2018-09-14 15:23:12   |   231 dəfə oxunub

Agentliyin tikdiyi piyada keçidində biabırçılıq: Qadınlar keçə bilmir - VİDEO



Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yeni yerüstü piyada keçidi istifadəyə verilib. Əlbəttə, ilk əvvəllər bu həmin ərazilərdə yaşayan sakinləri sevindirdi. Çünki illərdir yolu keçməyə əziyyət çəkirdilər. Amma keçid istifadəyə veriləndən sonra yenə də xanımlar həmin keçiddən istifadə edə bilmirlər. Elə bu günlərdə ərazidə piyadalara qarşı reyd zamanı Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 1-ci tağımının əməkdaşları maraqlı mənzərə ilə qarşılaşıb. Diqqət olunub ki, əksər xanımlar piyada keçidindən istifadə etmirlər. Səbəbi isə nə qədər qəribə olsa da birbaşa milli dəyərlərə söykənir.

Belə ki, keçidin sağ və sol tutacaqları dəmir barmaqlıqlardan ibarətdir. Yəni keçidin yanları bağlı olmadığı üçün xanımlar ordan keçəndə ətrafdakı iaşə obyektlərində olan şəxslər aşağıdan yuxarıya baxdıqda xoşagəlməz mənzərə ilə qarşılaşır. Sakinlər deyir ki, heç bir kişi öz xanımına ordan keçməyə icazə vermir.

Ona görə də yoldakı beton plitələr aşırılır və qadınlar üçün yol açılır. DYP nə qədər nəzarət etsə də sakinlərin haqlı narazılığı qarşısında bir söz deyə bilmirlər.

Əlbəttə, bu hal ciddi narazılıq doğurur. Sakinlər deyir ki, körpünü tikən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bunu nəzərə almalı idi. Heç olmasa körpünün sağ və sol tutacaqları örtülü olmalı idi.

"Bizim milli dəyərlərimiz var. Ona görə də heç kim ailəsinin ordan keçməsinə icazə vermir. Dəfələrlə Abşeron rayon icra hakimiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, yol idarəsinə müraciət etmişik. Heç bir tədbir görülmür. Bu qədər vəsait xərclənib, keçid tikilib, lakin kiçik bir səhv ucbatından bundan istifadə olunmur. Xahiş edirik ki, aidiyyəti qurumlar bunu nəzərə alsınlar və pilləkənlərin sağ və sol hissələri örtülsün" deyə müraciət edən sakinlər bildiriblər.

Ümidvarıq ki, aidiyyəti qurumlar bu məsələni tezliklə həll edəcək. Avtosfer.az ərazidən çəkilmiş videonu təqdim edir:







SON XƏBƏRLƏR

2018-09-22
2018-09-21