2018-09-14 15:18:01   |   187 dəfə oxunub

Bilmirsən kimi-kimə sevdirəsən

Ər-arvad arasındakı gərginliklər, övladlarına qarşı soyuq münasibətlər həddindən artıq çoxalıb



Psixoloq-konsultant Arzu Müzəffərova günü-gündən artan boşanma statistikasından və ailələrin dağılmasına başlıca səbəb olan amillərdən danışıb: "Hər kəsin həyatda öz doğruları var. Bir psixoloq kimi evlənənlərin də yanındayıq, boşananların da".

Psixoloqun sözlərinə görə, boşanmaların sayının artmasının başlıca səbəbi situasiyalar nəticəsində cütlüklərin bir-birlərinə düşmən kəsilməsidi. Çox az cütlüklər var ki, mədəni şəkildə ayrılıq qərarı versinlər: 

"Mən faktlara görə danışacam. O qədər səbəb var ki, onları sadalamayacam. Mən nə haqq qazandırmaq, nə də qınamaq fikrindəyəm. İnsanlar zamanla münasibət qururlar və həyatını necə, kiminlə yaşayacağını müəyyən edir. Hər kəsin fərqli psixikası olduğu üçün baş verən situasiyalarda necə addım atılacağı da zamana bağlıdır. Evlənmək və ya boşanmaq da bu dediklərimə daxildi. Evlilik müqəddəslik rəmzidir, amma gənclər bunun fərqində deyillər. Boşanan cütlüklərlə terapiya zamanı bunu müşahidə etmişəm. Ər-arvad arasındakı gərginliklər, övladlarına qarşı soyuq münasibətlər həddindən artıq çoxalıb. 

Bilmirsən kimi - kimə sevdirəsən. Bu mənim qanımdı, canımdı fərqindəliyi olmayan o qədər cütlüklər var ki. Ərə gedən qızların şüur altında ər məni saxlamalıdı, istədiyimi almalıdı, qa dedim qa, qu dedim qu düşüncəsi ilə hərəkət edirlər. Qarşı tərəf bu potensiala malik olmayanda isə münasibətlər gərginləşir, mübahisələr artır. Kişilərin də evləndikləri qadına əşya kimi münasibət bəsləmələri evliliyi təhlükə altına salır.

Maddiyat, mən elə bilirdim məni sevir, qayınanam qarışır, xəyanətə uğradım, məni aldatdı, sonra anladım ki, yanlış edib evlənmişəm kimi fikirlər çoxalır. Belə hallar heç də xoşa gələn hallar deyil".
Arzu xanımın sözlərinə görə, ən böyük məsələ boşanan cütlüklərin aralarındakı səbəbləri aşa bilməməsidi. Aradakı soyuqluq da məhz belə hallarda meydana çıxır: "Evlilik planlaşdıran cütlüklərlə də görüşüb terapi aparıram. 

Çox qəribədir ki, gələcək haqda indidən hər iki tərəf tədbirli danışırlar. Evlənəcəyik, amma görsək ki, alınmır, hamı necə biz də elə, boşanarıq. Əlbəttə, bu, hər kəsin öz seçimidir. Evlənmək də boşanmaq da. Amma problem budur ki, artıq evliliyə müqəddəs dəyər kimi baxan insanların sayı barmaqla göstəriləcək qədər azdır. 

Düzdür, övladına, xanımına, yoldaşına sahib çıxmaq, onlara sevgi vermək hər cütlüyə nəsib deyil. Bəzi boşanan cütlüklər ikinci evliliyin şanslı olacağını düşünürlər. Yəni o da mənim kimi boşanmış olacaq və məni anlayacaq düşüncəsi ilə ikinci evliliyi qururlar. Bu da hər iki tərəfin keçmişində olan travmaları situasiyalar nəticəsində tətikliyir".

Şəymən







SON XƏBƏRLƏR

2018-11-20