SON XƏBƏRLƏR

2018-09-25