2018-09-14 14:56:38   |   261 dəfə oxunub

Orfoqrafiya qaydalarının dəyişdirilməsinə İRAD: "Bu, təkcə alimlərin işi deyil "

Nəriman Əbdülrəhmanlı:"Yazıçılar, şairlər, nasirlər, mətbuat nümayəndələri də müzakirələrdə iştirak etməlidir və hamını təmin edən variant tapılmalıdır"

"Sözlər üzərində bu cür dəyişiklik aparmaq Azərbaycan dilinin poetikasının təsir gücünü azaltmaqdır"



Nəhayət, yeni orfoqrafiya qaydaları təsdiqləndi. Uzun müddətdir, qoşa «y» və «s» samitlərinin işlənməsi, alınma sözlərin yazılışı ilə bağlı müzakirələr, mübahisələr gedirdi. İstər yazarlar, şairlər, istərsə də, media cameəsində mübahisələrə daha sıx-sıx rast gəlinirdi, çünki bu sahənin insanlarının iş materialı məhz sözdür.

Amma artıq müzakirələrə də, mübahisələrə də son qoyulur.
Orfoqrafiya Komissiyasının sentyabrın 13-də keçirilən iclasında Orfoqrafiya qaydaları layihəsinin qəbul edilən maddələrinin tam siyahısı açıqlanıb.

«s»lar düşür, «y»lar qalır

Orqfoqrafiya qaydalarında təklif olunan dəyişikliklər bunlardır:

1. Maddə 31: Avropa dillərindən alınma sözlərdə söz əvvəlində qoşa s samitlərindən birinin düşməsi.
Mövcud variant: ssenari, ssuda.

Təklif olunan variant: senari, suda.

2. Maddə 33: Avropa dillərindən alınma sözlərdə söz sonunda qoşa s samitlərindən birinin düşməsi.
Mövcud variant: boss, brass, ekspress, stress, trass və s.
Təklif olunan variant: bos, bras, ekspres, stres, tras və s.

3. Anti... ön şəkilçisi və trans..., proto... morfemlərinin xüsusi isimlərlə birləşməsi qaydası. Bu ön şəkilçi və mürəkkəb sözlərin hissəcikləri xüsusi isimlərlə birləşdiyi zaman defislə ayrılır və xüsusi isimlər böyük hərflə başlayır.

Təklif olunan variant: anti-Rusiya, trans-Asiya, trans-Avropa, trans-Avrasiya, trans-Qafqaz, proto-Azərbaycan və s.

4. Maddə 40-ın qeydi: Qeyri... və ümum... morfemləri xüsusi isimlərlə birləşdiyi zaman defislə ayrılır və xüsusi isimlər böyük hərflə başlayır.

Təklif olunan variant: qeyri-Avropa, ümum-Azərbaycan, ümum-Avropa, ümum-Bakı, ümum-Rusiya, və s.

5. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri, Azərbaycan Respublikasının Səhiyyə naziri tipli mürəkkəb adlarda sahə bildirən söz (Səhiyyə) böyük, vəzifə bildirən söz (nazir) kiçik hərflə yazılır.

6. Tərkibində lisey, gimnaziya, vəqf, məktəb, fakültə, şöbə sözləri olan mürəkkəb adlarda ilk söz böyük, sonrakı sözlər kiçik hərflə yazılır:

Avropa liseyi, Dəyanət vəqfi, Humanitar fənlər gimnaziyası, Humanitar siyasət məsələləri şöbəsi, Uşaq-gənclər şahmat məktəbi, BDU-nun Filologiya fakültəsi, Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsi

7. Fəxri adların özək hissəsini təşkil edən ilk söz böyük hərflə, sonrakı söz kiçik hərflə yazılır: Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq şairi və s.

Orfoqrafiya komissiyasının iclasında qoşa «y» samiti ilə bağlı yekun nəticə də açıqlanıb. Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, müzakirələrdə çoxluq qoşa «y» samitinin saxlanmasından yana səs verib.

Qoşa «y» samitinin birinin düşməsi ilə bağlı maddənin əleyhinə 137, lehinə isə 52 səs verib. İ.Həbibbəyli qeyd edib ki, orfoqrafiya lüğətinin müzakirəsi azad və sərbəst şəkildə aparılıb. Son qərar ictimai fikrə əsaslanıb.

O da qeyd edilir ki, layihə Nazirlər Kabinetinin müvafiq qərarından sonra təsdiqlənəcək.

Yazıçı isə etiraz edir

Dəyişikliklərə etiraz edənlər də var. Hətta belə fikirlər səslənir ki, dövlət vəsaiti lazımsız işlərə sərf olunur. 21-ci əsrdə dünyanın daha qlobal məsələlərlə məşğul olduğu bir vaxtda biz orfoqrafiya lüğəti müzakirələri aparırıq. Deyək ki, «ssenari» sözündə bir «s» ixtisar edilirsə, bu, prinsip etibarilə nəyi dəyişir ki?! Uşaqlarımız indi də «təyyarə» sözünün bir «y», yoxsa iki «y» ilə yazılıb-oxunmasının «dərdini»mi çəksin?!.

Yazıçı-publisist, tərcüməçi Nəriman Əbdülrəhmanlı «Sherg.az»a açıqlamasında orfoqrafiya qaydalarının yenidən işlənməsinə o qədər də ehtiyac olmadığını dedi:

- Qoşa samitlərdən imtina sözün təsir gücünü azaldır. Hər sözün energetikası var. «Ssenari» sözünün təsir gücü ilə «senari» sözünün təsir gücü eyni ola bilməz. Eləcə də, qoşa «y» samitindən imtina
bizim üçün sözün tələffüzündə ciddi dil və səslənmə problemləri yarada bilər. Götürək, «ssuda» sözünü. «Ssuda» iqtisadi termindir, dilimizə xarici dildən keçən sözdür. İndi bu sözdə «s»nın birini ixtisar edəndə söz «suda» oxunacaq. «Ssuda» sözü ilə «suda» sözünün fərqi görünmür?!. Sözlər var ki, yalnız tələffüzlə nəyə aid olduğunu bilmək mümkündür. Sözün anlaşılmasında tələffüzün rolu çox böyükdür. Vurğu qaydaları var. Bunlara əməl edilməlidir. Sözdə hərfləri dəyişməklə təkcə forma yox, həm də hissi dəyişiklik baş verir. Sözlər üzərində bu cür dəyişiklik aparmaq Azərbaycan dilinin poetikasının təsir gücünü azaltmaqdır.

N.Əbdülrəhmanlı qeyd etdi ki, belə dəyişikliklər geniş ictimai müzakirələrdən sonra qəbul edilməlidir:

- Mənim iradım budur ki, geniş ictimai müzakirələr keçirilməlidir. Orfoqrafiya qaydalarının dəyişdirilməsi təkcə alimlərin işi deyil. Yazıçılar, şairlər, nasirlər, mətbuat nümayəndələri də müzakirələrdə iştirak etməlidir və hamını təmin edən variant tapılmalıdır. Məncə, geniş müzakirələrdən sonra qəbul edilən dəyişikliklər daha xeyirli olardı.

Məlahət Rzayeva







SON XƏBƏRLƏR

2018-11-21
2018-11-20